Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

“Milyardları olan Azərbaycan” niyə yenə də borc axtarır?


"Financial Times" yazır ki, Azərbaycan hakimiyyətinin nümayəndələri 2 milyard dollar vəsait əldə edilməsi məqsədilə cümə axşamı beynəlxalq investorlarla görüş keçiriblər

Azərbaycan hakimiyyətinin nümayəndələri ölkənin ən böyük enerji layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar vəsait əldə edilməsi məqsədilə cümə axşamı beynəlxalq investorlarla görüş keçiriblər.

Bu barədə məlumatı “Financial Times” qəzetinin Moskva və London müxbirləri Jack Farchy və Elaine Moore veriblər.

Məlumatda deyilir ki, Cənub Qaz Dəhlizi Şirkəti hökumət bondlarının satışa çıxarılması üçün UniCredit, Citi və JPMorgan şirkətlərini kirayələyib.

FT-nin məqaləsində deyilir ki, Azərbaycan, neft qiymətlərinin düşməsi və bunun ardınca yaranmış çətin iqtisadi durumla əlaqədar 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsində özünün 12 milyard dollar payını verməkdə problemlərlə üzləşib.

Azərbaycan tərəfi bu pulu qarşıdan gələn üç il ərzində ödəməlidir.

Bu da qeyd olunur ki, az əvvəl Azərbaycan hölkuməti maliyyə paketi məsələsini Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə də müzakirə etmişdi.

Məqalədə deyilir ki o vaxt Azərbaycan rəsmiləri ölkənin 30 milyard dollarlıq suveren fondunun olmasında və əslində borca ehtiyacları olmadığında israr edirdilər.

İnsan haqları, kredit reytinqi, ekologiya...

“Financial Times” Azərbaycanın borc almasında çətinlik yaradan amillərdən də söz açıb. Qeyd edilir ki, son iki ay ərzində dünyanın bütün aparıcı reytinq agentlikləri ölkənin kredit reytinqini ən aşağı həddə endiriblər. Onlar həmçinin xəbərdarlıq ediblər ki, Azərbaycan 1990-cı illərdən bu yana ilk resessiyasını yaşaya bilər.

"Financial Times" yazır ki, Bakının borc almasına insan haqlarının vəziyyəti də mane olur
"Financial Times" yazır ki, Bakının borc almasına insan haqlarının vəziyyəti də mane olur

Qəzet yazır ki, Bakının borc ala bilməməsinin siyasi və ekoloji səbəbləri də var. Bunlardan birincisi ölkədəki insan haqlarının vəziyyəti və ikincisi isə sözü gedən layihənin mümkün ekoloji riskləridir.

Azərbaycanın borc almaq cəhdləri ilə bağlı son zamanlar tez-tez səslənən suallardan biri də rəsmilərin dediyi kimi 30 milyard dollarlıq ehtiyat fondu olan ölkənin niyə borc axtarmasıdır.

Tanınmış alim, ABŞ-ın Duke Universitetinin iqtisadiyyat professoru, İqtisadi Tədqiqatlar Mərkəzinin analitiki Qubad İbadoğlu bu barədə AzadlıqRadiosuna şərh verərkən deyib ki, “Financial Times” qəzetində dərc edilmiş yazı ilə tanışdır və hətta Azərbaycan hökumətinin 2 milyard dollarla bağlı martın sonunda Dünya Bankı ilə danışqıları davam etdirəcəyindən də xəbərdardır.

Əldə pul yoxdur

Qubad İbadoğlu bildirib ki, ölkənin 33 milyard dollar pulunun olmasına baxmayaraq borc axtarmasında iki məntiq var.

“Birincisi borcu elə o ehtiyata görə verə bilərlər, çünki bu halda ehtiyat fondu borc üçün zəmanət sayılacaq. İkincisi, borc uzunmüddətlidir, yəni onu bir çox hallarda on ildən sonra da qaytarmağa başlamaq mümkündür” – deyib ekspert.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu bildirib ki, Azərbaycanın əlində pul və depozit şəklində vəsaitlər azdır.

O deyib ki, Neft Fondunun vəsaitinin çoxu qiymətli kağızlarda, borc öhdəliklərində, əmlakda və qızıldadır.

“Hökumət həmin puldan istifadə etmək üçün müəyyən müqavilələri pozmalı olardı və o zaman isə itkilərə yol verilərdi. Başqa sözlərlə, qiymətli kağızlar və əmlak dəyər-dəyməzinə satılardı” – deyib iqtisadçı.

Ekspertin sözlərinə görə, burada siyasi məqam da var və hökumət beynəlxalq təsisatlarla əməkdaşlıq etdiyini göstərmək istəyir.

“Bir amili də nəzərə alın ki, ölkənin kredit reytinqi getdikcə pisləşir, 1-2 ildən sonra bizə krediti daha yüksək faizlərlə verəcəklər. Ona görə də çalışırlar ki, hazırda aşağı faizlə kredit müqavilələri bağlasınlar” – deyib Qubad İbadoğlu.

İki proqnoz

“Financial Times” yazır ki, Azərbaycanın düşdüyü durumu beynəlxalq ekspertlər birmənalı dəyərləndirmirlər.

Məsələn GPW konsaltinq firmasının Mərkəzi Asiya və Qafqaz eksperti Livia Paggi neft qiymətlərinin düşməsini SOCAR üçün “əsl fəlakət” adlandırır və deyir ki, şirkət layihə üçün pul tapmaqda böyük çətinliklərlə üzləşəcək.

Bəzi ekspertlər isə düşünürlər ki, Azərbaycan investisiya krediti baxımından hələ də cazibəli görünür.

Aberdeen Asset Management şirkətindən investisiya eksperti Anthony Simond “Financial Times” qəzetinə bildirib ki, neft qiymətləri bir barrel üçün 35-40 dollar civarında sabitləşərsə, ölkənin durumu normal olacaq.

XS
SM
MD
LG