Britaniya sentyabrın 26-da Rusiyaya Ukraynada keçirdiyi referendumlara görə sanksiyalar elan edib.
Rusiya referendumları Ukraynada işğal etdiyi ərazilərdə - qondarma LXR və DXR-də, habelə Xerson və Zaporojye vilayətlərində keçirir.
Londonun yeni sanksiyaları 92 Rusiya və Ukrayna vətəndaşını, habelə Goznak və bir neçə firmanı, o cümlədən dörd milyarderi hədəfləyir.
Britaniya hökumətinin bəyanatında deyilir:
"Rusiya rejimi bu saxta referendumları Ukrayna torpaqlarını qəsb etmək və öz qanunsuz müharibəsinə haqq qazandırmaq üçün keçirir. Bu proses dezinformasiya, adamların təhdid edilməsi və saxtalaşdırılmış nəticələrlə tamamilə 2014-cü ildə Krımın ilhaqını əks etdirir”.
Referendumu təşkil edənlər
Sanksiya siyahısına salınanların bir hissəsi referendumların təşkilində iştirak edənlər, digər hissəsi isə Rusiya müdaxiləsinə təşkilatçılıq edənlər və maliyyə dəstəyi verənlərdir.
Məsələn Goznak şirkəti işğal olunmuş ərazilərdə paylanan Rusiya pasportlarını çap edib.
Ima Consulting şirkəti isə Rusiyanın işğal etdiyi ərazilərdə keçirilən referendumları reklam etdiyinə görə sanksiya siyahısına salınıb.
Bundan başqa sanksiya siyahısında daşınmaz əmlak sahəsində çalışan “Kiyevskaya ploşad” şirkətinin şərikləri Azərbaycan əsilli Qod Nisanov və Zarax İliyev, Ural Dağ Mədən şirkətinin başçısı İskander Mahmudov da var.
Britaniya hökuməti bildirir ki, Putin müharibənin davam etdirilməsi üçün hələ də oliqarxlara və elitaya arxalanır.
Yeni sanksiya siyahısına Sberbank, Gazprombank və Sovkombank bankları idarə heyətinin 55 üzvü salınıb.
Bunlar Ukraynada işğal olunmuş ərazilərin “hökumətlərinə” daxil olanlardır.