Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:09

Bu hakimləri 1500 manat pensiya qane etmir


Ə.Seyidov
Ə.Seyidov

Azərbaycanda bir sıra ictimai-siyasi fəalların işinə baxıb, onlar haqqında hökm çıxarmış hakimlər özləri indi məhkəmələrdə hüquqlarının müdafiəsinə qalxıb. Məsələn, Ənvər Seyidov, Azər Orucov...

2019-cu ilin martında 70 yaşı tamam olandan sonra yaş həddiylə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilən Ə.Seyidov keçmiş müdafiə naziri Rəhim Qazıyevin işindən tutmuş, keçmiş OMON-çular, «Səid Dadaşbəylinin dəstəsi» işi və başqa hökmlərə imza atıb. Onun ən son çıxardığı səs-küylü hökmlərdən biri isə mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan bir gün sonra narkotik ittihamıyla həbs olunan Qiyas İbrahimovun işi olub. Dövlət ittihamçısı Q.İbrahimova 9 il həbs istəsə də, o, 10 il cəza kəsmişdi. Gənc fəal bu ilin martında əfv fərmanıyla azadlığa çıxıb.

«Azadlıq» qəzetinin yazarı, satirik-şair Mirzə Sakit haqqında hökmü isə A.Orucovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarmışdı. Hüquq müdafiəçisi Hilal Məmmədova 5 illik həbs hökmünü də A.Orucov oxumuşdu.

Azərbaycanda hakimlərin pensiyası 1500 manatdan başlayır. Adları çəkilən hakimlər isə onlara təyin edilən pensiyanın artırılmasını tələb edirlər. Hər ikisi də iş təcrübəsini əsas gətirərək bu məqsədlə məhkəməyə üz tutub.

A.Orucovun Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsinə qarşı iddiası təmin edilib. Məhkəmə qərar verib ki, onun pensiyasının artırılması məsələsinə baxılsın.

Ə.Seyidovun şikayəti üzrə məhkəmə isə avqustun 22-də başlayacaq. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verib.

Ə.Seyidovun son iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Bundan öncə isə o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, həmçinin Cəlilabad Rayon Məhkəməsinin sədri işləyib.

XS
SM
MD
LG