Gələn ilin büdcəsinin yarısını neft gəlirləri təşkil edəcək. Bu barədə Maliyyə Nazirlyinin büdcə layihələri təqdimatında deyilir. Bildirilir ki, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 49,2% və ya 7 milyard 855 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 milyard 370 milyon manat və ya 14,9% azdır.
Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7%-ni Dövlət Neft Fondundan (DNF-dən) transfertlər (cari ilin proqnozu ilə müqayisədə 19,9% az), 22,3%-ni isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 9% çox) təşkil edir.
Buna da bax: Azərbaycanın 37 şəhər və rayonu öz-özünü dolandıracaq
Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1 milyard 280 milyon manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475 milyon manat nəzərdə tutulur.
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8% və ya 8 milyard 100 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503 milyon manat və ya 6,6% çoxdur.
Buna da bax: Ekspert: OPEC razılaşması neftin qiymətini 2-3 dollar qaldıracaq
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 67,3%-ni qeyri-neft sektorundan daxilolmalar, 27,2%-ni Dövlət Gömrük Komitəsindən (DGK-dən) daxilolmalar, 5,5 %-ni isə digər gəlirlər təşkil edir. 2016-cı ilin proqnozu ilə müqayisədə vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 1%, DGK-dən 21,5%, digər gəlirlər isə 15% çoxdur.