2023-cü il üçün dövlət büdcəsinin layihəsi açıqlanıb. Layihəyə görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat proqnozlaşdırılır. Bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 522.9 milyon manat və yaxud 5.2 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci illə müqayisədə 996.2 milyon manat (3.1 faiz) artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır .
Neftin proqnoz qiymətləri 50 dollar səviyyəsində müəyyənləşdirilib. Bu il bu rəqəm 85 götürülüb. Hazırda Azərbaycan neftinin bir bareli 90 dollardan baha satılır.
Sənəddə həmçinin, gələn il üçün inflyasiya proqnozları 6.9 faiz təşkil edir. Bu da o deməkdir ki, hökumət inflyasiya ilə bağlı hazırkı rəsmi rəqəmləri iki dəfədən çox aşağı salmaq niyyətindədir.
"Gəlirlərimiz artdıqca xərclər…"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, büdcənin həm gəlir, həm xərc hissəsinin artması birbaşa iqtisadiyyatın, Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlıdır: "Pandemiya ilini (2020) çıxmaq şərti ilə bizdə, demək olar ki, hər il iqtisadiyyat artır. Artım 3.5 faizdən 6 faizə çatıb. Gəlirlərimiz artdıqca xərclərin artırması üçün imkan yaranır. Biz büdcəmizi planlı və proporsional şəkildə inkişaf etdirməyə çalışırıq".
Neftin qiymətinə gəlincə, R.Quliyev deyib ki, bu il qiymət 100 dollar ətrafında idi və bu, Azərbaycanı tam qane edir: "Digər tərəfdən, Azərbaycan neft və qazı yalnız hasil edən ölkədən böyük regional tranzit oyunçuya çevrilib. Bunun hesabına gəlirlər də artıb".
Deputat vurğulayıb ki, dövlət büdcəsi həmişə sosialyönümlü olub: "Yəni, büdcənin xərclər hissəsinin 37-38 faizi həmişə sosial məsələlərə yönəlir. Vacibliyinə görə ikinci yerdə büdcədə həmişə müdafiə xərcləri dayanır. Həm də biz Qarabağı yenidən tikirik".
Layihədə bərpa işlərinə 3 milyard ayrılması nəzərdə tutulur. Əvvəlki illər bu, 2.5 milyard təşkil etmişdi.
"Bu da inflyasiyanın enməsinə səbəb olacaq"
Deputatın sözlərinə görə, dövlət makroiqtisadi instrumentlərlə inflyasiyaya qarşı mübarizə aparır: "İnflyasiyaya qarşı mübarizə üçün ən yaxşı üsul ölkə daxilində istehsal olunan əmtəə ehtiyatlarının toplanmasıdır. Təklif artırsa, bu, qiymətlərin aşağı düşməsini şərtləndirir. Ölkədə istehsalçıların sayı artır, mikro, makro və orta biznes inkişaf edir, bu da inflyasiyanın enməsinə səbəb olacaq".
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti büdcədə proqnozlaşdırılan neft qiyməti ilə bağlı uzun illərdir primitiv, amma, hələlik, effektiv yanaşma ortaya qoyub: "Əvvəl neftin qiymətini çox aşağı götürür və özünü sığortalayır, sonra isə ilin ortasında büdcədə göstərilən neftin qiymətini artırır və büdcə parametrlərini dəyişdirir. Yəqin ki, gələn il eyni şey olacaq".
"Nəyin hesabına?"
Onun sözlərinə görə, büdcənin gəlir və xərc hissəsi da sanki hansısa alqoritmə bağlıdır: "Hər il, demək olar ki, faiz nisbətində eyni qaydada artır. Bu da daha çox iqtisadiyyatın ağardılmasından qaynaqlanır. Gələn il də vergi və gömrük daxilolmalarının artması nəzərdə tutulur. İnflyasiyanın yüksək olduğu, real gəlirlərin artmadığı bir dövrdə vergi və gömrük rüsumlarının azaldılmasına getmək daha doğru olardı".
İnflyasiya səviyyəsinə gəlincə, iqtisadçının fikrincə, Azərbaycan hökuməti hər hansı rəqəm açıqlayanda onun izahını da verməlidir: "Sənədə görə, inflyasiya gözləntiləri iki dəfə azaldılır. Nəyin hesabına? Daxili istehsalın artması hesabınamı, gömrük rüsumlarının hesabınamı, yoxsa xaricdəki inflyasiya gözləntilərinə əsasən? Dünyada gedən proseslər onu deməyə əsas verir ki, gələn ilin ən azı ortalarına qədər avrozonada, qonşu ölkələrdə inflyasiya dalğası, əksinə, sürətlənəcək. Orada inflyasiya sürətlə gedirsə, Azərbaycan hökuməti idxal inflyasiyasını necə azaldacaq?".
"Problem şəffaflıqla bağlıdır"
N.Cəfərli qeyd edib ki, beynəlxalq parametrlərə görə, büdcənin 40 faizi sosial xərclərə yönəlirsə, bunu sosialyönümlü saymaq olar: "Problem ondadır ki, bu sosial xərclər təsnifatı prinsipi Azərbaycanda fərqlidir. Azərbaycanda 1 milyon 750 minə yaxın muzdla çalışanların 1 milyona yaxını büdcədən maliyyələşir, 1.3 milyona yaxın təqaüdçü var. Onlara ödənilən maaş və təqaüdlərin həcmini hesablayanda bu, kifayət qədər böyük məbləğ edir. Təhsilə və səhiyyəyə ayrılan xərclər də artırılır və bu, sosialyönümlü sayılır. Amma orda təmir-tikinti işlərinin aparılması daha çox yer alır. Yəni, bu təmir-tikinti işləri sosialyönümlü olmasa da, təsnifatda yer alır".
Onun hesablamalarına görə, gələn ilin büdcəsində də təmir-tikinti və dövlət satınalmalarına böyük məbləğdə vəsait ayrılacaq: "İşğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyard, dövlət satınalmaları və tenderlərə 7.8 milyard, ümumilikdə isə 10.8 milyard manat ayrılır. Bu da büdcənin 30 faizini təşkil edir. Təbii ki, işğaldan azad olunmuş torpaqlar bərpa olunmalıdır, amma burada problem şəffaflıqla bağlıdır".