Abdullah Gül İlham Əliyevə zəng edib
Aprelin 5-də Türkiyənin keçmiş prezidenti Abdullah Gül dövlət başçısı İlham Əliyevlə telefonla danışıb.
Bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Abdullah Gül Dağlıq Qarabağda qoşunların təmas xəttində Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Keçmiş prezident Türkiyənin daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.
Putindən çağırış
Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon söhbətində Dağlıq Qarabağda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
Jurnalistlər atəşə tutulub
Aprelin 5-də səhər saatlarında Tərtər rayonunun Qapanlı kəndində çəkiliş aparan jurnalist qrupu atəşə tutulub. Bu haqda AZƏRTAC xəbər verir.
ATƏT-in Minsk Qrupu qınayır
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını qınayır.
Minsk Qrupu həmsədrlərinin aprelin 5-də yayılan bəyanatında belə deyilir. Report-un xəbərinə görə, bəyanatda diplomatlar münaqişənin hərbi yolla həllinin mövcud olmadığını bildiriblər.
“Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir” - deyə bəyanatda qeyd olunub.
Vasitəçilər həmçinin qeyd edib ki, Minsk qrupuna üzv dövlətlər Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin səylərini dəstəkləyir, münaqişə tərəflərinin mümkün qədər tez bilavasitə məsləhətləşmələr üzrə planlarını alqışlayır.