Naxçıvan atəşə tutulur
«Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasındakı Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub».
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.
Nazirlik bildirir ki, aprelin 5-də saat 12:10-dan başlayaraq aprelin 6-sı saat 12. 56-dək bu rayonlardakı mövqelər Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlardan atəşə tutulub.
Məlumatda qeyd edilir ki, qarşı tərəfə cavab atəşləri atılıb.
Tərəflər aprelin 5-i saat 12-dən etibarən cəbhədə əməliyyatların durdurulması ilə bağlı razılığa gəliblər. Bu razılaşma Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib.
Azərbaycanın olduğu deyilən kamikadze dron
Dağlıq Qarabağda erməni könülllülərinin avtobusuna çırpılan və 7 nəfəri öldürən kamikadze drounun videosu yayılıb.
AzadlıqRadiosunun erməni xidmətinin çəkdiyi dronun İsrail istehsalı olduğu, "Harop" adlandığı bildirilir.
Azərbaycan tərəfi avtobusun məhvini təsdiqləsə də, bu videoya münasibəti hələ ki bilinmir.
Pilotun ailəsi məlumat istəyir
Aprelin 2-də cəbhədə hərbi əməliyyatlar zamanı vurulmuş "Mİ-24" helikopterinin ekipaj üzvlərindən hərbi pilotun ailəsi məlumat istəyir. Hərbi pilot Təbriz Musazadənin atası Tariyel Musayev Müdafiə Nazirliyinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.
Nazarbayev Əliyevə zəng edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 6-da ölkə başçısı İlham Əliyevə telefonla zəng edib. Bu haqda Prezident.az xəbər verir.
Xəbərdə bildirilir ki, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib.