Putin narahatdır
Rusiya prezidentinin mətbuat xidmətindən Dmitry Peskov bildirib ki, Vladimir Putin Dağlıq-Qarabağda baş verən hərbi münaqişədən dərin narahatlıq keçirib.
Putin tərəfləri təmkinli olmağa və atəşkəs sazişinin tələblərinə əməl etməyə çağırıb.
Rusiya xarici işlər naziri Sergei Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefonla danışıb.
«Rusiya inanılmaz canfəşanlıq edir»
«Rusiya tərəfindən inanılmaz dərəcədə canfəşanlıq müşahidə olunur. Əvvəllər bundan da şiddətli atəşkəs pozuntuları olub. Amma Rusiyadan belə reaksiya göstərilməmişdi. İndi isə Rusiya hər səviyyədə – həm prezident, həm müdafiə naziri, həm Xarici İşlər Nazirliyi, həm parlament səviyyəsində bu işə qarışıb. Bu, bəlkə də Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqton səfərinə bir cavab kimi görünür».
Bunu AzadlıqRadiosuna Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir.
Ekspert hazırkı hərbi əməliyyatların bütün cəbhəboyu genişmiqyaslı döyüşlərə çevriləcəyinə inanmadığını da bildirir: «Ona görə ki, erməni tərəfinin belə planı, fikri yoxdur. Onlar özlərinin və havadarlarının köməyi ilə istədiklərindən də çox torpaq tutublar. İndi də torpaqları işğal atında saxlamaq istəyirlər. Son 20 ilin tarixi göstərir ki, Azərbaycan tərəfi də hərbi əməliyyatlara əl atıb torpaqları azad etmək fikrində deyil».
Sarkisian iclas çağırır
Ermənistan prezidenti Serzh Sarkisian aprelin 2-də Milli Təhlükəsizlik Şurasını toplayır.
«Toplantının gündəliyində - Dağlıq Qarabağın təmas xəttində Azərbaycanın aqressiv hərəkətləri və bununla bağlı digər məsələlər durur»,- deyə Ermənistan prezidentin mətbuat katibi bildirib.