Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:19

«Gömrük işçisidir deyə cinayəti ört-basdır etmək istəyirlər»


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«İki ahılı yarımcan edib. Ancaq gömrük işçisi olduğundan başımıza gələnlərlə bağlı tədbir görülmür. Əli cibində ortalıqda gəzir, sanki iki nəfəri bu adam şikəst etməyib. Nə bir maraqlanır, nə də bir dəfə dərman alıb gətirir».

Cəlilabadın Uzuntəpə kənd sakini, 7 övlad sahibi olan Nurəddin Nəsirovun şikayəti Biləsuvar gömrüyünün əməkdaşı Rəmiş Əliyevdəndir. Deyir, bu il aprelin 23-də səhər saatlarında Rəmiş Əliyev idarə etdiyi avtomobillə onun avtomobilini vurub. Nəticədə o və həyat yoldaşı ağır xəsarət alıb:

«İŞİ ÖRT-BASDIR ETMƏYƏ ÇALIŞIR»

«Cəlilabaddakı işıq idarəsinin qabağında maşını saxlayıb düşmək istəyəndə, Rəmiş Əliyev idarə etdiyi «Mercedes»lə mənim maşınıma çırpıldı. Hadisə yerinə təcili yardım gəldi və yoldaşımla mən rayonun mərkəzi xəstəxanasına götürüldük. Mənə qapalı kəllə-beyin travması, başın orta təpəsinin cırılmış yarası və sağ gözün kontuziyası diaqnozu qoyuldu. Həyat yoldaşım daha ağır yaralanmışdı – qabırğaları sınmışdı. Avtomobilim də yararsız vəziyyətə düşmüşdü. Hadisəyə səbəb Rəmiş Əliyevin avtomobili sürətlə idarə etməsi olmuşdu».

Nurəddin Nəsirov deyir, Rəmiş Əliyevə görə sağlamlıqlarını itirsələr də, səbəbkar indiyədək onlarla maraqlanmayıb:

«Bircə dəfə xəstəxanaya gəldi, vəziyyəti öyrənib çıxıb getdi. Xəstəxana xərclərini özümüz çəkdik. Həyat yoldaşımın vəziyyəti hələ də ağırdır. Müalicəyə xeyli pul xərcləmişik, hamısı da borc-xərclə… Gömrükdə işlədiyindən, imkanlarından istifadə edərək işin ört-basdır edilməsinə çalışır».

«GÜNAHKAR ÖZÜDÜR»

Biləsuvar gömrüyünün işçisi Rəmiş Əliyevsə razılaşmır:

«Bu iş prokurorluqdadır. Yekunlaşmaq üzrədir. Bu gün-sabah məhkəməyə çıxarılacaq. Mən o ailəylə maraqlanırdım, ancaq o adam məndən çox şeylər tələb edirdi. Gömrük işçisi olmağımdan istifadə edib, məni əlavə xərclərlə yükləmək istəyir. Mən də demişəm ki, «məhkəməni gözləyək». Kimin günahkar olduğunu məhkəmə deyəcək. Hər yerə yazır, nazirə də, prokurora da… Halbuki, hadisənin baş verməsində günahkar özüdür. O özü mənim yoluma çıxıb və qəza baş verib. Bu, qəzadır, quldurluq, oğurluq etməmişəm, yol qəzası hamının başına gələ bilər».

Cəlilabad rayon Prokurorluğundan isə «Qaynar xətt»ə bildirilib ki, istintaq yekunlaşıb, cinayət işi baxılması üçün bu yaxınlarda məhkəməyə göndəriləcək. Prokurorluqdan əlavə məlumat verilməyib.

XS
SM
MD
LG