Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Azərbaycan-Çin ticarətindəki 1 milyard dollarlıq artımın səbəbləri


Son iki ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi iki dəfə artıb.
Son iki ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi iki dəfə artıb.

Ötən il Azərbaycanın ticarət dövriyyəsində ən çox artım yaşanan ölkələrdən biri Çindir. Daha bir il öncə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2.1 milyard dollar olmuşdu. Ötən il bu göstərici təxminən 1 milyard dollar artaraq 3.1 milyard dollara çatıb. Beləcə, bir il içində Azərbaycan və Çin arasındakı ticarət dövriyyəsi təxminən 48 faiz yüksəlib. 2021-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1.6 milyard dollar idi. Deməli, son iki ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi iki dəfə artıb.

O da var ki, sözügedən ticarət, demək olar, sadəcə Çinin Azərbaycana ixracından ibarətdir. Ötən il Azərbaycan Çindən 3 milyard 22 milyon dollarlıq məhsul alıb. Bu o deməkdir ki, Azərbaycan və Çinin ticarət dövriyyəsinin 97.5 faizi Çinin Azərbaycana, cəmi 2.5 faizi isə Azərbaycanın Çinə ixracından ibarət olub. 2023-cü ildə Azərbaycanın Çindən idxalının dəyərcə 1 milyard dollar artması hesabına Çin Azərbaycanın idxalında Türkiyəni qabaqlayaraq ikinci yerə yüksəlib. Ötən il Azərbaycanın idxalında Çinin payı 17.49 faiz olub. Birinci sıradakı Rusiyanın idxaldakı payı 18 faizdir. Rusiya uzun illərdir Azərbaycanın idxalında ilk yeri tutsa da, uzun müddətdən sonra ilk dəfədir ki, idxala görə ikinci olan ölkə birinci sıradakı Rusiyanın göstəricisinə bu qədər yaxınlaşıb. Bu baxımdan, indiki ticarət trendləri artan xətlə davam etsə, qarşıdakı dövrdə Çinin Azərbaycanın məhsul idxalında birinci pilləyə yüksəlməsi gözlənilməz deyil.

Çin rəqəmsal sərgisində smartfonlar
Çin rəqəmsal sərgisində smartfonlar

Azərbaycan Çindən nə alır?

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, Azərbaycanın Çindən idxalında ilk pilləni smartfonlar tutur. Ötən il Çindən 240 milyon dollarlıq smartfon gətirilmişdi. 2022-ci ildə bu göstərici cəmi 90 milyon dollar idi. Deməli, ötən il Azərbaycan Çindən smartfon idxalını dəyər ifadəsində təxminən üç dəfə artırıb və 150 milyon dollar daha çox vəsait xərcləyib.

Azərbaycanın Çindən idxalında ikinci yeri tutan məhsul modullara yığılmış və ya panellərə quraşdırılmış foto qalvanik elementlərdir. Ötən il belə məhsulların Azərbaycana gətirilməsinə 96 milyon dollar pul sərf edilib. Öncəki illərdə Azərbaycanın Çindən bu tip məhsul idxalı çox aşağı səviyyədə idi. Rusiya-Ukrayna savaşının başlanması, Rusiyaya tətbiq edilən sanksiyalar Çinin ixracına da təsir göstərib. Rusiya tərəfi bu sanksiyaların təsirini azalmaqdan ötrü bəzi məhsulların ölkədən çıxışını yasaqlamışdı. Həmin məhsulların arasında Azərbaycanın Çindən idxalında ikinci yeri tutan foto qalvanik elementlər də vardı. Başqa sözlə, görünən odur ki, Rusiya tərəfi artıq bəzi məhsulları xarici ölkələrə satmadığından Azərbaycan, ənənəvi olaraq, Rusiyadan aldığı bəlli məhsulları digər ölkələrdən almağa başlayıb. Bu ölkələr arasında Çin öncül yer tutur, çünki orada istehsal sektoru çox gəlişib. Bu baxımdan, son illər Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinin artmasına kömək edən amillərdən biri, adətən, Rusiyadan gətirilən məhsulların artıq idxal edilə bilməməsi ilə bağlıdır.

Şanxay avtosərgisində Çin elektrik avtomobili
Şanxay avtosərgisində Çin elektrik avtomobili

Elektrik avtomobillərinin idxala təsiri

Azərbaycanın Çindən idxalının artmasına kömək edən digər bir amil də son zamanlar elektrik mühərrikli avtomobillərə olan marağın artmasıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, ötən il Azərbaycana 3 min 102 ədəd elektrik mühərrikli avtomobil gətirilib. Bu say 2023-cü ilədək bütün illərdə Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobil sayını üstələyir. Ötən il elektrik avtomobillərinin gətirilməsinə 125 milyon dollar xərclənib. Bunun əsas hissəsi – 90 milyon dolları Çinlə bağlıdır. 2022-ci ildə həmin rəqəm cəmi 10 milyon dollar idi.

Rəsmi rəqəmlərdən görünür ki, yalnız elektrik mühərrikli deyil, hibrid və ənənəvi mühərrikli avtomobil idxalında da Çinin payı artıb. Çin istehsalı avtomobillərin qiymətinin daha sərfəli olması son zamanlar Azərbaycana bir çox Çin avtomobil brendinin gətiriməsinə yol açıb. Çin istehsalı olan qığılcımla alışan minik avtomobillərinin idxal dəyəri 2022-2023-cü illərdə 20 milyon dollardan 43 milyon dollara yüksəlib. Azərbaycanın Çindən idxalında avtomobillərlə yanaşı, avtomobil ehtiyat hissələri də ön sıralardadır. Məsələn, 2023-cü ildə Azərbaycan Çindən 40 milyon dollarlıq rezin şin idxal edib. Bu, 2022-ci illə müqayisədə 12 milyon dollar artım deməkdir.

Polad prokatlar (82 milyon dollar), portativ hesablama maşınları (79 milyon dollar), kommutasiya qurğuları (63 milyon dollar), kondisionerlər (48 milyon dollar), vaksinlər (46 milyon dollar) də Azərbaycanın Çindən idxalına ən çox pul xərclədiyi məhsullar arasındadır.

Azərbaycanın Çinə ixracı

Deyildiyi kimi, Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsində Azərbaycandan ixracın payı çox cüzidir. Müqayisə üçün: Çinin Azərbaycana satdığı məhsul çeşidi sayca 3 mini aşdığı halda, Azərbaycan Çinə cəmi 112 adda məhsul sata bilib. Azərbaycanın Çinə gerçəkləşdiyi 78 milyon dollarlıq ixracın 46.4 milyon dollar - təxminən 60 faizi təkcə bir məhsulun – neft koksunun payına düşür. Azərbaycan Çinə 20 milyon dollar dəyərində polietilen, 5 milyon dollarlıq yod və 1.2 milyon dollarlıq ventilyasiya qurğuları sata bilib. Digər heç bir məhsulun ixrac həcmi 1 milyon dolları aşmayıb.

XS
SM
MD
LG