Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

Rəsulzadə: 'Onlar yarasa kimidirlər, günəşdən qaçarlar' (15-ci yazı)


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

Azərbaycan Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu qısa, həm də çox mürəkkəb zamanda nəyi gerçəkləşdirə bildi, nəyə vaxtı və imkanı çatmadı?

Sualı cavablamaq üçün tarixçilərə elə də ehtiyac qalmır, axı ona ən doğru və dolğun cavabı istiqlalçıların özü verib. Ölümündən 2 il öncə -1953-cü il mayın 28-də - İstiqlal Günündə «Amerikanın səsi» radiosuna danışan böyük istiqlalçı Məhəmməd Əmin Rəsulzadə məhkumluqda yaşayan məzlum millətinə -Azərbaycan xalqına müraciətində bunları deyib:

Məhəmməd Əmin Rəsulzadənin çıxışı (28 may 1953. "Amerikanın səsi" radiosu)
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00
Direct-ə keçid

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

«Vaxtilə kommunist şüarlarına aldanan...»

«Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciə və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir».

«Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar»

«Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandaçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə (yarasa - red.) kimidirlər, günəşdən qaçarlar».

Suala ən dəqiq cavab

«İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən (məhrum edilən –red.) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabıta və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı».

«Məmləkətdə tam bir azadlıq vardı»

«Qərbi Avropa demokrasiyaları tipində xalq nümayəndələri cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı. Hakimiyyət Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman, indi sovet zamanında olduğu kimi, terror deyilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmin və amanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi».

Azərbaycan Nazirlər Kabinetinin üzvləri. 1919
Azərbaycan Nazirlər Kabinetinin üzvləri. 1919

«12 yanvar 1920-böyük bir bayramdı»

«Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər də istiqlalımızı tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müqavilələri imzalandı. 12 Yanvar 1920 (-ci il –red.) Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu həqiqətən böyük bir bayramdı, çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu irəli dünya demokratiyası tərəfindən təqdirlə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila artıq bizdən uzaqlaşdı».

Və nəhayət, tarixdə əbədi qalacaq fikirlər:

«Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər pirinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istiqlal zülmü altında inləyən əziz vətənimizdə 1918-28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etmiyiniz, vətəndaşlar! Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».

Cümhuriyyət Nağı bəy Şeyxzamanlının gözündə: «Ən çox pul ayırımı...»

«Yeni qurulmuş Cümhuriyyətimizin hökuməti ilə xalqımız birlikdə durmadan çalışırdılar. Dövlət büdcəsinin ən çox pul ayırımı Maarif Nazirliyinə aid idi. İlk, orta və lisey üçün türkcə kitablar hazırlanır, bütün rəsmi və xüsusi müəssisələr milliləşdirilir, müəllim çatışmazlığı Türkiyədən dəvət olunanlar hesabına aradan qaldırılırdı. Digər tərəfdən universitet açılması üçün hazırlıq işləri aparılırdı. Çoxlu sayda mühüm, əhəmiyyətli olan xarici dildə olan kitablar tərcümə olunaraq nəşr edilirdi. Artıq böyük dövlətlər istiqlalımızı de-fakto, de-yuri tanıyırlar. İstiqlalımızın ikinci ili universitet qurulur və Avropaya tələbələr göndərilir».

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

«Gürcülər və ermənilər öz pullarının olmamasından şikayətlənirdilər»

Cümhuriyyətin Əksinqilabla Mübarizə İdarəsinin başçısı olmuş Nağı bəy yazır: «Azərbaycan Cümhuriyyəti tədavülə öz pulunu buraxır. Cümhuriyyətimizdə inkişaf hər sahədə aydın hiss olunurdu. Qonşularımız olan erməni və gürcülərin tədavüldə işlətdikləri pul Seymin çıxardığı pul idi. Gürcülər və ermənilər daima öz pulları olmamaqdan şikayətlənirlər. Yeni seriyalı pul çıxarmaq üçün Azərbaycanın icazəsini istəyirdilər. Digər tərəfdən Azərbaycan Cümhuriyyətinin qayəsi Qafqaz millətlərinin ruslara qarşı hər an daha qüvvətli olması idi».

«Cümhuriyyətin büdcəsi...»

«Azərbaycan Cümhuriyyəti ancaq 23 ay yaşaya bildi. Bu müddət ərzində vergi almadıq. İxrac və idxal əməliyatlarından rüsum tutmadan gömrük idarəsi qurduq. Cümhuriyyətin büdcəsi neft istehsalımızın hökumətə məxsus hissəsindən əldə edilən gəlirlə doldurulurdu».

«Ermənistanda yaşayan azəri türkləriylə Azərbaycanda yaşayan ermənilərin dəyişdirilməsi»

Nağı bəy kitabında çox maraqlı bir məqama toxunur: «Ayrıca olaraq iki layihə də hazırlanmışdı, ancaq onların tətbiqinə vaxt qalmadı. Birinci, Ermənistanda yaşayan azəri türkləri ilə Azərbaycanda yaşayan ermənilərin yerlərinin dəyişdirilməsi. İkinci isə Azərbaycanda olan dəmiryol xərclərinin dövlət büdcəsindən ödənərək pulsuz olaraq vətəndaşların xidmətlərinə vermək».

«Parlament vəkilləri, hökumət üzvləri təmiz və çalışqan idilər»

«Azərbaycan Cümhuriyyətində prezident seçilməmişdi. Baş nazir eyni zamanda dövlət başçısı idi. Cümhuriyyətimiz çoxpartiyalı idi. Baş nazir parlament üzvlüyündən başqa hökumətin də üzvü ola bilərdi. İstər seçilmiş Parlament vəkilləri, istər qurulmuş hökumət üzvləri təmiz və çalışqan şəxslər idilər. İdealist olan bu insanların malları, mülkləri yox idi və olmasını da düşünmürdülər. Hamısının qayəsi Cümhuriyyəti yaşatmaq və xalqımızı mədəni millətlər səviyyəsinə çatdırmaq idi».

Hüseyn Baykara
Hüseyn Baykara

Cümhuriyyət Hüseyn Baykaranın gözündə

Hüseyn Baykara mühacirətdə qələmə aldığı «Azərbaycan istiqlal mübarizəsi tarixi» adlı kitabında yazır: «Azərbaycan Milli Müstəqil hökumətinin yaşadığı 23 ay ərzində yeni dövlət qurmaq yolunda apardığı işlər, sözün əsl mənasında, böyük işlər idi. Azərbaycan hökuməti yeni kurslar, məktəblər açaraq məmur yetişdirdiyi kimi, sənətkar olan azəri türklərindən də istifadə edir və Qərb ölkələrinə sənət öyrənmək üçün daha çox tələbə göndərirdi. Ölkə daxilində ixtisas institutları açılır, Azərbaycanda ədliyyə, idarə və polis böyük zəhmət sayəsində yerli kadrlarla təmin edilirdi. Verginin əsası gəlirin artımına görə tənzim edilmiş, iqtisadi islahata başlanmış və bir də dövlət bankı yaradılmışdı. Kəndlərdə istehsalçı xalqın kreditə olan ehtiyacını ödəmək üçün kredit və əmanət kassaları qurulmuş, ticarətin inkişafına xidmət edəcək banklar və kredit müəssisələri yaradılmışdı».

«Tədris dili - türk dili»

«Milli təhsil baxımından məktəblərdə tədris dili türk dili qəbul edilmişdi. Dərs kitablarının nəşri üçün Maarif Nazirliyinin nəzarəti altında tərtib və tərcümə kollegiyası yaradılmış, ölkənin çox yerində müəllim hazırlayan məktəblər açılmışdı. Bunlardan başqa, Qərb üslubunda Azərbaycan universiteti yaradılmışdı».

«Torpaqlar kəndlilərə təmənnasız verilməli idi»

«Müstəqil Azərbaycan hökuməti sosial məsələlərin həllini radikal bir şəkildə ortaya qoydu. Hazırlanmış torpaq islahatı layihəsinə görə, bütün torpaqlar sahiblərindən pulsuz alınaraq onu əkib-becərən kəndlilərə təmənnasız verilməli idi. Torpaq mülkiyyətinin maksimum miqdarı təyin edildi, yəni torpaq mülkiyyəti məhdudlaşdırıldı. Torpaq sahibi olan kəndlilərin kredit və başqa ehtiyacları üçün lazım olan tədbirlər görüldü. Beləliklə, çar rejiminin Azərbaycana gətirdiyi rus mədəniyyətinin ölçüsünü, səviyyəsini göstərən, təhkimçilik dövründən qalma qanunlar, nizamlar və adətlər kökündən dəyişdirildi».

«Konstitusiya hazırlamaq üçün komissiyalar yaradılmışdı»

«Azərbaycan milli hökumətində əmək nazirləri vardı. Fəhlələrin əmək haqqı ən incə mətləblərə qədər onların xeyrinə həll olunur və bu yolda çox radikal qanunlar çıxarılmışdı. Azərbaycan Müstəqil Respublikasının konstitusiyasını hazırlamaq üçün komissiyalar yaradılır və Müəssislər (Qurucular – red.) Məclisinin çağrılmasına hazırlıq görülürdü».

31 mart qırğını
31 mart qırğını

31 mart qırğını...

Cümhuriyyət hökumətinin nəyi gerçəkləşdirib, nəyi yarıda buraxdığından söz açarkən, önəmli bir məsələni gözardı etmək olmaz. Bu, 1918-ci ildə baş vermiş 31 Mart qırğınına cümhuriyyətin münasibətidir. Araşdırmaçı jurnalist Akif Aşırlı 1919-cu ildə 31 Martın birinci ildönümünü qeyd edən cümhuriyyət hökuməti barədə AzadlıqRadiosuna maraqlı faktlar açıqlayıb.

«Milli matəm günü»

Onun dediklərindən qısa anonslar: «1919-cu il martın 31-i Milli Matəm Günü elan olundu. «Azərbaycan» qəzeti xüsusi səhifə buraxdı. «Müsavat» partiyasına bağlı bütün qəzetlər ilk səhifələrini bu günə həsr etmişdilər. «İstiqlal» qəzeti matəm nömrəsi buraxmışdı. «Azərbaycan» qəzeti aprelin əvvəllərinədək davam edən bir neçə sayında «Mart hadisələrinin müxtəsər tarixçəsi»ni vermişdi. İlk atəşin açılmasından tutmuş, ta hadisələrin sonunacan».

Rəsulzadə: «Dini faciəmiz Aşura, milli faciəmiz 31 Mart»

A.Aşırlı Cümhuriyyət qurucularının bu hadisəyə milli faciə kimi yanaşdıqlarına diqqət çəkir: «M.Ə. Rəsulzadə yazırdı ki, bizim dini faciəmiz Aşuradır, milli faciəmiz 31 Mart soyqırımıdır. Yəni faciənin rəngini də verirdi».

Faciə bütün çalarlarıyla martın 31-də AzadlıqRadiosunun saytında.

Cümhuriyyət-100 davam edəcək.

Əvvəlki yazı

Bağırovun şəxsən güllələdiyi əmək və əkinçilik naziri Əhməd bəy Pepinov [13-cü yazı]

XS
SM
MD
LG