Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:50

'Dərman idxalı ilə məşğul olan şirkətlər məmurlara aiddir'


Aptek
Aptek

«Azərbaycanda dərmanların qiyməti başqa ölkələrdəkindən dəfələrlə bahadır...».

Bu sözləri AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu deyib. Onun sözlərinə görə, elə dərmanlar var ki, Azərbaycanda Türkiyədən üç dəfə baha satılır.

Tibbi məsələlər üzrə ekspert, professor Adil Qeybulla da deyir ki, Azərbaycanda bir yox, bir çox dərmanlar Türkiyədən, Rusiyadan bahadır. Ekspertin sözlərinə görə, bunun səbəbi ölkədəki dərman bazarında hökm sürən monopoliyadır.

A.Qeybulla
A.Qeybulla

«Monopoliya aradan qaldırılmalıdır»

O hesab edir ki, bazar iqtisadiyyatında qiymətlərə dövlətin müdaxiləsi düzgün deyil, sadəcə, antiinhisar komitə olmalıdır ki, ayrı-ayrı şirkətlər dərman bazarını inhisara ala bilməsinlər: «Monopoliya aradan qaldırılmalıdır. Dərman idxalı ilə məşğul olan şirkətlər məmurlara aiddir və buna son qoyulmalıdır. Ölkədə dərmanlara tələbat çoxdur, lakin inhisara görə təklif azdır. Qiymətlər çox bahadır».

«Hərdən istehsalçı ölkə düzgün göstərilmir»

A.Qeybulla qeyd edib ki, Azərbaycanda hələ də dövlət farmakopeyası (dərman vasitələrə tələbləri reqlament edən normativ sənədlərin toplusu – red.), dərmanlarla bağlı dövlət reyestri yoxdur: «İnsanlar bilmir ki, Azərbaycan ərazisində istifadəsi üçün icazə verilən dərman preparatlar hansılardır. Preparat keyfiyyətsiz olanda firmadan nəsə tələb etmək üçün hüquqi əsas olmalıdır. Ölkənin dərman bazarında çox anormal vəziyyət hökm sürür. Hərdən dərmanın üstündə yazılmış istehsalçı ölkə düzgün göstərilmir. Yoxlayanda bilinir ki, bu ölkədə heç bu dərmanın adını tanıyan yoxdur, amma Azərbaycanda bu dərman satılır. Məsələyə milli maraqlardan yanaşılmalıdır, korporativ maraqlarından yox».

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, dünya praktikasında qiymətlərin tənzimlənməsinin ən yaxşı yolu rəqabətli mühitdir. Onun sözlərinə görə, ölkədə yerli dərman istehsalı demək olar ki, yox səviyyəsindədir: «Burada dövlətin görəcəyi iş dərmanlara tətbiq edilən gömrük rüsumlarını və vergi dərəcələrini azaltmaqdan ibarət olmalı idi. Dövlət həmçinin çalışmalıdır ki, çoxlu yerli və xarici şirkətlər bazara daxil olsun. Bununla rəqabətli mühitin yaranması ilə bağlı qiymətlərin tənzimlənməsinə üstünlük verməli idi. Bu, qiymətlərin bahalaşmasının qarşısını alan ən əsas faktorlardan biridir».

İqtisadçı vurğulayıb ki, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi onların adları ilə yox, molekulların növləri ilə olur: «Şirkətlər tərkibdə olan bu molekulların ən ucuz analoqunu alıb, onları ölkəyə gətirib baha qiymətə satırlar».

"Üç ruhi xəstəmə dərman pulunu hardan alacam?!"
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

«Dövlət qiymətləri tənzimləyirsə,...»

İqtisadçı əlavə edib ki, dövlət qiymətləri tənzimləyirsə, bunu İcbari Tibbi Sığorta çərçivəsində etməlidir: «Gələn ildən ölkə üzrə İcbari Tibbi Sığorta tətbiq olunacaq, lakin hələ də bunun dərman satışına aid ediləcəyi bilinmir. Əgər bu baş verəcəksə, dərmanların qiymətlərini tənzimləmək mümkündür. Əks halda və yenə bazarda çox kiçik saylı inhisarçı şirkətlər qalacaqsa, gələcəkdə dərmanların qonşu ölkələrdən daha baha olmasının şahidi olacağıq».

Bu fikirlərə, hələlik, İqtisadiyyat və Səhiyyə nazirliklərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, hökumətin dərmanların qiyməti ilə bağlı atdığı addımlarının tənqid edilməsi ilə razılaşmırlar.

2015-ci ildən Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi başlanıb. 2016-cı ildən etibarən isə prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyinə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi ilə bağlı tapşırıq verilib. Rəsmilərin bildirməsinə görə, bu proses başladıqdan sonra Azərbaycanda bir çox dərmanların qiyməti kəskin ucuzlaşıb.

XS
SM
MD
LG