Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:22

Dağlıq Qarabağ münaqişəsi Mərkəzi Asiyadan necə görünür?


Mərkəzi Asiya liderləri (soldan sağa) Tokayev, Berdımuxammedov, Rahmon və Mirziyoyev
Mərkəzi Asiya liderləri (soldan sağa) Tokayev, Berdımuxammedov, Rahmon və Mirziyoyev

Bir çox ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ müharibəsi regionda artıq Türkiyənin fəal iştirakilə yeni status quo yaradıb.

AzadlıqRadiosu yazır ki, Mərkəzi Asiya ölkələri bu münaqişədə maksimum təmkinli mövqe nümayiş etdiriblər.

Bununla belə təhlilçilərin fikrincə Qarabağ münaqişəsi Mərkəzi Asiya regionu üçün də təsirsiz ötüşməyəcək.

Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələri noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs razılaşamasını demək olar ki, dərhal alqışlayıblar.

Tacikistan XİN noyabrın 11-də bəyan edib ki, sözügedən razılaşma Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həlli istiqamətində “müstəsna əhəmiyyətə” malikdir.

Qırğızıstan XİN-in bəyanatında deyilir ki, “yüksək səviyyədə qəbul edilmiş bu qərar Dağlıq Qarabağ probleminin çözümü üçün uzunmüddətli və tamformatlı imkan yaradacaq”.

Qazaxıstan bildirib ki, əldə olunmuş razılaşma BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur və iki xalq arasında əbədi sülh və barışıq üçün güclü bönövrə yarada bilər.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının noyabrın 10-da internetlə keçirilən iclasında Dağlıq Qarabağda atəşkəsin əldə olunmasında Rusiyanın xüsusi rolunu qeyd edib.

Tam neytrallıq

Mərkəzi Asiya ölkələri Azərbaycan və Ermənistan arasında sentyabrın 27-dən noybarın 10-dək davam edən müharibə zamanı demək olar ki, tam neytrallııq nümayiş etdiriblər və tərəfləri təmkinə çağıran bəyanatlar veriblər.

Rusiyalı ekspert Ajdar Kurtov deyir ki, region ölkələrinin Dağlıq Qarabağa dair dəqiq mövqeyi yoxdur.

Ekspertin fikrincə bu, sözü gedən ölkələrin xarici siyasətlərinin çoxvektorluğundan irəli gəlir. Onlar eyni zamanda həm Çin, həm Qərb, həm Rusiya və həm də Türkiyə ilə münasibət qurublar:

“Belə olan halda kiminsə tərəfini saxlamaq çox da əlverişli deyil, çünki bu, Ermənistan və Azərbaycanın da daxil olduğu təşkilatlarla münasibətdə müəyyən suallar doğura bilər”.

Qazaxıstan, Qırğızıstan, Tacikistan Rusiyanın başçılıq etdiyi və Ermənsitanın daxil olduğu Kollektiv Təhlükəsuizlik Müqaviləsi Təşkilatının (ODKB) və Avrasiya İqtisadi İttifaqının üzvüdürlər.

Bundan başqa regionun bütün ölkələri Ermənistan və Azərbaycanın da üzvü olduqları MDB-yə daxildirlər.

Tacikistanı çıxmaq şərtilə mərkəzi Asiyanın qalan ölkələri habelə Türk dünyası ölkələrinin təşkilatlarına – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına, Türk Əməkdaşlıq və Koordinsiya Agentliyinə üzvdürlər. Bu, onları avtomatik olaraq Türkiyə və Azərbaycanın müttəfiqi edir.

Yeni status quo

Noyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasına görə Azərbaycan və Ermənistan silahlı qüvvələri həmin gün üçün olduqları mövqelərdə qalırlar.

Eyni zamanda iki qüvvənin təmas xətti boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi və nəzarət postlarının qurulması nəzərdə tutulur.

Ekspertlərin fikrincə Bakıdan başqa bu müharibənin mənfəətdarı həm də Ankaradır.

Üstəlik Rusiya Türkiyənin sülhməramlı missiyada iştirakına etiraz etməyib.

Moskva Carnegie Mərkəzinin rusiyalı eksperti Sergey Markedonov deyib:

“Türkiyənin Qafqazda keyfiyyətcə yeni mövcudiyyəti çox ciddi və uzunmüddətli məsələdir. Rusiya da bu vəziyyətə uyğunlaşmalıdır. Hərçənd Moskva dərk edir ki, türklərin anti-Amerika ritorikası və onların Avropa tolerantlığına qarşı çıxması Türkiyənin avtomatik olaraq Rusiyanın maraqlarına xidmət edəcəyi anlamına gəlmir”.

Politoloqun fikrincə Moskvanın Dağlıq Qarabağ münaqişəsi zamanı çəkingənliyi onun Qərbə qarşılıq yeni Avsrasiya partnyorlarının əldə edilməsi niyyəti ilə bağlı idi.

Böyük Turan?

Ankaranın əldə etdiyi yeni siyasi xallar və onun Qafqazda geosiyasi varlığı belə bir sual doğurur: Türkiyənin ona xeyli rəğbəti olan Mərkəzi Asiya regionundakı rolu necə dəyişə bilər?

Tacikistanda müstəqil politoloq Pərviz Mullocanov bu qənaətdədir ki, Dağlıq Qarabağ müharibəsinin nəticələri Türkiyənin Mərkəzi Asiyadakı nüfuzunu gücləndirəcək:

“Hər şeydən əvvəl Türkiyənin əhali arasındakı, ictimai rəydəki, ümumiyyətlə müsəlman toplum arasındakı nüfuzu yüksələcək”.

Politoloq düşünür ki, eyni zamanda regionda pantürkizmin və Erdoğan tərəfindən dəstəklənən pantürkist təşkilatların yüksəlişi baş verə bilər.

Dronların cazibədarlığı

Qırğızıstan politoloqu, “Ağıllı qərarlar” analitik mərkəzinin direktoru Esen Usubaliyev deyir ki, Mərkəzi Asiya ölkələri üçün Dağlıq Qarabağ müharibəsində dronlardan uğurlu istifadə cəlbedici olub:

“Bu yaxınlarda Türkiyənin müdafiə naziri Hulusi Akar Qazaxıstan və Özbəkistana səfər etmişdi. Bu görüşlərin gündəliyi açıqlanmayıb, amma istisna edilmir ki, gündəlikdə hərbi əməkdaşlığın müzakirəsi də olub”.

Bununla belə, politoloqun fikrincə regional nüfuz məsələsində Rusiya və Türkiyəni tərəzinin gözlərinə qoymaq tezdir:

“Türkiyənin regionda inteqrasiya qüvvəsi kimi çıxış edə biləcəyini demək hələ tezdir. Mərkəzi Asiya yalnız türk regionu deyil və burada farsdilli Tacikistan da var. Burada hər hansı inteqrasiya layihələrini Taciksitanın iştirakı olmadan təsəvvür etmək çətindir”.

XS
SM
MD
LG