Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:58

Delta variantı və vaksinlilərin xəstələnməsi


İsrail əhalinin peyvəndlənməsinə lider ölkələrdən biridir
İsrail əhalinin peyvəndlənməsinə lider ölkələrdən biridir

Koronavirusa qarşı ən yaxşı vaksinlərdən biri sayılan Pfizer BioNTech vaksinin effektivliyi son zamanlar geniş yayılan Delta variantına görə 30 faiz azalıb.

The Daily Telegraph yazır ki, bu barədə ehtimalını İsrailin Səhiyyə Nazirliyi bildirib.

Məlumatda deyilir ki, müşahidələr vaksinin effektivliyinin iyunun əvvəllərindən iyulun əvvəllərinədək 94 faizdən 64 faizə endiyini göstərir.

Effektivliyin azalması ölkədə koronavirusun Delta variantının sürətlə yayılması ilə eyni vaxta təsadüf edir.

Lakin bu da bildirilir ki, vaksin virusun kəskin simptomlarından hələ də qoruya bilir və ölkədə hospitalizasiya – adamların xəstəxanaya düşməsi rəqəmləri hələ də aşağıdır.

İsrail nazirliyi bildirib ki, vaksinin hospitalizasiyanın qarşısının alınmasındakı effektivliyi iyunun 6-dan iyulun 3-dək 93 faiz olub, halbuki bu rəqəm bundan əvvəlki dövrdə 98 faiz idi.

Delta yoluxma dinamikasını kəskin dəyişib

İsrailin COVID-19 şurasının sədri Ran Balitser iyulun 5-də deyib ki, bu, Pfizer BioNTech vaksinin Delta variantının yüngül simptomlarının qarşısının alınmasında zəifləməsinin “siqnalı” ola bilər.

Balitser AFP agentliyinə bidlirib ki, vaksinin gücü kəskin yox, yüngül simptomlara qarşı zəifləyə bilər.

Koronavirusun Delta variantı ilk dəfə ötən oktyabrda Hindistanda aşkar olunub və o vaxtdan bəri 100-dən çox ölkəyə yayılıb.

Virusun bu ştammının yayılması bir çox hökumətləri karantinin yumşaldılmasını yubatmağa məcbur edib.

Ekspert deyib ki, Delta variantının dominant ştamma çevrilməsi İsraildə “virusun yayılma dinamikasını kökündən dəyişib”.

İsrail iyulun 5-də 343 yeni yoluxma qeydə alıb. Bu, son üç ayda ən yüksək göstəricidir.

Bu ölkədə ötən yanvarda günə 10 min yoluxma qeydə alındığı halda, bu rəqəm iyun ayında 10-dan çox olmamışdı.

Üçüncü doza söhbəti

Son iki həftə ərzində qeydə alınmış yoluxmaların 90 faizi Delta ştammının payına düşür.

Yoluxanların yarısı iki doza ilə tam vaksinlənmiş şəxslər olub. Bunların da yarısı uşaqlardır.

Ekspertlər ümid edirlər ki, vaksinin virusun ağır simptomlarına qarşı effektivliyi Alfa ştammı zamanı olduğu kimi yüksək qalacaq.

Balitser deyib ki, iki doza ilə tam vaksinlənsə də kəskin simptomlar keçirən pasientlərin sayı günə beş nəfər artıb.

Lakin ekspert bunu da əlavə edib ki, son 12 gündə ölüm halı qeydə alınmayıb.

Xəbər verilir ki, İsrail qapalı yerlərdə maska taxılması kimi tədbirləri yenidən tətbiq edə bilər.

Səhiyyə Nazirliyi vəziyyətdən çıxış yolu kimi üçüncü doza ilə vaksinləməni nəzərdən keçirir.

Pfizer şirkətinin rəhbəri Albert Burla da deyib ki, adamların iki doza ilə tam peyvənd olunmasından 12 ay sonra üçüncü dozaya ehtiyac ola bilər.

Şirkətin sözçüsü İsraildən gələn məlumatları şərh etməyib, amma bildirib ki, vaksin virusun yeni mutasiyalarına qarşı effektli olaraq qalmaqda davam edir.

İsrail əhalinin 57 faizini peyvənd edib. Yaşı 55-dən çox olanların isə 88 faizi vaksinlənib.

XS
SM
MD
LG