“Azərbaycan Dəmir Yolları” ölkədaxili sərnişin və sürət qatarlarında gediş haqlarını qaldırır.
Bu haqda AzadlıqRadiosu-na “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.
Buna da bax: 'Azərdəmiryol'un dəstəyi ilə İranda dəmir yolu xətti çəkiləcək
Cəmiyyətdən deyiblər ki, gediş haqlarının qaldırılması sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu qərarın həm də çevik tarif tənzimlənməsini təmin etməklə bağlı olduğu bildirilir.
“Azərbaycan Dəmir Yolları”nın qərarına görə, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Bu, gediş haqlarının 20 faiz artırılması deməkdir.
Qərar iyulun 15-dən etibarən tətbiq olunacaq.
Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]
Dəmiryollarında gedişhaqlarının artımı sonuncu dəfə bu ilin martında qeydə alınmışdı, bundan əvvəl isə dəmiryolunda gedişhaqqı 2011-ci ilin fevralında artırılmışdı.
Bakı-Sumqayıt-Bakı marşrutunda gediş haqları 10 qəpikdən 40 qəpiyə kimi artırılmışdı.
Buna da bax: Qiymət artımına reaksiyalar
XATIRLATMA
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə son dəyişiklik 2011-ci il yanvarın 31-də Tarif Şurası tərəfindən edilmişdi.
Həmin vaxt Tarif Şurası ölkədaxili sərnişindaşıma marşrutları üzrə biletlərin qiymətlərini vaqonun tipindən asılı olaraq müəyyənləşdirmişdi. Tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişirdi.
O zaman sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.
2011-ci ildə qiymət artırılarkən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosu-na dəmiryolunda tariflərin 1997-ci ildə qəbul edildiyini yada salmışdı. 6 il əvvəl o, növbəti dəfə tariflərə 15 ildən sonra baxıla biləcəyini də qeyd etmişdi.