Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:39

«Deyir, «ana, məni uşaq evinə qoyma»»


Sənubər Zəkiyeva və qızı Mədinə
Sənubər Zəkiyeva və qızı Mədinə

-

«Uşaq yalvarır ki, «ana, məni uşaq evinə vermə, sənin yanında qalım». Deyirəm, «ay bala, imkan yoxdur, sənə çörək tapıb yedizdirə bilmirəm...»».

110 MANAT PENSİYA

Sənubər Zəkiyeva ağlayır... Atasız böyütməkdə olduğu yeganə balasını –3 yaşlı Mədinəni uşaq evinə vermək istəmir... Ancaq, deyəsən, başqa çarəsi də yoxdur. Deyir, günlərlə dörd divar arasında ac qalan balacanın üzünə baxa bilmir. Hökumətin verdiyi 110 manat pensiya isə ağır ürək xəstəsi olan ananın dərmanlarına belə yetmir...

Sənubər Zəkiyeva bir neçə il əvvəl rayondan Bakıya işləməyə gəlib. Burada da ailə qurub. 5 il sonra övladı doğulub. Sevinməyə imkan tapmamış həyat yoldaşı Vahab Abbasovu faciəli şəkildə itirib:

«Yoldaşım ruhi xəstə idi. Anasına, bacısına dedim, dedilər, «apar qoy xəstəxanaya». Dava-dərmanını almağa pulum, imkanım yox idi. Tez-tez özünü bilmirdi. 2012-ci ildə elə evdə özü özünə bıçaqla xəsarət yetirdi. Sabunçudakı 3 saylı xəstəxanaya götürdülər. Yanına gedəndə həkimlər dedi, «yoldaşın keçinib»».

«GÖRDÜM ÇATDIRMIRAM»

Əvvəl bacısı Əzizə Zəkiyeva anayla balanı, necə deyərlər, qoltuğuna alıb, bir müddət saxlayıb. Ancaq işsizlik, başdan aşan qayğılar ona da sonadək yardımçı olmağa imkan verməyib. Bir müddət əvvəl azyaşlını uşaq evinə verməkdən başqa çıxış yolu qalmayıb.

Bacı danışır: «Ana qayğısı göstərə bilmir, xəstədir. Bir az mən baxdım. Sonra gördüm çatdırmıram. Məcbur qalıb Gəncədəki uşaq evinə verdim. 1 il qaldı, ana dözmədi, stress yaşadı, infarkt keçirdi, gedib uşağı götürdük. Verdik, bir az qardaşım baxdı, sonra onun da imkanı olmadı. Uşağa zülmlə pensiya düzəltdik, onun da bir ayını bizdən rüşvət kimi aldılar. Nə ananın göz yaşlarına acıdılar, nə ac uşağın halına».

Sənubər Zəkiyeva
Sənubər Zəkiyeva

KİRAYƏDƏ QALIR

Əzizə xanım deyir, indi bacısı xəstədir, qalmağa yeri yoxdur. Kirayələrdə qalır, hansı evə gedirsə, kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən qovulur:

«Məcburuq ki, bu uşağı təzədən aparaq uşaq evinə qoyaq. Uşaq ağlayır ki, «ana, məni ora qaytarmayın». Bəs biz bu uşağı necə böyüdək, harada böyüdək? Bu uşaq günlərlə ac qalır, heç kəsin xəbəri olmur. Ananın göz yaşı tökməkdən başqa heç nəyə gücü çatmır. Artıq mağazalar da ona nisyə ərzaq vermir».

Sənubər Zəkiyevanı sıxıntıya salan iki səbəb var: birincisi, vəfat etmiş həyat yoldaşının ailə üzvləri ilə münasibətləridir. Deyir, əri öləndən sonra ailə üzvləri nə onu, nə də balacanı özlərinə yaxın buraxmır. İkinci səbəb isə işsizlikdir: «İş yoxdur, hara gediriksə deyirlər, «bizə cavan adamlar lazımdır». Bizim yaşda insanlara iş yoxdur».

SOSİAL YARDIM KƏSİLƏ BİLƏR

Ağdaş rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən «Qaynar xətt»ə bildiriblər ki, Sənubər Zəkiyeva lazımi sənədləri təqdim etsə, ona ünvanlı sosial yardım kəsilə bilər.

Bəs belə durumda hüquq Sənubər Zəkiyevaya necə kömək edə bilər? Hüquqşünas Vaqif Alıyev deyir, indiki qanunvericiliklə heç cür:

«Vəfat etmiş həyat yoldaşının adına əmlak olmayıbsa, qadının vəziyyəti çətindir. Qadın vaxtilə həyat yoldaşının ailəsinin yaşadığı mənzilə yaşayış qeydiyyatına düşməyibsə, vəziyyət ikiqat çətinləşir. Məhkəmə də ona kömək edə bilməz ki, həmin ünvanda yaşayış hüququ qazana bilsin. Qadın yalnız öz ata evindən əmlak payı istəyə bilər. Ata, ana vəfat edibsə, vərəsə kimi əmlak payı, onlar sağdırsa, yaşamaq hüququ düşür».

XS
SM
MD
LG