Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:41

Divara 'Fu Məzi' yazan fəalla vəkilin görüşünə icazə verilməyib-koronavirusa görə


F.İsmayılov
F.İsmayılov

Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara şüar yazmış ictimai fəal Fuad İsmayılovun vəkili onunla görüşə bilmədiyini deyir.

F.İsmayılov martın 7-dən həbsdədir. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsiylə suçlanıb. Suraxanı rayon Məhkəməsinin qərarıyla haqqında 60 günlük inzibati həbs qərarı çıxarılıb.

«Narkotik ittihamını qəbul etmir»

Vəkil Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, F.İsmayılov məhkəmədə də özünü təqsirli bilməyib: «Həbs olunarkən, məhkəmə qarşısına çıxarılarkən vəkili mən olmamışam. Ümumiyyətlə, yaxınlarına bu haqda heç bir məlumat verilməyib. Ancaq qərarı götürmüşəm və orada yazılanlardan məlum olur ki, narkotik ittihamını qəbul etmir. Heç bir sənədə də imza atmayıb. Bu da artıq ittihamın əsaslılığını şübhə altına salır».

Görüşə icazə verilməyib

Vəkil martın 11-də Suraxanı rayon Məhkəməsinin sözügedən qərarından apellyasiya şikayəti verib. Öncə şikayəti müzakirə etmək, müvəkkilinin durumuyla maraqlanmaq üçün martın 10-da təcridxanaya gedib, ancaq F.İsmayılovla görüşə bilməyib: «Dedilər ki, koronavirus təhlükəsinə görə görüşlər yasaqlanıb. Mən virusa qarşı mübarizə tədbirlərini başa düşürəm, amma bu, vəkilin müvəkkili ilə görüşünün qarşısının alınmasına əsas ola bilməz. Başqa önləyici tədbirlə, məsələn, xüsusi geyim və s. yollarla da olsa, mütləq vəkillə görüşə icazə verilməlidir. Çünki elə məsələlər var ki, isti-isti həll olunmalıdır, birlikdə müzakirə edilib, şikayət verilməlidir».

«Səbəb bəhanə…»

C.Cavadov hesab edir ki, ona göstərilən səbəb bəhanədir. Fikrini də belə əsaslandırır ki, onunla eyni vaxtla təcridxanaya başqa bir iş üzrə müstəntiq gəlmişdi. Onu görüşə buraxıblar: «O zaman bütün görüşlər ləğv olunsun, istintaq hərəkətləri, məhkəmə prosesləri dayandırılsın. O proseslər dayandırılmırsa, deməli, vəkillə görüşün yasaqlanması üçün bu bəhanədən istifadə edirlər».

«Apellyasiya məhkəməsində görüş baş tuta bilər»

Vəkil deyir ki, apellyasiya şikayətinə baxılanda məhkəməyə mütləq şəxsin özünü də gətirməlidirlər. Orada məhkəmədən öncə F.İsmayılovla görüşüb, durumla bağlı məlumat almağa çalışacaq. Ancaq görüş yasağı ilə əlaqədar da uyğun qurumlara şikayət edəcək.

Vəkilin koronavirus təhlükəsiylə əlaqədar müvəkkili ilə görüşə buraxılmaması haqda söylədiklərinə Daxili İşlər Nazirliyindən fikir öyrənmək mümkün olmayıb.

Penitensiar Xidmət görüşə və sovqat qəbuluna qadağa qoyub

Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə də martın 6-dan məhbusların yaxınları ilə görüşlərinə, sovqat qəbuluna qadağa qoyulub.

F.İsmayılovun yaxınları AzadlıqRadiosuna bildirib ki, o, martın 7-də günorta saatlarında evdən çıxıb. Sonra ondan heç bir xəbər ala bilməyiblər. Daxili İşlər Nazirliyinin «102» xidmətinə zənglərdən sonra onun tutulduğunu öyrəniblər.

Fevralın 21-də F.İsmayılovun MSK-nın qarşısındakı divara şüar yazarkən saxlanıb, az sonra buraxıldığı açıqlanmışdı.

XS
SM
MD
LG