2017-ci ildə Kiprdə yerləşən “Pimodo” adlı ofşor şirkəti Atlantik okeanındakı ada dövləti Kabo-Verdedəki beşulduzlu “Salinas Sea Resort” kurortunda 10 yaşayış evinə 3 milyon avro (3,25 milyon dollar) məbləğində investisiya yatırıb. İnvestisiya üçün pul Rusiyanın kənd təsərrüfatı sahəsində ticarətlə məşğul olan “Aqrotorq Tulskiy” şirkətindən gəlib. AzadlıqRadiosunun rusdilli araşdırma qrupu “Sistema” və radionun əməkdaşı Sergey Titovun yazdığı məqalədə deyilir ki, bu şirkət Rusiya hökumətinin 2000-ci ildə kənd təsərrüfatı sektorunu dəstəkləməkdən ötrü qurduğu Rusiya Kənd Təsərrüfatı Bankının - “Rosselxozbankın” filialıdır.
2018-ci ildə “Aqrotorq Tulskiy” “Pimodo”nun özünü satın alıb. Başqa sözlə, Rusiyada kənd təsərrüfatını gəlişdirmək üçün yaradılan bank ağ qumlu çimərlikləri ilə tanınan və ABŞ hökumətinin “Avropaya gətirilən Cənubi Amerika kokaini üçün mühüm tranzit qovşağı” adlandırdığı ucqar ölkədə bahalı mülklərin sahibinə çevrilib.
Kurortu Dmitri Patruşev satin alıb?
“Sistema”nın araşdırması Kape Verdedəki bu satınalmanın mərkəzində Rusiya baş nazirinin müavini Dmitri Patruşevin durduğunu üzə çıxarıb. 46 yaşlı Patruşev prezidentin köməkçisi və Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin böyük oğludur. Ekspertlər onun 71 yaşlı prezident Vladimir Putinin xələfi kimi əsas namizəd olduğunu deyirlər. Ancaq bunun yaxın zamanda baş verəcəyinin hər hansı işarəsi gözə dəymir.
Dmitri Patruşevin xələf kimi ən üstün özəlliyi onun həm “silovik” (ruscadan çevirəndə “güc qurumunun nümayəndəsi” anlamında – red.), həm də mülki şəxs olmasıdır. Siyasi məsləhətçi və Putinin keçmiş spiçrayteri (çıxış yazarı -red.) Abbas Qallyamov yazır ki, atasının sayəsində çekist zümrəsi onu tam “özlərininki” olmasa da, “sosial baxımdan yaxın” adam kimi dəstəkləyəcək: “Üstəlik, onun “poqonları” savaş ritorikasından və sonu görünməyən düşmən ovundan bezən cəmiyyətin əksər hissəsinu qorxutmayacaq”.
Ancaq onun sözlərinə görə, Patruşevin ziyanına işləyən özəllikləri onu əhatə edən qalmaqallar və “atasının gül balası” imicidir.
Putini hələ 1970-ci illərdən tanıyan 73 yaşlı Nikolay Patruşev prezidentin yaxın çevrəsinin ən inanılan üzvlərindən biridir. O, həmin çevrədəki ən militarist və antiqərb mövqeyi ilə də seçilən şəxslərdəndir. Peşəkar KQB və FSB zabiti olan Patruşev 1999-cu ilin avqustunda prezident Boris Yeltsin Putini baş nazir təyin edərkən, FSB-nin rəhbəri kimi onu əvəz etmişdi. Patruşev hər iki oğlunu – Dmitri və Andreyi FSB-nin Akademiyasında oxudub.
2000-ci ildə Patruşev özü və Putin kimi KQB kadrlarının “hakimiyyətin ən yüksək eşalonlarına gəlişini” dəstəkləyən məqalə dərc edib. O, məqalədə bu zümrənin “şeytan kimi qələmə verilməsinin” demokratiya üçün təhlükə olduğunu iddia edib və həmin qrupu ölkəni xarici və daxili düşmənlərdən qoruyan “qatı praqmatiklər” kimi qələmə verib.
Yeni zadəganlar?
O iddia edib ki, onlar Rusiyanın “yeni zadəganları”dır.
Putinin hakimiyyəti dövründə Dmitri Patruşev başgicəlləndirici karyeraya sahib olub. O, 32 yaşında xalis aktivlər baxımından ölkənin dördüncü ən böyük bankı olan Rusiya Kənd Təsərrüfatı Bankının sədri, 40 yaşında kənd təsərrüfatı naziri olub. Bu il - 46 yaşında isə o, Baş nazirin aqrosənaye kompleksi üzrə müavini təyin edilib və ardıcıl şəkildə Kremldə Putinlə birlikdə iclaslara qatılır.
Putinin millətçi, antiqərb və təcrid olunmuş Rusiyasının nümunəvi vətəndaşı kimi, Patruşev Yeni İl bayramlarını xaricdə deyil, Moskvadan bir neçə yüz kilometr aralıda yerləşən Tver bölgəsindəki bağ evində keçirir. Bu ev rəsmən Patruşevin qeyri-rəsmi arvadı, televiziya fiquru Marina Artyomyevaya məxsusdur. Artyomyeva Patruşevin Moskva ətrafındakı mülkünün və Kreml yaxınlığında yerləşən “Zolotoy” elit yaşayış kompleksindəki iki mənzilinin də sahibidir. “Sistema”nın hesablamalarına görə, o, rəsmən 31 milyon dollarlıq daşınmaz əmlakın sahibidir.
Tverdəki bu bağ evinin tarixçəsinə araşdırmaqla, “Sistema” Volqa çayı sahilindəki bu mülkdən Afrikanın Atlantik sahilləri yaxınlığındakı Kape Verde mülklərinə aparan yolda bir sıra sövdələşmə və manipulyasiyaların olduğunu üzə çıxarıb. Bütün bu sövdələşmələr bugünədək Patruşevin nəzarətində olan Rusiya Kənd Təsərrüfatı Bankı ilə bağlı olub.
2022-ci il noyabrın 21-də o zaman hələ kənd təsərrüfatı naziri olan Patruşev Qərbi Sibirin Tümen bölgəsində bir quşçuluq fermasının açılışını təşkil edib. Putin qubernator və biznes nümayəndələrinin də qatıldığı bu mərasimə virtual qoşulub. Onun adını çəkdiyi iştirakçılardan biri “Agropromkomplektatsiya” adlı aqrobiznesin sahibi Sergey Novikov idi.
64 yaşlı Novikov öz biznes imperiyasını SSRİ dağılandan az sonra Tver bölgəsindəki bir kolxozdan başlayıb. O zaman şirkət 200 baş mal-qara və 2 min hektar torpaqla fəaliyyətə başlamışdı.
Manhettendən 17 dəfə böyük ərazi?
Bugün həmin konqlomeratın 40 min baş inəyi, 1,3 milyon donuzu və 100 min hektardan çox torpağı var. Bu, Manhettendən 17 dəfə böyük ərazi deməkdir. Rusiyanın 3 ən iri süd məhsulları istehsalçısından biri olan həmin şirkət donuz əti istehsalında yeddinci yeri tutur. Ötən il şirkətin gəliri təxminən 1,9 milyard dollar olub.
2020-ci ildə verdiyi müsahibədə Novikov şirkətinin sürətlə böyüməsində Patruşevin ayrıca rolundan açıq danışıb.
Rusiya Kənd Təsərrüfatı Bankının Novikovun şirkətinə iri kreditlər verməyə başlamasından təxminən bir il öncə - 2013-cü ilin aprelində “Korovinskoye” adlı aqrobiznes holdinqi tərk edib və Andrey Aleşkov adlı biznesmenin əlinə keçib. Aleşkov Dmitri Patruşevin köhnə məktəb yoldaşıdır. “Novaya Gazeta Europe” yazır ki, 2016-cı ildə Patruşevin bankı Aleşkova, Moskvada “Praym-Taym” adlı yaşayış kompleksi tikməsi üçün 1,89 milyard rubl (54 milyon dollar) məbləğində kredit ayırıb.
Mal-qara bəsləyən “Korovinskoye”nin Tver bölgəsində - Volqa çayı sahilində çox gözəl torpaq sahəsi də vardı. Bu torpaq sahəsi hazırda Dmitri Patruşevin bağ evinin olduğu yerdir. 2013-cü ildə 3 hektarlıq, yəni Qızıl Meydandan bir qədər böyük ərazi ağaclardan təmizlənmişdi. “Google Earth”dən götürülən görüntülərə görə, artıq 2014-cü ildə ərazidə tikinti işləri gedirmiş.
2018-ci ildə Rusiya Kənd Təsərrüfatı Bankının törəmə şirkəti Kiprdə yerləşən “Pimodo” ofşor şirkəti və onun Kape Verdedəki kurort kompleksinə investisiyası üzərində nəzarəti ələ keçirib.
Bu sövdələşmə 2022-ci ilədək davam edib. 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ardınca xaricdəki rus aktivlərini gizlətmək zərurəti yaranıb. 24 fevral hücumundan cəmi 3 həftə öncə “Pimodo” “Fiosal Ventures” adlı başqa bir ofşor şirkətə satılıb. Kiprin şirkətlər reyestrindən götürülmüş məlumata görə, “Fiosal Ventures”in Novikovun “Agropromkomplektatsiya” şirkəti ilə dolayı korporativ bağları var.