Ukrayna Silahlı Qüvvələri bildirir ki, Soledar şəhəri ətrafında, Baxmut və Avdeyevsk istiqamətlərində müdafiə xətti saxlanır, Rusiya Zaporojye yaxınlığındakı hərbi qruplaşmasını möhkəmləndirir.
Yanvarın 16-da açıqlanmış məlumatda deyilir ki, Ukrayna ordusu həm Soledarın içində, həm də onun ətraflarında Rusiya qüvvələrinin hücumlarını dəf edir.
Məlumata görə Rusiya hərbi birləşmələri Baxmut istiqamətində gündə ən azı 30 hücum əməliyyatı təşkil etməyə cəhd göstərir.
Ukrayna Silahlı Qüvvələri Şərq birləşməsinin nümayəndəsi Sergey Çerevatının sözlərinə görə, Rusiya qüvvələri Baxmut istiqamətində müxtəlif növ silahlardan 259 dəfə artilleriya atəşləri açıb.
Çerevatı əlavə edib ki, Soledarın özü rusiyalılar tərəfindən 134 dəfə atəşə tutulub, şərq cəbhəsi boyunca az qala 40-dək döyüş toqquşması baş verib.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Tavriçeski qruplaşmasının sözçüsü Yevgeni Yorin yanvarın 16-da deyib ki, Rusiya ordusu Zaporojye istiqamətindəki qoşun birləşmələrini gücləndirməyə çalışır.
Onun sözlərinə görə Rusiya ordusu bu ərazidə daha çox özünün mühəndis istehkamlarının möhkəmləndirilməsi və minaların düzülməsi ilə məşğuldur.
Yorin bəyan edib ki, Rusiya qüvvələrinin bu ərazidə böyük hücuma keçəcəyi az gözləniləndir.
Dneprdə ölənlərin sayı 40-a çatır
Dnepr şəhərində yaşayış binasına Rusiyanın raket zərbəsindən ölənlərin sayı 40-a çatıb. Axtarış-xilasetmə işlərinin 40 saatdır davam etdiyi bildirilir.
Yanvarın 16-da Moskva və Minsk hava qüvvələrinin birgə təlimlərinə başlayıblar. Belarus təlimlərin müdafiə xarakterli olduğu bildirsə də, bu xəbər Moskvanın Minski Ukraynadakı müharibəyə cəlb etməsi sarıdan narahatlıqların artması fonunda yayılıb.
Rusiyanın yeni hücumlarının dəf olunduğu bildirilir
Ukrayna ordusunun yanvarın 16-da yaydığı məlumata görə, ölkənin şərqində Rusiyanın yeni hücumları dəf olunub. Luqansk və Donetsk vilayətlərində Ukraynanın mövqelərinin Rusiya qüvvələri tərəfindən hədəfə alındığı bildirilir. ABŞ isə Almaniyada Ukrayna qüvvələri üçün genişləndirilmiş döyüş təlimi proqramının başlandığını açıqlayıb.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 15-də Ukrayna qüvvələri strateji Baxmut şəhərindən şimalda yerləşən Soledarda “mövqelərini demək olar saxlayıb”. Həftəsonu orada intensiv döyüşlərin getdiyi deyilir.
Ukrayna ordusu Rusiya qüvvələrinin Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində də enerji və mülki infrastrukturu hədəfə alındığını açıqlayıb.
ABŞ-nın Birləşmiş Qərargahlar başçısı general Mark Milli (Mark Milley) deyib ki, yanvarın 15-də Almaniyada Ukrayna qüvvələri üçün kompleks döyüş təlimi proqramı başlanıb.
Millinin dediyinə görə, proqram irimiqyaslı döyüşlərə fokuslanır, məqsəd növbəti 5-6 həftə ərzində 500-dək ukraynalı əsgərə təlim keçərək onların döyüşə qayıtmasıdır.
İndiyədək Birləşmiş Ştatlar azı 3 min 100 ukraynalı əsgərə müəyyən silah sistemlərindən, o cümlədən qaubitsa, zirehli texnika, HIMARS-lardan istifadə və onlara qulluqla bağlı təlim keçib. Digər Qərb müttəfiqləri də Kiyevə verdikləri silahlar üzrə təlim keçirlər.
+++
Ukraynanın mərkəzi Dnepr şəhərində yaşayış binasına Rusiyanın raket zərbəsindən ölənlərin sayı 30-a çatıb. Dnepr bələdiyyə şurası yanvarın 14-də baş vermiş hadisə nəticəsində 72 nəfərin yaralandığını bildirir.
Altısı uşaq olmaqla 39 nəfər xilas edilib. 43 nəfərin itkin düşdüyü bildirilir.
Zelenskinin rusiyalılara müraciəti
“Axtarış və xilasetmə işləri, təhlükəli struktur elementlərin sökülməsi davam edir, dayanmadan”, – Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz hər bir həyat uğrunda vuruşuruq”, – deyən Zelenski ənənəvi gecə müraciətində Rusiya xalqına müraciət edib.
“Sizin qorxaq sükutunuz, nə baş verdiyini sonadək izləmək cəhdiniz onunla bitəcək ki, bir gün eyni terrorçular sizin ardınızca gələcək”, – Zelenski rusca deyib.
Şəhər şurası daha öncə “Dneprə ən ağır terror hücumu” ilə əlaqədar üç günlük matəm elan edib.
Paytaxt Kiyev də vurulur
Ukrayna ordusu doqquzmərtəbəli binaya X-22 raketilə zərbə endirildiyini bildirir. Azı 1100 nəfərin yaşadığı binanın girişi tamamilə dağılıb.
Ukrayna hərbi komandanlığının yanvarın 15-də yaydığı məlumata görə, bir gün öncə Rusiya üç hava reydi, 57 raket zərbəsi, 69 hücum gerçəkləşdirib.
Yanvarın 14-də Dneprdən başqa qərbi Lvov və İvano-Frankovsk regionlarına, Odessa və Xarkov vilayətlərinə, eləcə də paytaxt Kiyevə zərbələr endirilib.
Kiyevin şimaldan ballistik raketlərlə vurulduğu bildirilir.
Silahlı qüvvələrin baş komandanı General Valeri Zalujninin dediyinə görə, Rusiya yanvarın 14-də 33 qanadlı raket atıb və onun 21-i Ukrayna havadan müdafiə sistemləri tərəfindən vurulub.
Soledarla bağlı iddialar
Strateji Soledar şəhərinin kimin nəzarətində olmasıyla bağlı qeyri-müəyyənlik qalır.
Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də deyib ki, Soledar onun əsgərlərinin nəzarətindədir. “Döyüşdə pozitiv dinamika var. Hər şey plan üzrə gedir”, – o, sözlərinə əlavə edib.
Ukrayna ordusu isə Rusiyanın iddialarını rədd edərək Soledarın içində və ətrafında qızğın döyüşlər getdiyini bildirir.
Bu arada Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya tank və artilleriya sistemləri veriləcəyini açıqlayıb.
Sunak yanvarın 14-də Zelenski ilə danışandan sonra Ukraynaya “Challenger 2” tankları və digər artilleriya sistemləri veriləcəyini bildirib.
Rusiya Sunakın bəyanatını pisləyib. Rusiyanın Londondakı səfirliyi Twitter-də yazıb ki, bu, “döyüş əməliyyatlarını gücləndirəcək”.
Yanvarın 20-dən sonra
Britaniya Müdafiə Nazirliyi rəsmilərinin dediyinə görə, yanvarın 20-də Almaniyada Ukraynanın donor ölkələrinin görüşündə bu ölkəyə 12 əsas döyüş tankının göndəriləcəyi rəsmən açıqlanacaq.
Dörd “Challenger 2” tankının dərhal, səkkizinin az sonra göndəriləcəyi bildirilir.
Rusiya 11 ay öncə səbəbsiz işğala başlayandan Ukrayna Avropa və NATO müttəfiqlərindən, o cümlədən Çex Respublikası və Polşadan T-72 sovet dövrü tanklarının yüzlərlə modernləşdirilmiş versiyalarını alıb.
Ancaq Kiyevin xahişlərinə baxmayaraq, ona Britaniyanın “Challenger 2”, yaxud Almaniyanın “Leopard 2” tanklarına oxşar silah verilməyib.