Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:46

Cinsi seçimli doğuşun ən çox və ən az pozulduğu rayonlar hansılardır?


Azərbaycanda qız çatışmazlığı yarana bilər
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Azərbaycanda qız çatışmazlığı yarana bilər (2018)

Azərbaycanda son dövrlər ən çox dartışılan bir məsələ də yeni doğulanlar arasında oğlan sayının sürətlə artmasıdır. Bir çox araşdırmalar göstərir ki, Azərbaycan dünyada selektiv abortların ən çox yayıldığı ölkələrdəndir. Qadın və kişi sayının dəyişməsinə dair rəqəmlər rəsmi statistikada da gözə çarpır. Məsələn, 2011-ci ildə Azərbaycanda qadın sayı kişilərdən 77 min nəfər çox idi. O vaxt ölkədə hər min kişiyə 1 min 17 qadın düşürdü. Ötən ilin sonunda ölkədə qadın və kişi sayları arasındakı fərq cəmi 7 min nəfər olub və ikinci dünya müharibəsindən sonra Azərbaycanda ilk dəfə kişi və qadınlar sayca təxminən bərabərləşib.

Oğlan qız nisbəti ən çox hansı rayonlarda fərqlənir?

Doğumla bağlı göstəriciləri incələyərkən bəlli olur ki, ölkənin bəzi bölgələrində yeni dünyaya gələnlər arasında oğlanların sayı digər bölgələrlə müqayisədə daha çoxdur. Bu baxımdan, ötən il ölkədə yeni dünyaya gələn uşaqlar arasında gender balansının ən çox pozulduğu rayon Xocalıdır. 2021-ci ildə Xocalı rayonunda toplam 204 uşaq dünyaya gəlib. Onlardan 135-i oğlan, 69-u qızdır.

Eyni göstəriciyə görə, ikinci ən yüksək nəticə Daşkəsən rayonunda qeydə alınıb. Ötən il orada 413 uşaq dünyaya gəlib. Onlardan 246-ı oğlan, 167-si qızdır. Deməli, Daşkəsəndə yeni doğulan uşaqlar arasında oğlanların sayı qızlardan 47 faiz daha çox olub. Ötən il Azərbaycanda doğuş zamanı oğlan-qız nisbətinin ən çox pozulduğu üçüncü rayon Yardımlıdır. Düzdür, nəzərə almaq lazımdır ki, ötən il Yardımlıda dünyaya gələn uşaqların sayı da digər iki rayonla müqayisədə daha çoxdur. 2021-ci ildə rayonda 1 min 174 uşaq dünyaya gəlib. Onlardan 674-ü oğlan, 500-ü qızdır. Beləcə, oğlanlar sayca qızlardan 35 faiz çoxdur. Gədəbəy (33.7 faiz) və Bərdə (30.8 faiz) rayonları da yeni dünyaya gələn uşaqlar arasında oğlan-qız nisbətinin ən çox pozulduğu beş rayon arasındadır. Bu göstərici ilə bağlı ölkə ortalaması 15.5 faizdir. Yəni, ölkədə yeni doğulan oğlanların sayı qızların sayını 15.5 faiz üstələyib. Bu baxımdan, adı çəkilən rayonlarda qeydə alınan göstərici ölkə ortalamasından iki dəfədən çox yüksəkdir.

Ötən il doğulan uşaqların toplam sayına görə rayon və şəhərlərin müqayisəsi göstərir ki, Bakıdan sonra (23 min) ən çox doğum qeydə alınan rayon Cəlilabaddır (3 min 478). Burada yeni doğulanlar arasında oğlan-qız nisbəti ölkə ortalamasıyla müqayisədə daha aşağı – 11 faizdir. Sumqayıt şəhəri (3 min 31 nəfər), Şəmkir (2 min 725) və Sabirabad rayonları da (2 min 625) yeni doğulan uşaqların sayca ən çox olduğu beş bölgədən biri olub.

Doğulan oğlan və qız sayının bərabər olduğu rayonlar

Rayonlar üzrə yeni doğulanlar arasında cins fərqinin ən az olduğu bölgə Biləsuvar rayonudur. Burada ötən il 1 min 466 uşaq dünyaya gəlib. Onlardan 741 nəfəri oğlan, 725 nəfəri qız olub. Bu o deməkdir ki, yeni doğulan uşaqlar arasında oğlanların sayı qızların sayını cəmi 2.2 faiz üstələyib. Yeni doğulan oğlan uşaqlarının sayının qız uşaqlarının sayına ən çox yaxın olduğu ikinci rayon Göyçaydır. Burada nəticələr, demək olar, Biləsuvarla eynidir. Ötən il Göyçayda dünyaya gələn 1 min 463 uşaqdan 740-ı oğlan, 723-ü qız olub. Beləcə, yeni doğulan oğlanların sayı qızları cəmi 2.4 faiz üstələyib. Babək (3.1 faiz), Cəbrayıl (3.2 faiz) və Oğuz rayonları da (3.8 faiz) yeni dünyaya gələn uşaqlar arasında oğlan və qız sayının bir-birinə ən çox yaxın olduğu rayonlar arasındadır.

Ötən il Azərbaycanda ən az doğum qeydə alınan rayon Xızı olub. İlboyu Xızıda toplam 182 uşaq dünyaya gəlib. Sədərək (186 nəfər), Xocalı və Xocavənd (hər ikisində 204 nəfər) və Şahbuz rayonları (220 nəfər) da doğum sayının ən az qeydə alındığı beş rayon arasındadır.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda şəhərlərdə doğulan hər 100 qız uşağına 113 oğlan düşüb. Kəndlərdə isə hər yeni doğulan 100 qız uşağına düşən oğlan sayı 118 olub. Bu baxımdan, aydın olur ki, ölkədə yeni doğulan uşaqlar arasında cins nisbəti kəndlərdə şəhərlərlə müqayisədə daha çox pozulur.

Doğum statistikaları ilə bağlı ötən il diqqətçəkən daha bir rəqəm uşaq dünyaya gətirən anaların orta yaşıdır – 26.4. 2020-ci ildə bu göstərici 25.9-a, 2019-cu ildə isə 25.7-ə bərabər idi. Ümumiyyətlə, müstəqillik illərində Azərbaycanda ilk dəfədir ki, bir il ərzində uşaq dünyaya gətirən anaların orta yaşı 26-nı ötüb.

XS
SM
MD
LG