25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. (Konstitusiya Aktının TAM MƏTNİNİ buradan götürə bilərsiz) O gündən 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması avqustun 30-da Müstəqillik Bəyannaməsinin qəbulundan sonra gündəmə gəlmişdi. O zaman ortaya iki layihə qoyulur.
Birini Prezident Aparatının hüquqşünasları, digərini Fuad Ağayevin başçılıq etdiyi Milli İstiqlal Partiyasının hüquqşünaslar qrupu hazırlayır. Yekunda birgə komissiya yaradılır və ortaq layihə oktyabrın 8-də Ali Sovetin növbədənkənar sessiyasının müzakirəsinə çıxarılır.
Dördügünlük müzakirələrdən sonra qərarın verilməsi bir həftə sonraya saxlanır. Nəhayət oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilir.
Azərbaycanın müstəqilliyinin bərpası 1991-ci ilin əvvəllərindən başlamışdı. Həmin il can üstə olan İttifaqın əksər respublikalarında müstəqillik hərəkatı güclənmişdi.
İttifaqı saxlamağa cəhd edənlər 1991-ci ilin martında bir sıra respublikalarda referendum təşkil etdilər.
Bülletendə sual belə idi: “Sovet Sosialist Respublikaları İttifaqının bərabərhüquqlu suveren respublikaların yenilənmiş, istənilən millətdən olan vətəndaşların hüquq və azadlıqlarının tam ölçüdə təmin olunduğu federasiyası kimi qalmasını zəruri hesab edirsinizmi?”
O zaman Azərbaycanın parlamenti kimi fəaliyyət göstərən Ali Sovetdə də bu yöndə qızğın müzakirə getdi. 350 deputatdan yalnız 43-ü sona qədər referenduma etiraz etdi. Sonralar mətbuat həmin 43 nəfəri “İstiqlalçı deputatlar” olaraq tanıtmağa başladı.
Rəsmi nəticələrdə göstərilirdi ki, mart referendumunda SSRİ vətəndaşlarının əksəriyyəti ittifaqın saxlanılmasına səs vermişdi. O cümlədən Azərbaycanda əhalinin 90%-dən çoxunun Sovetlər Birliyinin saxlanılmasına səs verdiyi bildirilirdi.
1990-cı illərdə “Müstəqil Azərbaycan” deputat blokunun üzvü, hazırda Müsavat Partiyası başqanı Arif Hacılının qənaətincə, sovet imperiyasının çöküşünün başladığı artıq həmin günlərdə bəlliydi.
Prosesi sürətləndirən avqustda Moskvada hakimiyyəti qısa müddətə ələ keçirən “QKÇP” - Dövlət Fövqəladə Vəziyyət Komitəsi oldu.
Həmin günlərdə Azərbaycan Xalq Cəbhəsi SSRİ-də “QKÇP”-yə etiraz edən, bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirən ilk müxalif qurumlardan idi. Respublika rəhbərliyi isə “QKÇP”-yə dəstək vermişdi, sonradan bunu təkzib etsə də.
Etiraz aksiyası keçirən AXC-nin qərargahına milis basqın edir, sədr Əbülfəz Elçibəy, deputat Sabir Rüstəmxanlı, Pənah Hüseyn, Nəcəf Nəcəfov döyülürlər. İlk iki adıçəkilən şəxslər başlarından xəsraət alırlar.
Avqustun 25-də milli hərəkat üzvləri aylardır hərbi texnikanın mühasirəsində saxlanan Azadlıq Meydanına giririlər. Həmin günlərdə Azərbaycanda fövqəladə vəziyyət davam edirdi. Sovet əsgərləri hələ də Azərbaycandaydılar.
Tədqiqatçı Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” adlı kitabında yazır: “26 avqust 1991. Azadlıq meydanı. Fövqəladə vəziyyət vaxtı ilk mitinq.
- Xalq hücumla Meydanı alır. Hər tərəfdə hərbi maşınlar, ZTR-lər, əsgərlər, milislər (Camaat onları yarıb keçir).
- Tribunada İsa Qəmbərov, Tamerlan Qarayev, Pənah Hüseynov, Tahir Kərimli və başqaları. Meydanda təxminən 50 min adam var. Sevinc. Təbriklər...”
Müəllif həmin il avqustun 27-də yazır: “Kommunistlərlə, deyəsən, qurtardıq axı! Bu gün hətta “bizim” “Kommunist” qəzeti də öz şərəfli adından imtina etməyə məcbur olub...”
O zamankı deputat, hazırda VHP sədri Sabir Rüstəmxanlı həmin günü belə xatırlayır:
“Elçibəyin ismarışı əsasında Azadlıq Meydanında mitinq keçirdik. O, İsa Qəmbərlə mənə xəbər göndərmişdi ki, bəlkə mitinqi Azadlıq Meydanında keçirəsiniz? Meydanın ətrafı hərbi maşınlarla əhatə edilmişdi, onları aşıb meydana girdik. Beləliklə, neçə aydan sonra Azadlıq Meydanında ilk mitinq keçirildi. Bundan sonra məcbur qalıb fövqəladə vəziyyəti də ləğv etdilər. Qorbaçovun qayıtmasından sonra respublika rəhbərliyi ilə Moskva hakimiyyətinin münasibətləri pozulmuşdu. Bunun da təsiri altında avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edildi”.
Arif Hacılı: da danışır ki, 18 Oktyabra qədər Azərbaycanın müstəqilliyi üçün daha ağır mərhələlər arxada qalmışdı:
“Artıq avqust, sentyabr, oktyabr aylarında proses yekunlaşırdı. Avqustun 30-da Azərbaycanda Ali Sovet Müstəqillik Bəyannaməsi qəbul etdi. Bu bəyannamə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sübut edirdi. Oktyabrın 9-da Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar qəbul edilməsinə nail olduq. Elə həmin günlərdə də Müstəqillik Aktı müzakirəyə çıxarıldı. Nəhayət oktyabrın 18-də Azərbaycan Respublikasinin Dövlət Müstəqilliyi haqda Konstituisya Aktı qəbul edildi”.
Oktyabr 1991-ci il.
O hadisələrin iştirakçısı, “Demblok” üzvü Etibar Məmmədov Konstitusiya Aktının qəbul edildiyi gün zalda gərginlik olmadığını deyir. Bunu da avqust hadisələrindən sonra hamının hadisələrin qarşısıalınmaz bir istiqamətdə getdiyini anlaması və qəbullanması ilə izah edir.
Bəs, həmin tarixi sənədin müəllifi kim idi? Etibar Məmmədov yada salır:
“Müstəqillik Aktı layihəsi həm prezident aparatından göndərilmişdi parlamentə, həm də mənim adımdan. AMİP-in hüququşünaslar qrupu, başqa Fuad Ağayev olmaqla layihə hazırlamışdılar. Prezident aparatında hazırlanan qanun layihəsi çox dişsiz və yumşaq idi. Ayaq yeri qoymuşdular ki, vəziyyət dəyişsə, geri addım ata bilsinlər. Sonradan komissiya yaradıldı və iki layihə birləşdirilidi. Son variant 18 oktyabrda səsverməyə çıxarıldı”.
Professor Rəhman Bədəlov Müstəqillik günü və hazırda cəmiyyətdə baş verənlərdən danışır:
Arif Hacılı Müstəqillik Aktını “mükəmməl sənəd” adlandırır. “Həmin sənəddə Azərbaycanın 1920-ci il aprelin 27-də Rusiya tərəfindən işğal olunduğu qeyd edilirdi. Eyni zamanda, Müstəqillik Aktında yeni dövlətin yarandığını bildirmirdik. Biz 1918-1920-ci illədə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpa olunduğunu bəyan edirdik. Bu respublikada azad, hüquqi dövlət qurulduğunu elan edirdik. Bu sənəd mütərəqqi sənəd idi”.
(Deputatların 92 nəfəri həmin gün işə gəlməyib. 18 oktyabr 1991-ci il.)
Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” kitabında yazır: “Müstəqillik haqda Konstitusiya aktı yekdilliklə qəbul olundu. Maddə-maddə səsvermədən keçən akt Ali Sovet tarxində çox güman ki, belə qanuni şəkildə bəyənilən yeganə sənəddir.
Qərar qəbul olunan kimi Tofiq Bağırov, Nəriman Həsənzadə, İsa Qəmbərov, İgəndər Həmidov, Qolovina və başqaları deputatları təbrik etdilər. Həmin günün gecəsi prezident Mütəllibov televiziya ilə xalqa gözaydınlığı verdi”.
Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 25 il qabaq, 18 oktyabrda Milli Məclisidə Müstəqillik Aktının qəbul olunduğu günü belə xatırlayır:
“Səs verildi. Bir anlıq zala sükut çökdü. Sonra ağlayan kim, qucaqlaşan kim.
Hamı qışqırırdı: “Qəbl edilidi!” Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayırdı, biri gülürdü... Qeyri-adi bir əhval-ruhiyyə vardı...
Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib...
Mən ağladım. Firudin Ağasıoğlu ilə yanaşı oturmuşduq. Bir-birimizə baxıb ağladıq, sonra qucaqlaşdıq.”
Birdən salona Azərbaycanın üçrəngli bayrağı gətirildi. Sonradan bildik ki, bunu hökumətin öz adamları təşkil edib, DTK əməkdaşıdır bayrağı gətirən də...
Bayraq gələndə düşündüm: Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Biz indi rahatca ölə bilərik, mənim davam bura qədərdi! Daha arxayınlaşa bilərik. Belə düşünürdük o vaxt. Sonra yazmışdım:
Qalx, bayraq gəlir!
Üçrəngli, ay-ulduzlu bayraq gəlir, qalx, yoldaş kommunist,
dünən bunu tanımayan, həqarət edən, o bayrağı cıran, ayaq altına atan, qalx!
Qəzəbdən əssən də, ürəyin partlasa da qalx...
Həmin gün ömrümün ən xoşbəxt günü idi”.
O zamankı deputat Sülhəddin Əkbər yaşadığı hissləri belə ifadə edir:
“Öz həyatını milli azadlıq hərəkatına həsr edən gənc üçün o unudlmaz andır. Siyasi həyatımda yaşadığım ən böyük sevincir...
Səsvermə bitdi... Bir anlığa boşluğa düşdüm. Çoxdan arzuladığın bir şey gerçəkləşəndə buna inana bilmirsən. Mən bir müddət psixoloji-emosinal olaraq boşluğa düşdüm...
Çox qısa çəkdi bu. Bir neçə an davam etdi. Sevincimizin həddi-hüdudu yox idi. Hərə öz xarakterinə uyğun reaksiya verirdi. Müxtəlif hisslər vardı. Ümumi sevinc vardı… Keçmiş kommunistlər məyus idilər. Amma "Demblok" böyük sevinc yaşayırdı. Zaldakı jurnalistlər də, parlamentin aparat üzvləri də bizə qoşulmuşdular”.
18 oktyabr 1991-ci il.
Arif Hacılı həmin günün davamını belə xatırlayır: “Parlament üzvləri həmin toplantıdan sonra müxtəlif qruplarla banketlərdə iştirak etməli oldular. Bu banketlər o qədər uzun çəkmişdi, o qədər gur olmuşdu ki, hətta oktaybrın 19-da parlamentin iclasında yetərsay mümkün olmadı.
Həmin gün sevinirdim. Amma ən xoşbəxt günlər avqust günləri idi. Avqustda təmir adı altında, müxtəlif tikinti materialları, eləcə də, müxtəlif texnika ilə əhatə edilmiş Azadlıq Meydanina girəndə artıq müstəqillik məsələsinin həllinə inandıq. Mənim kövrəldiyim, həyəcan keçirdiyim gün avqustun 26-ı idi. Dörd gün sonra parlamentdə Müstəqillik Bəyannaməsini qəbul etdik. Əslində, müstəqilliyimizin bərpası kimi avqustun 30-nu da saymaq olar”.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı isə qəbul ediləndən iki ay sonra - 1991-ci il dekabrın 29-da ümumxalq referendumuna çıxarılır. Əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.
Etibar Məmmədov danışır ki, bundan sonra Azərbaycanın müstəqilliyin tanıdılması və qəbul etdirilməsi yönündə iş başlanır. “Oktyabrın sonunda mən Ali Sovetin rəsmi nümayəndəsi kimi Türkiyəyə getdim və ordakı danışıqlaran sonra noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı. Az sonra Pakistan eyni addımı atdı. Azərbaycan sovet respublikaları arasında müstəqilliyi tanınan ilk respublika idi bəlkə də. BMT-nin Azərbaycanin müstəqilliyini tanıması isə marta baş tutdu”.
Hadisələrin gedişi qısa videoxülasədə:
Sözügedən tarixi günün iştirakçıları ilə söhbətdə bir fikir də səslənir. Onlar bundan sonra Azərbaycanın problemlərinin qısa zamanda həllinə səmimi şəkildə inandıqlarını deyirlər. Dağlıq Qarabağın işğaldan azad edilməsinə, Azərbaycanda demokratik, firəvan, azad bir cəmiyyətin qurulmasına nail olacaqlarına əminiydilər.
Amma az sonra Qarabağda müharibə daha da alovlanır, erməni silahlı qüvvələri Azərbaycanın daha çox ərazisini işğal edir, ölkədə dövlət çevrilişləri baş verir, yoxsullaşan respublikada siyasi-iqtisadi-hərbi təlatümlər yaşanır…
Konstitusiya aktının təqdimatı və səsvermə anları burada:
**************
Azərbaycanın məşhur fotojurnalisti Rasimin fotolarından istifadə edilib.
Salnamədə həmçinin tanınmış yazar Ədalət Tahirzadənin, istiqlalçı deputatlar İsa Qəmbər, Hacıbaba Əzimov və Arif Hacılının
şəxsi arxivindəki materiallardan da faydalanmışıq.
AzadlıqRadiosunu Facebook-da,
Twitter-də və VKontakte-də də izləyin.
© AzadlıqRadiosu 2016