Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

DST qlobal ‘virus gözətçisi’ yaradır


Dünya Səhiyyə Təşkilatı bildirir ki, həm də COVID-19 virusunun mənşəyinin öyrənilməsinə dair dalana düşmüş tədqiqatın davam etdirilməsi üçün daha bir ekspert qrupu yaradılıb.

DST rəsmilərindən biri bu qrupun “sonuncu şans” olduğunu bildirib.

The Guardian yazır ki, 26 ekspertdən ibarət qrup koronavirusun mənşəyinin öyrənilməsi üçün yeni qlobal çərçivə yaratmalıdır.

DST-nin fövqəladə hallar üzrə direktoru Maykl Rayan oktyabrın 14-də deyib ki, bu virusun mənşəyinin kollegial bir tərzdə üzə çıxarılması üçün son imkan ola bilər.

DST bu ilin əvvəllərində bəyan etmişdi ki, yeni yaranan patogenləri araşdıracaq Elmi Məşvərət Qrupu tərtib edəcək.

DST-nin texniki direktoru Mariya Van Kerkove deyib ki, bu məşvərətçi qrup nəyin məlum, nəyin naməlum olduğu barədə təcili qərarlar çıxaracaq.

Xanım Kerkove deyib ki, bu məsələdə ləngimək olmaz.

Bundan əvvəl Çinin BMT-nin Cenevrə qərargahındakı səfiri Çen Zu yeni yaradılan qrupun “siyasiləşdirilməməsinə” çağırmışdı.

Lakin səfir işarə edib ki, yeni yaradılan qrupu Pekində gözləmirlər:

“Biz ekspert qruplarını hər yerə göndərəcəyik. Mən inanıram ki, söhbət Çindən getmir, çünki biz beynəlxalq alimlər qrupunu artıq iki dəfə qəbul etmişik. İndi qrupları başqa yerlərə göndərməyin vaxtıdır”.

Koronavirus sonuncusu deyil

Hazırda yaşanan COVID böhranından başqa son illərdə yüksək riskli patogenlər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS), quş qripləri, Lassa, Marburq və Ebola yenidən zühur edib.

DST-nin baş katibi Tedros Adanom Gebreyesus bu barədə deyib:

“Potensial epidemiya və pandemiya yaratmaq riski olan yeni virusların üzə çıxması təbiət faktıdır. Sars-CoV-2 belə viruslardan yenisi olsa da, sonuncusu olmayacaq. Patogenlərin haradan gəlməsinin öyrənilməsi gələcək yoluxmaların önlənməsi üçün zəruridir.”

DST yaradılan qrupun 26 üzvünü 700-dək profil və elm sahəsindən yığıb.

Bu alimlərdən bəziləri DST-nin Çinə ekspedisiyasında iştirak ediblər.

Bu da qeyd olunur ki, qrup DST-yə COVID-19-un mənşəyinə aid bütün elmi və texniki faktlar barədə müstəqil qiymətləndirmə təqdim etməlidir.

Qrupun təşkilata habelə pandemiya ərzində tələb olunan “təcili tövsiyələr” verməsi nəzərdə tutulub.

Koronavirus pandemiyası indiyədək dünya boyunca 4.85 milyon insanın həyatına son qoyub.

DST-nin 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərinə göndərdiyi ekspertlər komandası COVID-19-un mənşəyi barədə qəti nəticəyə gələ bilməyib.

Qrup bunun əvəzində 4 fərziyyə irəli sürüb. Alimlər virusun laboratoriyadan sızması versiyasının ağlabatan olmadığını bildiriblər.

XS
SM
MD
LG