Cəlilabad Rayon Məhkəməsi yanvarın 12-də jurnalist Əfqan Sadıqovu 2 il 6 ay azadlıqdan məhrum edib.
Jurnalistin günahkar bilindiyi maddələr onun peşə fəaliyyəti ilə bağlı deyil. Məhkəmə onu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) ilə təqsirli bilib.
Ancaq, həm jurnalistin özü, həm də onun vəkili Elçin Sadıqov məhkəmədə rəsmi ittihamın tamamilə əsassız olduğunu bildiriblər.
Buna da bax: 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı
Jurnalistin vəkili ittihamın qurama olduğunu bildirib. Bu ittihamın onun Cəlilabad rayon icra hakimiyyətinin başçısı barədə tənqidi yazılar yazdığına görə, irəli sürüldüyün qeyd edib.
Əfqan Sadıqov məhkəmədəki son sözündə peşman olduğunu deyib. Ancaq onun peşmançılığı əməlindən olmayıb:
“Peşmanam. Ona görə ki, kaş daha əvvəllərdən mübarizəyə başlayaydım. Günahkar məmurları daha çox tənqid edəydim”
O daha sonra AzadlıqRadiosu-na, Meydan TV-yə, “Azərbaycan saatı ” proqramına təşəkkürünü bildirib.
Buna da bax: Azadlıq Radiosunun və 'Amerikanın səsi'nin saytları bloklanıb?
Məhkəmə heyəti isə ittihamın təsdiqləndiyi qənaətinə gələrək, jurnalistin 2 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm verib.
Məhkəmədən sonra vəkil E.Sadıqov bildirib ki, hökm qanunsuzdur, məhkəmə prosesi zamanı ittihamlar təsdiqini tapmayıb.
“Əfqan Sadıqovun həbsi onun peşə fəaliyyəti, icra qurumlarını tənqid etməsi ilə bağlıdır. Hökmdən apellyasiya şikayəti verəcəyik”, vəkil bildirib.
Buna da bax: Vəkil: 'Jurnalistə ittihamlar boşa çıxır'
Xatırlatma
Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov noyabrın 22-də saxlanılmışdı.
Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
İttiham ötən ilin avqustunda rayon icra hakimiyyətinin binasında bir qadınla baş vermiş insidentlə bağlı idi. İttihamda jurnalistin xanıma xəsarət yetirdiyi iddia olunurdu.
Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.
Buna da bax: Cəlilabadda sahibi həbs olunan kimi sayt da yoxa çıxdı
Jurnalistin açıqlamalarına, hələlik, Cəlilabad rayon İcra Hakimiyyətindən hər hansı münasibət bildirilməyib.