Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

Əfqanıstanda aclıq və səfalətlə keçən Ramazan


Fəryab vilayətinin küçələrindən birində burkalı qadınlar quru meyvə alırlar.
Fəryab vilayətinin küçələrindən birində burkalı qadınlar quru meyvə alırlar.

Ramazan adətən şəfqət, xeyriyyə və şənlik ayıdır. Ancaq müsəlmanların bu müqəddəs ayı dünyadakı ən böyük humanitar böhranın yaşandığı Əfqanıstanda aclıq, səfalət, işsizlik fonunda keçir.

Dünyada bəzi müsəlmanlar iftarı nemət dolu süfrə başında açdığı bir vaxtda milyonlarla əfqan aclıqdan ölməmək uğrunda çarpışır. Bu ölkədə bir çoxları çörək və su ilə dolanır.

"Axşama yeməyə heç nəyin yoxdursa..."

"İftarda yeməyə heç nəyimiz yoxdur", - Kabildə üç uşaq anası Mariya deyib. Əri narkoman olan Mariya evin yeganə çörəkgətirənidir. Ancaq 2021-ci ildə hakimiyyəti ələ keçirmiş Taliban qadınların evlərindən kənarda işləməsini qadağan edib.

"Heç Ramazan bayramını da keçirə bilməyəcəyik", - qadın söyləyib. Bu il orucluq martın 11-də başlayıb.

Əbdül Qadir isə oktyabrdan bəri qonşu Pakistandan qovulan azı 500 min əfqan qaçqın və miqrantdan biridir. O, ailəsini doyuzdura bilmir, bu il oruc tutmadığını söyləyir.

"Axşama yeməyə heç nəyin yoxdursa, oruc tutmaq mümkün deyil. İqtisadiyyat, demək olar, sıfırdır. İş yoxdur", - şərqi Ləğman vilayətində yaşayan Qadir deyib.

24 milyon əfqana humanitar dəstək lazımdır

Ramazan Əfqanıstanda ağır humanitar və iqtisadi böhranla üst-üstə düşüb.

Ölkənin 40 milyona yaxın əhalisinin 24 milyona qədərinə bu il həyati vacib humanitar dəstək lazım gələcək, - BMT martın 10-da bildirib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda 4 milyonadək əfqan kəskin pis qidalanır. Onlardan azı 3 milyonunun yaşı 5-dən azdır.

Dünya Bankı isə martın 10-da yaydığı hesabatda qeyd edib ki, Əfqanıstan zəif iqtisadi fəallıq fonunda deflasiya yaşayır. Qurum Əfqanıstanda ixracın kəskin azaldığını, milli valyutanın dəyərdən düşdüyünü də vurğulayır.

Əfqan qadınlar Qəndəharda Ramazan ayı zamanı xeyriyyə fondu tərəfindən paylanan ərzaq yardımını aldıqdan sonra oturublar.
Əfqan qadınlar Qəndəharda Ramazan ayı zamanı xeyriyyə fondu tərəfindən paylanan ərzaq yardımını aldıqdan sonra oturublar.

Taliban hakimiyyətə gələndən ölkədə iqtisadi düşüş yaşanıb, humanitar böhran kəskinləşib. Qərb donorları yardımı qəfil dayandırıb, Taliban hökumətinə beynəlxalq sanksiyalar qoyulub.

Yardım qrupları humanitar əməliyyatları davam etdirsələr də, beynəlxalq yardımın azalması onların fəaliyyətini məhdudlaşdırıb.

Kreditlə orucluq

Beynəlxalq ictimaiyyətin tanımadığı, sanksiyalara məruz qalan Taliban isə böhranları yoluna qoymaq iqtidarında deyil.

Zəlzələ və quraqlıq kimi təbii fəlakətlər, qonşu ölkələrdən bir milyondan çox əfqan qaçqının axını onsuz da ağır humanitar vəziyyəti daha da pisləşdirib.

Bu il bir çox əfqan maliyyə çətinlikləri ucbatından oruc tutmurlar.

Şimali Pərvan vilayətində müəllim işləyən Nida Əhmədi Ramazan ayında tam oruc tutmaq üçün kredit götürdüyünü deyir.

"Amma bu da bəs eləmir. Bazara gedəndə bilmirəm üstümdəki cüzi pula nə alım", - ayda 200 dollara yaxın maaşla yeddi nəfərlik ailəni dolandırmalı olan Əhmədi söyləyir.

Məqaləni AzadlıqRadiosunun "Radio Azadi" xidmətinin müxbirləri Faiza İbrahimi və Sana Kakarın yazdıqları əsasında Əbubəkər Siddiqi hazırlayıb.

XS
SM
MD
LG