Metronun “Neftçilər” stansiyasının yaxınlığında 39-yaşlı Gülnar Qaraxanova, eləcə də onun 11-yaşlı oğlu və 14-yaşlı qızının qətlə yetirilməsi ilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb.
Qaraxanovanın bacısının həyat yoldaşı Əhəd Əliyev onun və iki övladının qətlində təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilib. Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Lakin 42-yaşlı Əliyev özünü təqsirli bilmir. O, hökmdən öncə son sözündə də Rahib Salmanovun sədrlik etdiyi hakimlər heyətini bu işi obyektiv araşdırmamağa görə qınayıb:
“Bu 7 ay yarımlıq məhkəmədə istintaqdakılardan əlavə heç bir dəlil ortaya qoymadınız. Vəsatət verirdik, təmin eləmirdiniz. Söz deyirdik, kinayə ilə yanaşırdınız. O zaman nə ehtiyac vardı bu məhkəməyə?”, – Əliyev belə deyib.
Prokuror işgəncə iddialarının təsdiqini tapmadığını deyir
Onun sözlərinə görə, istintaq onun etirafedici ifadəsinə əsaslanıb ki, həmin ifadəyə də ağlasığmaz işgəncə altında imza atıb.
Əliyev çıxışının sonunda hakimlərdən “minimum ədalət” istəyib.
Qısa müşavirədən sonra hökmü elan edən hakimlər isə hesab edir ki, Əliyevin bu cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Məhkəmədə işgəncə məsələsinə münasibət bildirən prokuror deyib ki, Əliyevin şikayəti üzrə Nizami rayon Prokurorluğunda araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ona görə də işgəncə şikayəti üzrə cinayət işi başlanması vəsatəti rədd edilib.
Hadisə necə baş verib
Hadisə 2022-ci il fevralın 20-də Nizami rayonu ərazisində baş verib. Gülnar Qaraxanova, onun 14-yaşlı qızı Lamiyə və 11-yaşlı oğlu Ataxan kirayə qaldıqları evdə bıçaqla qətlə yetirilib. Mənzildə olan 25 min manat pul isə oğurlanıb.
Ana və övladlarını öldürməkdə ittiham edilərək həbs olunan 42-yaşlı Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.
Əliyev uzun illər müəllim işləyib, hətta bir müddət Saatlı rayonunda məktəb direktoru vəzifəsində də çalışıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə törədib. Ailənin ev almaq üçün pul topladığını bilib. Cinayəti törədəndən sonra evdən təxminən 25 min manat pul götürüb.
Bu cinayət işi üzrə materiallar arasındakı videodiskdə görüntülərin bir hissəsi silinib. Həmin görüntülər hadisə yeri ilə bağlıdır.