Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:31

Beynəlxalq təşkilatlardan sərt çağırış


İlham Əliyev
İlham Əliyev

20-yə yaxın beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatında iştirakının dayandırılmasını istəyir. Həmin təşkilatlar bununla bağlı MSŞT Şurasına məktub göndəriblər.

«Turan» agentliyi xəbər verir ki, məktubda Azərbaycanın vətəndaş cəmiyyətindən ötrü əlverişli şəraitin yaradılması barədə MSŞT-nin tələblərini davamlı pozduğu vurğulanır.

«2015-ci il aprelin 15-də MSŞT vətəndaş cəmiyyətinin təqib olunması faktlarına görə Azərbaycanın statusunu «namizəd» səviyyəsinə endirib. MŞST sədri Clare Short-un 2015-ci ilin oktyabrında Azərbaycana səfəri zamanı prezident İlham Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyətlərin qoyulduğunu etiraf edib və onların aradan qaldırılacağını vəd edib. O vaxtdan hökumət problemlərin aradan qaldırılması üçün bəzi müsbət addımlar atsa da, əsas problemlər qalır. Bundan əlavə, son aylar hakimiyyət vətəndaş cəmiyyətinə yeni hücumlara başlayıb», - müraciətdə deyilir.

HƏBSDƏKİ QHT-ÇİLƏR

Müraciətdə bildirilir ki, hakimiyyət QHT-ləri (koalisiyaları) təqib edir, onların səmərəli fəaliyyətinə imkan vermir. Koalisiyanın iki üzvü - Asif Yusifli və Fuad Qəhrəmanlı saxta ittihamla həbsxanada saxlanılır. Koalisiyanın digər üzvü Oqtay Gülalıyev isə davamlı basqı altındadır. Digər QHT fəallarından Zöhrab İsmayıl, Elçin Abdullayev və Səbuhi Qafarov həbs təhlükəsi ilə əlaqədar 2014-cü ildə mühacirət etməyə məcbur olublar.

XARİCİ MALİYYƏDƏN MƏHRUM QHT-LƏR

Sənədə görə, Azərbaycanda QHT-lər xarici maliyyələşmədən məhrum edilib. Əgər xarici donor Azərbaycanda fəaliyyət göstərən QHT-yə qrant verirsə, bu, Ədliyyə Nazirliyində təsdiqlənməlidir. Lakin hakimiyyət, əsasən, təsdiqləməkdən imtina edir. Hakimiyyət 2014-cü ilin aprelində onlarla QHT-yə qarşı açılmış cinayət işini dayandırmayıb.

«Bir çox QHT-nin bank hesabları və onların direktorlarının şəxsi hesabları əvvəlkitək həbsdədir», - müraciətdə vurğulanır.

HÖKUMƏT NƏ ETMƏLİ

Müraciət müəllifləri 2014-cü ildə QHT-lər haqqında qanunvericiliyə edilən məhdudiyyətlərin ləğvini, vətəndaş cəmiyyətinə normal şəraitin yaradılmasını və xarici maliyyələşməyə məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

Bundan başqa, Asif Yusifli və Fuad Qəhrəmanlı daxil olmaqla, bütün siyasi məhbus sayılanların azadlığa buraxılması tövsiyə edilir.

Müraciəti «Article 19», «CEE Bankwatch Network», «Civil Rights Defenders», «Crude Accountability», «Freedom House», «Freedom Now», «Human Rights House Foundation», «Index on Censorship»və s. təşkilatlar imzalayıblar.

2015-ci ilin aprelində vətəndaş cəmiyyəti institutlarına təzyiqlə əlaqədar Azərbaycanın MSŞT-dəki statusu üzvlükdən namizəd ölkəyə endirilib. İclasda bununla əlaqədar vəziyyətin düzəldilməsi üzrə plan qəbul edilib.

MSŞT-nin İdarə Heyətinin növbəti iclası oktyabrın 25-i və 26-da Astanada keçiriləcək. Həmin iclasda ölkələrdəki qiymətləndirmələrin yekunları üzrə hesabatlar müzakirə olunmalıdır.

XS
SM
MD
LG