Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:09

Rusiyalı ekspert: Moskva Cənubi Qafqazda 'öz tələsinə' düşüb


Azərbaycan-Türkiyə Gürcüstan birgə təlimləri. 2019-cu il
Azərbaycan-Türkiyə Gürcüstan birgə təlimləri. 2019-cu il

Rusiyalı hərbi-siyasi ekspert Yuri Fyodorov AzadlıqRadiosu Rus xidmətinin saytında yazır ki, üç onillik ərzində Moskva özünün Cənubi Qafqazdakı nüfuzunu saxlamaq məqsədilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa görə gedən münaqişədən uğurla istifadə edib:

“Görünür perestroykanın sonlarında Kremldə başa düşmüşdülər ki, sovet respublikalarının müstəqilliyə yönəlik hərəkətini dayandıra bilməyəcəklər, amma onlar müstəqilliklə yanaşı elə problemlər qazanacaqlar ki, sonra imperiyadan çıxdıqlarına görə dəfələrlə peşmançılıq çəkəcəklər”.

Məqalədə deyilir ki, bu səbəbdən də, tezliklə Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) agentləri hərbi formanı kamuflyajla əvəzləyərək “könüllü” kimi Dnestryanı və Abxaziyaya yollanmışdılar.

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ problemini həll etmək üçünsə Yuri Andropovun keçmiş köməkçiksi və Yevgeni Primakovun yaxın dostu Arkadi Volskini göndərmişdilər.

Fyodorov yazır ki, Volskinin Cənubi Qafqaz missiyasını bugünədək xatırlayırlar, amma buna minnətdarlıqla xatırlama demək olmaz:

“Moskvada təkrar etməkdən yorulmurlar ki, Ermənistanın təhlükəsizliyini yalnız Rusiya ilə hərbi ittifaq, KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvlük və Rusiyanın Gümrü və Yerevanda mənzillənmiş 102 nömrəli hərbi bazası təmin edə bilər".

Doğrudan da Ermənistan Azərbaycanla təkbaşına vuruşa bilməz. Onun hərbi potensialı Azərbaycanın potensialından əhəmiyyətli şəkildə geri qalır. Mən hələ vəziyyət gərginləşərsə Bakıya kömək üçün hazırlanmış Türkiyə qoşunlarını demirəm”.

Yuri Fyodorov
Yuri Fyodorov

Ekspertin fikrincə, Rusiya Ermənistanı bu təhlükəyə inandırmaq üçün Azərbaycana silah satırdı.

Təkcə 2013-2018-ci illərdə Bakıya 100 ən müasir T-90S tankları, 118 piyadaların döyüş maşını BMP-3, 230 BTR-82A zirehli nəqliyyat maşını, 18 RSZO Smerç maşını da daxil 166 artilleriya qurğusu, 24 ədəd dəhşətli dağıdıcılıq qüvvəsi olan “Solntsepek” ağır odatan sistemləri, 24 dəst Mi-35M zərbə helikopteri və sair silahlar verilib.

Bu silahlar üzrə kontraktlara görə Azərbaycan Rusiyaya 5 milyard dollar ödəyib. Müəllifin sözlərinə görə Moskva Yerevanı da yaddan çıxarmayıb. Bu ölkəyə Rusiyadan “Iskander” raket sistemləri, çoxfunksiyalı Su-30 ağır qırıcıları çatdırılıb:

“Elə ki iş gəlib hərbi toqquşmalara çatırdı, Rusiya diplomatiyası məmnuniyyətlə vasitəçi roluna başlayırdı”.

“Parçala hökm sür” prinsipi bu dəfə işləmədi

Fyodorov yazır ki, uzun müddət bu klassik “parçala hökm sür” prinsipi işləyirdi:

“Lakin iyulun 12-də erməni-azərbaycanlı hərbi qarşıdurmasının növbəti dövrəsi başlananda bu mexanizm nasazlıq göstərdi – Moskva özünün qurduğu və uzun illər xidmət etdiyi tələyə düşdü”.

Müəllifin fikrincə iyulun 17-də Rusiya Təhlükəsizlik Şurasının iclasından verilən xəbərdə “davam edən eskalasiyadan son dərəcə dərin narahatlıq” ifadə olunması, atəşkəsə israrlı çağırış edilməsi də bununla bağlı idi.

Fyodorov yazır ki, “son dərəcə narahatlıq” ifadəsini Kreml doğrudan da xüsusi hallarda işlədir:

“Onda belə bir təbii sual doğur: Kreml nədən narahatdır? Ondan başlayaq ki, toqquşmalar Dağlıq Qarabağda yox, Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonlarının sərhədində baş verib. Buradan isə Gürcüstan ərazisi ilə Türkiyəyə gedən neft və qaz kəmərləri keçir. Bu Azərbaycanın əsas ixracat gəlirlərinin mənbəyidir. Bu kommunikasiyalar erməni artilleriyasının zərbə zonasına düşür. Beləliklə Azərbaycan və Türkiyənin həyati maraqlarına təhlükə yaranır”.

Havadan “böyük müharibə” qoxusu gəlir

Məqalədə deyilir ki, Türkiyə rəsmilərinin toqquşmaların artıq ikinci günündə verdikləri çox sərt bəyanatlar da bununla bağlı idi:

“Havadan böyük müharibənin qoxusu gəlirdi. Moskva pat vəziyyətinə düşmüşdü. Strateji müttəfiq olan Ermənistanın taleyini özbaşına buraxmaq mümkün deyil. Rusiya diplomatiyasının əsəbi atəşkəs çağırışları nəticəsiz qalır. KTMT müttəfiqlərinə arxalanmaq mümkün deyil. Belarus və Mərkəzi Asiya ölkələri açıq şəkildə işarə ediblər ki, bu onların müharibəsi deyil və Cənubi Qafqazdakı münaqişədə iştirak etməyəcəklər. Aydındır ki, Rusiya üçün Türkiyə ilə təkbətək müharibəyə girişmək son dərəcə təhlükəlidir”.

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, Rusiya rəhbərliyi çox vaxt olduğu kimi güc mövqeyindən danışmaq qərarına gəldi: İyulun 17-də Qərb və Cənub hərbi dairələrinin, habelə hərbi-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlanışı elan edildi.

Amma Rusiya müdafiə naziri Sergei Shoigu özünün azərbaycanlı həmkarına zəng edərək bu qəfil manevrlərin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı olmadığını bildirdi.

Fyodorov yazır ki, görünür, Bakıda Shoigu-nun təminatına çox da inanmadılar. Buna inanmaq da çətin idi. Çünki bu manevrlərin dərhal ardınca Rusiya-Ermənistan hava hücumundan müdafiə sistemlərinin birgə təlimlərinə başlandı.

Rusiyanın Ermənistandakı bazası darmadağın edilə bilər

Məqalədə deyilir ki, Türkiyənin və Azərbaycanın bu “qılıncoynatmaya” verdiyi reaksiyanı isə Moskvada gözləmirdilər.

İyulun 29-da hərbi aviasiyanın iştirakını və türk qoşunlarının Azərbaycan ərazisinə yeridilməsini nəzərdə tutan böyük Türkiyə-Azərbaycan hərbi təlimlərlınə komanda verildi:

“İndi Rusiyanın Cənubi Qafqaz siyasətinin Kremli içərisinə itələdiyi tələ bağlana bilər. Türkiyə-Azərbaycan birgə manevləri Moskvaya aydın siqnal verdi ki, Bakı və Ankara nəinki Ermənistanla, hətta Rusiya ilə müharibəyə hazırdırlar. Əgər bu müharibə baş versə, özlüyündə heç də pis olmayan erməni ordusu məğlubiyyətə məhkum ola və Rusiyanın Ermənistandakı 102-ci bazası da kara gəlməyə bilər. Axı bu hərbi baza 4000 nəfərdən və 18 döyüş təyyarəsi olan eskadrilyadan ibarət adicə bir motoatıcı briqadasıdır”.

Fyodorov yazır ki, buna qarşılıq Türkiyə ordusunun Ermənistan və Gürcüstan sərhədi boyunca yerləşdirilmiş bircə 9-cu korpusunun tərkibində tank, mexanikləşdirilmiş və dörd piyada briqadaları var.

Ekspertin firkincə, bu qüvvə Yerevan-Gümrü istiqamətinə 40-50 min əsgərdən, 370 tank və aviasyanın dəstəyinə güvənən 700 topdan ibarət zərbə qrupu çıxara bilər.

Hərbi ekspertin fikrincə bu qüvvə ilə çarpışmada 102-ci baza bir neçə günün ərzində yerlə-yeksan edilə bilər.

Fyodorov yazır ki, belə vəziyyətdə Rusiya Ermənistana əlavə qüvvələrini yalnız dolayı yolla - Xəzər dənizi və İran ərazisi ilə ata bilər, amma onlar gəlib çıxanadək Cənubi Qafqaz müharibəsi başa çatacaq:

“Yaranmış vəziyyətdə Ermənistanı və oradakı Rusiya birləşmələrini xilas etmək üçün Moskvanın yeganə təsirli vasitəsi qalır – nüvə zərbəsi ilə hədələmək. Gəlin ümid edək ki, hadisələrin ən təhlükəli variantından yan keçmək mümkün olacaq”.

Müəllifin gəldiyi qənaətə görə, indidən aydındır ki, Suriya və Liviyadan başqa Türkiyə və Rusiya arasında yeni qarşıdurma ocağı yaranıb və ümumilikdə götürəndə Cənubi Qafqazdakı vəziyyət nikbinliyə heç də əsas vermir.

XS
SM
MD
LG