«Azərbaycanda illik dövriyyənin hazırda 12-13 faizi nağdsız formada aparılır. 2-3 il bundan əvvələ kimi isə bu, cəmi 2-3 faiz həcmində idi. Halbuki, inkişaf etmiş ölkələrdə bu 80-90 faiz həcmindədir».
İqtisadçı-ekspert Rəşad Həsənov bunu ölkədə nağdsız əməliyyatların azlığı ilə bağlı dəyərləndirməsində bildirib.
R.Həsənov deyib ki, nağdsız əməliyyatların nisbətən artmasına ölkəyə daha çox xarici vətəndaşların gəlməsi, bununla bağlı POS-terminalların qurulması səbəb olub.
Bununla yanaşı, ekspert hesab edir ki, son illər qanunvericiliyə edilən dəyişikliklər də buna təsir göstərib.
R.Həsənov deyib ki, ölkədə nağdsız əməliyyatların genişlənməsinə mənfi təsir edən hallar var, onlardan biri də leqallığa, şəffaflığa müqavimət göstərən məmur biznesidir: «Məmur biznesi və ya himayə edilən biznes heç zaman leqallığın tərəfində olmayıb və olmayacaq. Xalqın bu məsələdə marağı ilə məmur biznesinin qeyri-leqallıq mövqeyi bir-birinə tərs mütənasibdir. Ona görə də 2017-ci ildə Dünya Bankı Azərbaycanda kölgə iqtisadiyyatının 63 faiz təşkil etdiyini bildirmişdi».
Prezidentin dedikləri...
Dünən, iyulun 31-də sosial-iqtisadi vəziyyətə dair müşavirədə prezident İlham Əliyev də nağdsız əməliyyatların az olmasına toxunmuşdu: «Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır.
Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki, bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır».
Prezident daha sonra sual etmişdi: «Nağdsız ödənişlərin ümumi həcmi Azərbaycanda 2 milyard 300 milyon dollardır. Elədir?». Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov da demişdi ki, nağd çıxarılan məbləğlər istisna olmaqla, bu belədir.