Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:33

'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'


Eldar Mahmudovun oğlu Anar Mahmudov
Eldar Mahmudovun oğlu Anar Mahmudov

“Eldar Mahmudovun oğlu fransızlarla müqavilə bağlayıb, orada şərab zavodu açır. Özləri üçün kef edirlər. Eldar Mahmudov niyə çağrılıb dindirilmir? Axı bu işlərin hamısının arxasında o dayanıb...”, – keçmiş milli təhlükəsizlik nazirinin məhkəməyə çağrılıb dindirilməsini tələb edən Maqsud Mahmudovdur.

O, MTN-nin Antiterror Mərkəzinin rəisi olmuş general və bu idarədə işləmiş polkovnik Azər Mehdiyevin haqqındakı cinayət işində zərərçəkmişdir. Avqustun 18-də MTN-çilərin məhkəməsində ifadə verən zərərçəkmiş prokurorluğun keçmiş nazir Eldar Mahmudovla bağlı çıxarılmış xüsusi qərarı icra etməməsindən şikayətlənib: “Nə qədər vaxtdır ki, məhkəmə Eldar Mahmudovla bağlı xüsusi qərar qəbul edib və araşdırmaq üçün prokurorluğa göndərib. Üstündən xeyli keçib, amma prokurorluğun mətbuat xidməti açıqlama verir ki, “bizim bu məsələdən xəbərimiz yoxdur”. Belə şey olar?! Hamı hər şeyi yaxşı bilir. Ona görə də mən daha məhkəməyə gəlməyəcəm”.

Buna da bax:​ 'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]

Eldar Mahmudovun əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün onun haqqında xüsusi qərarı MTN-nin Baş İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun işinə baxan hakimlər kollegiyası çıxarıb.

MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Elçin Quliyev və Azər Mehdiyev haqqında cinayət işini Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

“İcra başçısı nazirə dedi ki, bu səviyyəsizi niyə göndərmisən?”

Avqustun 18-də keçirilən məhkəmədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, hazırda isə iş üzrə zərərçəkmişlərdən biri olan Ələkbər Heydərovun MTN-ə gətirilməsi və ondan 300 min pul alınması ittihamı üzrə dindirmələr olub.

Buna da bax:​ Akif Çovdarov 32 milyonluq əmlakdan danışdı

Bu epizod üzrə ifadə verən keçmiş MTN əməkdaşı Emin Abbasov deyib ki, Ələkbər Heydərovdan 300 mini Antiterror Mərkəzinin rəis müavini olmuş, 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan və iki ay sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyev alıb. Mərhum MTN polkovniki ilə dost olduğunu deyən şahidin sözlərinə görə, İlqar Əliyev ona deyib ki, həmin pulu rəhbərliyə verib.

Bununla belə, Emin Abbasov Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyevin bütün bu məsələlərdən xəbərsiz olduğunu düşünür.

Şahid Xəzər Rayon İcra Hakimiyyəti ilə MTN arasında konflikt olmasından da danışıb: “2010-cu ildən onlarla MTN arasında konflikt var idi. Mənim dostum vardı - Vüqar Ağayev. Vüqar işadamı idi, onu nazirin qohumları sıxışdırırdılar. Axırda baş götürüb Amerikaya getdi. Onun Xəzər rayonunda 25 hektar torpaq ərazisi vardı. Onu ələ keçirmək istəyirdilər. İcra başçısı buna razılıq verməmişdi. Eldar Mahmudov Vüqarın torpağını almaq üçün nazirliyin Nizami Şirinov adlı əməkdaşını icra başçısı Gülağa İslamovun yanına göndərmişdi. Nizami icra başçısını saxta sənəd hazırlamaqda ittiham eləmişdi. Gülağa İslamov da onu otağından qovmuşdu. Ardınca da Eldar Mahmudova zəng eləyib demişdi ki, “bu səviyyəsizi mənim yanıma niyə göndərmisən?” Bundan sonra icra başçısının müavini Ələkbər Heydərov saxlanıldı”.

Buna da bax: Fazil Mustafa: "Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi..."

“Təhsil, səhiyyə sahəsi nəzarətimdə olub, pul lazım olsaydı, onlardan alardım”

Elçin Quliyev isə bütün bunlardan xəbərsiz olduğunu deyir. Bildirir ki, heç bir günahı olmadığı halda, kimlərinsə qərəzi nəticəsində iki ilə yaxındır həbsdədir: “Hələ məhkəmənin əvvəlində təklif elədim ki, proses qapalı keçirilsin, çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Mənim bu deyilən konfliktdən də xəbərim olmayıb”.

Zərərçəkmiş Ələkbər Heydərov təsdiqləyib ki, onu MTN-də oğlunu həbs edəcəkləri ilə hədələyib, pulunu alıblar.

Ardınca zərərçəkmiş, siqaret ticarəti ilə məşğul olan Sahib Qurbanovla bağlı epizod araşdırılıb. MTN-in Binəqədi şöbəsinin əməkdaşı Rövşən Abbasov məhkəmədə dindirilib. Deyib ki, Sahib Qurbanovun saxlanılması və siqaret qutularının sayılmasında iştirak etməyib.

Buna da bax:​ MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

Amma zərərçəkmiş əksinə, bu şahidin orada olduğunu söyləyib: “Bu adam orada idi. İndi hamı bura gəlib deyir ki, orada olmamışam. Bəs mən siqaretləri kimə təhvil verdim?”

Təqsirləndirilən MTN generalı Elçin Quliyev isə məhkəmədən zərərçəkmiş Sahib Qurbanovun özünün əməlinə hüquqi qiymət verilməsini istəyib. Deyib ki, bu adam siqaret qaçaqmalçılığı ilə məşğul olub. Bununla belə, Elçin Quliyev ondan pul almadığını da söyləyib: “Elə təqdim edirlər ki, guya hər şeyi mən eləmişəm, məndən yuxarıda heç kim olmayıb. Bizim şəxsiyyətimiz aşağılanır. Mən prezidentə sadiqəm və onun uğrunda ölməyə hazıram. Mənim siqaret satandan pul almağa ehtiyacım olmayıb. Penitensiar Xidmət, təhsil, səhiyyə sahələrinə, bu sektorlardakı qurumlar bizim nəzarətimizdə idi. Pul lazım olsaydı, elə onlardan alardım da... Onların biri də məni tanımırdı. Ona görə deyirəm ki, hər yoldan keçənin sözü ilə ittihamları mənə yapışdırmaq olmaz”.

MTN generalının məhkəməsi avqustun 22-də davam edəcək.

Buna da bax: Eldar Mahmudovun qohumundan 10 milyon alındı

Xatırlatma

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Amma general ittihamları qəbul etmir və kimsədən hədə-qorxu ilə pul almadığını deyir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG