Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:18

Əli Kərimlinin 'pasport işi' Avropa Şurasında


Əli Kərimli
Əli Kərimli

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə pasport verilməməsi məsələsini müzakirə edəcək.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 1 il əvvəl AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulmasını pozuntu hesab etmişdi.

Həmin məhkəmə işində Ə.Kərimlinin nümayəndəsi kimi çıxış etmiş hüquqşünas İntiqam Əliyev sözügedən qərarın icra edilmədiyini bildirib. «Əli Kərimlinin işi üzrə AİHM-nin qərarında Azərbaycanın əsas müxalif partiyalarından birinin liderinin ölkədən çıxışına qoyulan qadağa onun hərəkət azadlığına əsassız müdaxilə kimi qiymətləndirilib. Gözləmək olardı ki, həmin qərarın əsasında Azərbaycanın səlahiyyətli qurumları 11 ilə yaxın davam edən hüquq pozuntusuna son qoyacaq. Nəhayət, siyasətçiyə ümumvətəndaş pasportu verəcək. Amma pozuntu, hələ də, davam edir», - İ.Əliyev bildirib.

İ.Əliyevin deməsinə görə, Ə.Kərimli sonuncu dəfə 2016-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyatı İdarəsinə ümumvətəndaş pasportunun verilməsi barədə ərizə ilə müraciət edib: «Lakin həmin qurum Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının qəbulundan 1 il 3 ay vaxt keçməsinə baxmayaraq, bu ölkənin vətəndaşı olduğunu təsdiqləyən sənədi müxalifət liderinə verməkdən, hələ də, qanunsuz olaraq imtina edir».

İ.Əliyev Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 6-7-də keçirilən toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin Ə.Kərimli barədə qərarının icrası ilə bağlı məsələni müzakirə edəcəyini bildirib.

AXCP sədri barəsində 1994-cü ilin sentyabrında cinayət işi qaldırılıb. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən bomba tapıldığını bildirmişdilər. Bundan sonra onun barəsində cinayət işi başlanıb və həbs olunub. Ancaq o, həbsdə elə də uzun müddət qalmayıb.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək, ona yeni pasport verməkdən imtina edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib.

Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Əli Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar verib.

XS
SM
MD
LG