Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalov avqustun 16-da yenə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, dindirildiyi dələduzluq işi ilə əlaqədar mediada qardaşının adının hallanmasına etiraz edib.
Əlikram Camalov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən Samir Nəbiyevin işində zərərçəkmişdir. Bu cinayət işi üzrə xeyli vaxtdır davam edən məhkəmə prosesi yekunlaşırdı. Hətta prokuror Nəbiyevə 9 il cəza da istəmişdi, vəkili isə müdafiə çıxışında onun günahsız olduğunu bildirmiş, onun haqqında bəraət hökmü çıxarılmasını istəmişdi. Müdafiəçi həmçinin, araşdırmadan narazılığını ifadə edərək, məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırmışdı. Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edərək, məhkəmə istintaqının yenilənməsinə qərar verdi. Ona görə də nazirin qardaşı yenidən dindirilir.
HEÇ BANKLAR BELƏ, YÜKSƏK FAİZLƏ PUL VERMİR...
Əlikram Camalov məhkəməyə mülki iddia təqdim edib. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov mülki iddianın icraata qəbuluna etiraz edib. Deyib ki, mülki iddia məhkəmənin hazırlıq iclasında verilməli idi.
Amma məhkəmə Əlikram Camalovun qardaşının mülki iddiasını qəbul edib. Onun təmin edilib-edilməməsinə isə sonda qərar veriləcək.
***Buna da bax-'Nazirin qardaşı yavan çörək versin, qapısında işləyim' - Məhkəmə
Əlikram Camalov qardaşının adının hallanmasından narazılıq etməklə yanaşı, həm də məhkəmədən prosesi izləyən media nümayəndələrinə xəbərdarlıq edilməsini istəyib.
Nazirin qardaşı ötən dəfə dindiriləndə demişdi ki, 18000 manat və 2500 dolları Samirə borc verib. Bu dəfə isə bildirib ki, pulu əvvəlcə Samir Nəbiyevə kömək məqsədi ilə verib, sonra aralarında müqavilə imzalanıb. Onun sözlərinə görə, Samir Nəbiyev aldığı pulu 6 ay ərzində tam qaytarmalı, aylıq gəlirdən isə 1250 dollar ödəməli idi.
Hakimlər nazir qardaşının nəzərinə çatdırıb ki, aylıq 1250 dollar verilən məbləğin təxminən 10 faizi edir. Bildiriblər ki, Azərbaycanda ən yüksək faizlə kredit verən banklarda belə, illik faiz dərəcəsi bundan xeyli azdır.
Camalov deyir ki, Nəbiyev ona gəlirdən 750 və 1250 dollar olmaqla, iki dəfə pul verib.
«O, məni aldadıb qaçdı. İndi ən yaxınım desə də, onun üçün keçmərəm. Mənim barəmdə mətbuatda şantaj xarakterli yazılar yazıldı. Bəlkə də onu bağışlayardım. Amma artıq yox... İş görmək üçün 40-50 min pul verdiyim adamlar olub, iş alınmayıb deyə, qaytara bilməyiblər. Amma Samir telefonu söndürdü, mağazanı bağlayıb qaçdı. Mən də polisə müraciət elədim. Polis onu tapıb gətirəndə məndən vaxt istədi. Dedim ki, artıq iş məndən keçib», – Camalov bunları məhkəmədə deyib.
***Buna da bax-'Məmurların balıqçılıq təsərrüfatıma gözü düşüb' - Sahibkar
O, ötən məhkəmələrdə pulu borc, indi isə yardım məqsədi ilə verməsi haqda ziddiyyəti belə izah edib:
«Mən pulu sələmə verməmişəm, qarşılıqsız yardım üçün də verməmişəm. Ona görə də borc verdiyimi dedim. İndi isə izah edirəm ki, pulu əvvəlcə birgə iş görmək üçün verdim, daha sonra isə müqavilə imzaladıq. Müqaviləyə əsasən, aldığı pulu 6 ay ərzində qaytarmalı, aylıq da 1250 dollar qazancdan pul verməli idi. İndi vəkil mətbuata deyib ki, pulu sələmə verib. Burada söhbət sələmdən gedə bilməz. Qardaşımın da bu işdə adının hallandırılması doğru deyil».
NAZİRİN QARDAŞI VERDİYİ PULA GÖRƏ FAİZ ALIB?
Təqsirləndirilən Samir Nəbiyev isə məhkəməyə bildirib ki, nazirin qardaşına aldığı 18000 manata görə 4000, 2500 dollara görə də 1500 dollar pul verib. Ölkədə ardıcıl iki devalvasiyadan sonra icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasında da iş zəifləyib:
«Faktiki iflasa uğradım. Mağazada olan malları borclara qaytardım. Əlikram müəllimə də təklif etdim ki, borcun əvəzində mal verim. Amma onlar nağd pulu istədi. Malların çoxu nisyə idi, geri qaytardım. Sonra atam rəhmətə getdi, rayona qayıtdım. Atam üçün Xırdalanda yas verəndə polis gəldi».
Samir Nəbiyev Əlikram Camalovdan qaçmadığını söyləyib:
«Mən bir neçə dəfə Əlikram müəllimin qəbuluna getdim. Amma qəbul etmədi».
İttihama görə, Samir Nəbiyev Əlikram Camalova icarə əsasında işlətdiyi elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18000 manat, 2016-cı il fevralın 1-də isə 3993 manat (2500 dollar) pul verib.
Əlikram Camalov «Hacı Camalxan» Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Vəkil Ceyhun Yusifov isə məhkəmədə bildirib ki, nazirin qardaşı Samir Nəbiyevə pulu sələmə verib.
Məhkəmə avqustun 23-də davam edəcək.