Tarix boyu rəssamlar epidemiyanı aid olduqları dinin gözü ilə təsvir ediblər. Avropada rəssamlar "qara ölüm"ü tanrının günah içində boğulan insan və cəmiyyətə xəbərdarlığı kimi göstərirdilər. Əsrlər keçdikcə bu yanaşma dəyişib. Rəssamlar xəstəlik qurbanlarına empatiya ruhunda əsərlər yaratmağa başlayıblar. Hətta çox vaxt xəstəni Məsihin özü ilə assosiasiya ediblər. Yeni dövrdə rəssamlar epidemiyaya müqavimətlərini göstərən avtoportretlər yaradıb, özlərini iştirakçı kimi təsvir ediblər.
Rəssamlar öz yaradıcılıqlarında həyatın faniliyi, ilahi yaradılışa bağlılıq, qulluq edən insanların rolu kimi məsələlərə toxunublar. COVID-19 pandemiyası günlərində bu tarixi təsvirlər bizi bir daha bu məsələlər haqda düşünməyə dəvət edir.
Taun cəzası
BBC-nin bu mövzudakı məqaləsində deyilir ki, az sayda insanın yazıb-oxuya bildiyi dövrlərdə hər hansı bir inandırıcı hekayəni əks etdirən dramatik təsvirlər yaradılırdı. Bu əsərlər həm də insanların diqqətini cəlb etmək, onlara tanrının itaətsizliyə görə qəzəbinin gücünü çatdırmaq məqsədi daşıyırdı. Taundan ölmək təkcə günahlara görə tanrının cəzası deyil, həm də əbədi əzabın qurbanı olmaq kimi qələmə verilirdi.
Avstraliyalı sənət tarixçisi doktor Louise Marshall iddia edir ki, insanlar qara qüvvələrin təsvir olunduğu belə əsərlərdən vahiməyə düşürdülər. Çünki həqiqətən də onların çox güclü olduqlarını, tanrının əmri ilə öz yeraltı dünyalarından çıxaraq insanları təhdid etdiyini düşünürdülər.
Bəzi əsərlərdə taun epidemiyası təkcə konkret bir icmanın yox, ümumilikdə dünyanın axırı kimi təsvir olunur. "Bu yanaşmada apokalipsis bəşəriyyətin ümdə faydası kimi təqdim olunur. Bu bizim həyatımızdakı səhvləri öyrənib əsl xristian həyatı yaşamaqla tanrının iradəsini təmin etməyimiz üçündür", - məqalədə deyilir.
Yəhudi icmalarında hər il Pesax bayramında danışılan dini hekayələrdə də taun cəzasından söz açılır. Yəhudilərin fironun zülmündən qurtulub Misiri tərk etməsi haqda hekayədə tanrı qəddar və günah içində boğulan misirlilərə 10 mərəz göndərir.
Epidemiya dövrlərində yaradılmış sənət əsərləri hətta ən güclü ixtiyar sahiblərinə də ömürlərinin fani və şərti olduğunu xatırladırdı. Belə əsərlərin çoxunda ölümün qəfil gəlməsi xüsusi əks olunub. Ölüm rəqsi (danse macabre) alleqoriyasına, qum saatı təsvirlərinə çox rast gəlinir. Bu, bəndələrin günahlardan əl çəkib mömin kimi yaşamağa başlaması üçün vaxtın az olduğunu, ölümün qəfil gələcəyini bildirən xəbərdarlıq idi.
Empatiya komponenti
XVI əsr italyan rəssamı Marcantonio Raimondi-nin İntibah dövrü rəssamı Raphael-in bir əsərinə nəzirə kimi yaratdığı "II Morbetto" (Taun) əsərində empatiya komponenti hiss olunur.
Amerikalı sənət tarixçisi doktor Sheila Barker deyir ki, bu kiçik əsərdə yaşı və cinsi fərqli olan bir neçə şəxs təsvir olunub. Bu personajlar insan kimi göstərilib. Əsər bizi onların çəkdiyi əzaba empatiya duymağa dəvət edir. Xəstələrə elə qayğı və nəvaziş göstərilir ki, biz də onların ağrılarını yüngülləşdirməyə çalışmaq haqda düşünürük. Burada təsviri sənətin bizi etməyə çəkindiyimiz işlər görməyə - olduqca yoluxucu xəstəliyə düçar olmuş insanlara qulluq etməyə inandırma potensialını görürük.
Məqalədə deyilir ki, rəssamlıqdakı bu dəyişiklik ictimai səhiyyə anlayışındakı yeniliklərlə üst-üstə düşmüşdü: "Artıq təkcə kənddəki villalarına qaça bilən varlılar deyil, cəmiyyətin bütün üzvləri qorunmağa layiq idi. Canlarını qurtarmaq üçün ölkədən qaçan həkimlər cazalanmalı idi".
XVII və XVIII əsrlərdə katolik kilsəsinin ictimai səhiyyə məsələlərində daha yaxından iştirakı incəsənətdə empatiya mövzusunun daha da inkişaf etməsinə təsir göstərir. Xəstəliyi təsvir edən əsərlər kilsə və monastırlarda nümayiş olunur. Artıq əzabkeşləri Məsihin özü ilə assosiasiya edirdilər. Doktor Barker-in sözlərinə görə, bu bənzətmənin məqsədi "insanları çürüyən cəsəd qoxusu və hər tərəfə yayılan ölüm qorxusunu dəf edərək, yoluxucu xəstəlik qurbanlarını sevməyə dəvət etmək idi". Əzabkeşlərə qulluq edənlər özlərini qurban verir və buna görə də müqəddəs simasında təsvir olunurdular.
Çiçək epidemiyası, ispan qripi
Yaponiya əsrlərlə çiçək epidemiyasından əziyyət çəkib. 1892-ci ildə çəkilmiş bu əsərdə mifik samuray döyüşçüsü iki çiçək tanrısı – kiçil və böyük variola ilə mübarizə aparır.
Yeni və ən yeni dövrün rəssamları isə özlərinin epidemiyadan çəkdiyi əzabı əks etdirən avtoportretlərə üstünlük veriblər. Onlar, eyni zamanda, həyat və ölüm məsələlərini də göstərməyə çalışıblar.
Norveç rəssamı Edward Munch Birinci Dünya müharibəsi bitən kimi Avropanı cənginə alan ispan qripinin qurbanlarından biri olub. Hələ qriplə çarpışarkən çəkdiyi avtoportretdə rəssamı solğun, yorğun, tənha və ağzıaçıq görürük. Açıq ağız həm də onun ən məşhur "Çığırtı" əsəri ilə səsləşir. Əsərdə güclü uyumsuzluq sezilir. İnsan bədəni ilə otaqdakı mebel sanki bir-birinə qarışıb. Yataqdakı yorğan cəsədi, yaxud da gecələr qızdırmadan qovrulan xəstəni xatırladır.
Avstriyalı rəssam Egon Schiele 1918-ci ildə özünün və hamilə arvadının şəklini çəkib. Əsərdəki balaca uşaqsa onların hələ doğulmamış körpəsidir. Həmin ilin payızında həm Edith, həm də Egon ispan qripindən həyatını itirib. Körpə isə heç vaxt dünyaya göz açmayıb.
Amerikalı rəssam David Wojnarowicz ABŞ hökuməti və katolik kilsəsini təhlükəsiz seks təbliğatı aparmadıqlarına görə qınayırdı. O, adsız avtoportretində özünün ölümlülüyünü təsvir edib. Wojnarowicz AIDS-dən ölüb. Bu avtoportreti isə ölümündən altı ay əvvəl çəkib. Şəkildə rəssamın torpağa basdırılmış simasını görürük.