Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:20

İqtisadi vəziyyət Ərdoğanı çökdürə bilərmi – Qərb mediası


R.T.Ərdoğan
R.T.Ərdoğan

“Gəmi batanda hamı ondan qurtulacaq. Təkcə AKP-ni deyil, bürokratiyanı, ordunu da nəzərdə tuturam. O çökəndə, elə bilirsiz, ordu onu müdafiə edəcək? Etməyəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin 765 milyard dollarlıq iqtisadiyyatına özünəməxsus yanaşması daha işə yaramır. “The Financial Times” yazır ki, kağız üzərində yaxşı görünən iqtisadi artım iş yerlərinin yaranmasına səbəb olmayıb. Sentyabrda inflyasiya 20 faizə çatıb, milli valyuta dəyər itirir. On il qabaq bir dolları 1.8 lirəyə almaq olardı, indi 10 lirəyə.

Hakim Ədalət və İnkişaf Partiyasına (AKP) dəstək isə 2018-ci ilin parlament seçkilərindəki səviyyədən 10 faiz azalaraq 30-33 faizə düşüb.

“Çox qalmayıb”

“Əsas və ən vacib səbəb iqtisadiyyatdır. Hazırda böyük bir qrup insan təməl yaşam ehtiyaclarını ödəyə bilmir. Elektoratın 30 faizə yaxını dolana bilmir. Adamlar AKP-dən buna görə çıxırlar”, – Metropoll sorğu şirkətinin başçısı Özer Sencar deyib.

Qəzet ölkə müxalifətinin heç vaxt indiki kimi nikbin olmadığını yazır. Bəzilərinin xəyalpərvər sandığı müxalifət nasaz iqtisadiyyatın Ərdoğanı çökdürəcəyinə inanır. Növbəti seçki 2023-cü ilə, müasir Türkiyə respublikasının 100 illiyinə düşür. Amma bəzi təhlilçilər hətta gələn ilin birinci yarısında vaxtından əvvəl seçki keçiriləcəyini istisna etmirlər.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu əhalini səbirli olmağa çağırıb. “Səbirli olun. Ac qala bilərsiz. Elektrikiniz kəsilə bilər. Həbs oluna, həbsə göndərilə, hətta işgəncə görə, sizi soyundurub yoxlaya bilərlər. Təmkinli olun. Çox qalmayıb”, – müxalifət lideri deyib.

9 faiz artım proqnozu

Ərdoğanın oktyabrda atdığı addımlar bazarları karıxdırıb. Mərkəzi bank artan inflyasiyaya rəğmən faiz dərəcələrini azaldıb. Tənqidçilər prezidentin enerjisinin, ideyalarının tükəndiyini, vaxtının sona çatdığını deyirlər. Müxalifət fərqli küləklərin əsdiyini düşünür.

“Financial Times” hətta AKP-yə bağlılığı ilə tanınan bəzi tanınmış şirkət rəhbərlərinin sağ mərkəzi İYİ partiyaya meylləndiyini yazır. Bunu partiyanın vitse-prezidentlərindən Ümit Ozlale deyir. Onun fikrincə, şirkət rəhbərləri ya siyasi riski önləməyə çalışırlar, ya da hər şeyin yanlış getdiyini görərək partiyaya dəstək göstərirlər.

Beynəlxalq Valyuta Fondu bu il Türkiyədə ÜDM-nin 9 faiz atacağını proqnozlaşdırır ki, bu da Çindən önə çıxmaq, yalnız Hindistandan geri qalmaq deməkdir. Amma ölkənin ən böyük biznes assosiasiyası olan, Ərdoğanı tənqid etməyə həvəs göstərməyən Tusiad xəbərdarlıq edib ki, hökumətin, nəyin bahasına olursa olsun, artıma fokuslanması ölkəyə ziyan vurur.

Vahid namizəd olarsa...

Qəzet ölkə müxalifətindən fərqli olaraq xarici müşahidəçilərin Ərdoğan erasının sonunun görünməsi fikirlərinə nikbin yanaşmadığını qeyd edir. “Onlar bunu arzulayırlar. İstefa verən neçə avtokrat görmüsüz?” – bir avropalı diplomat deyib.

Müxalifət rəsmiləri isə 2019-cu ilin bələdiyyə seçkilərində İstanbulda və Ankara AKP-nin məğlubiyyətini yada salır, hər bir şəhərdə vahid namizəd ətrafında birləşərlərsə, Ərdoğanı məğlub edə biləcəklərini deyirlər. Onlar hətta dərin dövlət elementlərinin – kəşfiyyat xidməti, polis, ordu və kriminal elementlərin belə xəstə prezidenti qurtara bilməyəcəyini düşünürlər.

“Gəmi batanda hamı ondan qurtulacaq. Təkcə AKP-ni deyil, bürokratiyanı, ordunu da nəzərdə tuturam. O çökəndə, elə bilirsiz, ordu onu müdafiə edəcək? Etməyəcək”, – bir müxalifət partiyasının aparıcı üzvü deyib.

2019-cu ildə Türkiyədə müxalifətin namizədi Ekrem İmamoğlu İstanbulda təkrar bələdiyyə seçkilərindən də qalib çıxdı. Onda “The New York Times” qəzeti Türkiyə prezidentinin “siyasi karyerasının ən böyük məğlubiyyətini yaşadığını” yazırdı.

XS
SM
MD
LG