Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Ərdoğan yenə də Kiyev və Moskvaya vasitəçiliyini təklif edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin (Arxiv fotosu)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin (Arxiv fotosu)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 7-də Ukraynadakı Kaxovka SES-in bəndinin dağılmasının təhqiqatı üçün komissiyanın yaradılması təklifi ilə Ukrayna və Rusiya prezidentləri Volodimir ZelenskiVladimir Putinə müraciət edib.

Tərəflər bu təklifə rəsmi qaydada hələ ki, cavab verməyiblər.

Hürriyet qəzeti yazır ki, prezident bu təklifi Zelenski və Putinə telefon söhbətləri vasitəsilə çatdırıb.

Təklifə görə sözü gedən komissiyanın tərkibinə müharibə tərəfləri olan iki ölkənin, habelə, BMT və beynəlxalq icmanın nümayəndələri daxil olmalıdırlar.

Ərdoğan bəyan edib ki, onun ölkəsi hadisənin təhqiqatına bütün mümkün köməyi etməyə hazırdır.

Taxıl razılaşması kimi

O habelə bir-birilə rəsmən dialoqa girməyən Moskva və Kiyev arasında əldə olunmuş uğurlu taxıl razılaşmasını yada salıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə Kaxovka bəndinin təhqiqatında da eyni formatda iştirak edə bilər.

Volodimir Zelenski Ərdoğanla telefon söhbəti barədə Twitter-də yazıb:

"Kaxovka SES-də Rusiyanın terror aktının humanitar və ekoloji nəticələri, o cümlədən Zaporojye AES-lə bağlı risklər barədə məlumat verdim və Ukraynanın fəlakətin aradan qaldırılması üçün təxirəsalınmaz ehtiyaclarından danışdım”.

Kreml də Ərdoğanla telefon söhbəti barədə məlumat verib:

"Vladimir Putin deyib ki, Kiyev hakimiyyəti Qərb kuratorlarının təhriki ilə əvvəllər olduğu kimi döyüş əməliyyatlarının eskalasiyasına stavka edir, hərbi cinayətlər törədir, terror metodlarından açıq istifadə edir, Rusiya ərazisində diversiya aktları həyata keçirir”.

Putin söhbət zamanı Kaxovka bəndinin dağılmasına görə Kiyevi ittiham edib.

XS
SM
MD
LG