Birləşmiş Ştatlar erməni xalqını təbrik edir
Birləşmiş Ştatlar 20 iyun parlament seçkiləri münasibətilə Ermənistan xalqını təbrik edir.
"DTİHB/ATƏT missiyasının seçkiləri ümumən müsbət dəyərləndirməsini alqışlayırıq", – Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Rəsmi Vaşinqton, eyni zamanda, DTİHB-nin aşırı qütbləşmə və seçki iştirakçılarının aqressiv ritorikası sarıdan narahatlığını paylaşdığını bildirib.
"Ermənistanın bütün siyasi baxışlı vətəndaşlarını bu seçkilərin nəticələri təsdiqlənəndən sonra onlara hörmət etməyə, siyasi qisasçılıqdan qaçaraq şikayətləri hüquqi müstəvidə həll etməyə çağırırıq", – bəyanatda deyilir.
Prays Birləşmiş Ştatların Ermənistanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıb.
ATƏT müşahidəçiləri: '...nəticəni tam qəbul edirik'
Beynəlxalq müşahidəçilərin rəyinə görə, Ermənistanda növbədənkənar parlament seçkisi "rəqabətli, yaxşı təşkil olunmuş şəkildə, amma, eyni zamanda, qütbləşmə və aqressiv ritorika şəraitində keçib".
DTİHB/ATƏT müşahidəçilərinin iyunun 21-də Yerevanda keçirilmiş mətbuat konfransında erkən seçkilərə dair bəzi təfərrüatlar müzakirə olunub. ATƏT müşahidəçiləri bildiriblər ki, seçki kampaniyasının siyasi təbliğatında milli təhlükəsizlik məsələləri başlıca mövzu olub. Onlar əlavə ediblər ki, bu təbliğat bəzi hallarda daha aqressiv şəkil alıb və ittiham, təhqir müstəvisinə keçib. Bu isə, öz növbəsində, seçicilərin diqqətini partiyaların siyasi proqramlarından yayındırıb.
Bununla belə, müşahidəçilərin fikrincə, seçki günü sakit keçib. Müşahidəçilər bəzi hallarda kiçik pozuntular qeydə alındığı bildirsələr də, bu qənaətdədirlər ki, bu, seçkinin nəticələrinə təsir etməyib: "Biz bəzi seçki dairələrində kiçik texniki pozuntuları qeydə aldıq. Məntəqələrdə sıxlıq idi və əlilliyi olanların səs verməsi üçün şərait yaradılmamışdı. Amma ümumilikdə bunlar demokratik və konstitusiya nizamını şübhə altında qoymur".
Koçaryan seçkilərin nəticələrini tanımır
Robert Koçaryanın rəhbərlik etdiyi "Ayastan" bloku vaxtından əvvəl parlament seçkilərinin nəticələrini qəbul etmir və onları Konstitusiya Məhkəməsində mübahisələndirəcək.
Bunu Azatutyun Radiosuna blokun liderlərindən biri, "Daşnaksutyun" Partiyasının təmsilçisi İşxan Saqatelyan deyib. O, başqa sualları cavablandırmayıb.
Koçaryanın iyunun 22-də mətbuat konfransı keçirəcəyi gözlənir.
Kreml Paşinyanın qələbəsini 'əsaslı' sayır
Kreml Ermənistandan gələn seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir, seçkidə Nikol Paşinyanın partiyası əsaslı qələbə qazandığını bildirir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyir.
"Yerevandan gələn xəbərləri çox diqqətlə izləyirik, seçkinin baş tutması haqda Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatını alqışlayırıq. Əlbəttə, Paşinyanın partiyasının əsaslı qələbə çaldığını görürük", – Peskov jurnalistlərə deyib.
Mətbuat katibi Ermənistan xalqını seçki münasibətilə təbrik edib, Ermənistanı "yaxın müttəfiq" və "tərəfdaş" adlandırıb.