AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın antihökumət aksiyalarının davam etdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın siyasi komandası mayın 31-də Erməni Kilsəsi üzərinə daha çox vergi qoyulması məsələsini müzakirə edib.
Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.
Bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirdilər.
Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulmuşdular.
Kilsə və siyasət
Paşinyanın siyasi müttəfiqləri hazırda Eçmiadzini siyasətə qarışmaqda ittiham edirlər.
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan hələ mayın 21-də demişdi ki, Erməni Kilsəsinə də bütün başqa bizneslər kimi vergi qoyulmalıdır. Baş nazirin özü, belə bir addımın atılacağına işarə etmişdi.
Azatutyun yazır ki, Erməni Kilsəsi hazırda gəlir vergisi və xaricdən aldığı mal və materiallar üçün gömrük rüsumu ödəyir. Kilsə yalnız mülkiyyət vergisindən azaddır.
Lakin parlamentin maliyyə və büdcə işləri komitəsinin sədri Tsovinar Vartanyan və onun partiyadaşları bildiriblər ki, Eçmiadzin üçün edilən bu güzəşt tezliklə ləğv oluna bilər:
“Söhbət kilsənin idarə etdiyi minlərlə mülkdən gedir. Mən monastırlardan yox, kommersiya sahələrindən, ictimai sahələrdən, qonaq evlərindən danışıram. Hazırda bunları yoxlayırıq və düşünürəm ki, bu təşəbbüs məntiqi nəticə ilə bitəcək”.
Kilsə şamlarından gələn gəlir
Eyni zamanda Paşinyanın keçmiş şəxsi vəkili, hazırda Dövlət Vergi Xidmətinə başçılıq edən Rustam Badasyan bildirib ki, o hər bir erməni kilsəsində yandırılmaq üçün satılan şamlardan gələn qazanca 20 faiz əlavə dəyər vergisi (ƏDV) qoyulmasına tərəfdardır.
Azatutyun bildirir ki, şam satışı Eçmiadzinin ən böyük gəlir sahələrindən biri sayılır.
Vartanyan vurğulayıb ki, yeni vergi planları hazırda ölkədə gedən siyasi proseslərlə bağlı deyil. Lakin şərhçilər bu hadisələrin bağlı olması barədə fikir yürüdürlər.
Müxalifətdən olan və arxiyepiskopun etiraz aksiyalarında fəal iştirak edən deputat Artsvik Minasyan hökumətin planlarını tənqid edib.
O deyib ki, Ermənistan konstitusiyasında kilsənin ölkənin tarixindəki və ictimai həyatındakı “müstəsna rolu” təsbit edilib.
Azatutyun yazır ki, bu son xəbərlərlə bağlı hələ ki, Yerevanın 20 kilometrliyində yerləşən Eçmiadzinin rəsmi açıqlaması olmayıb.
Lakin ötən həftə spiker Alen Simonyanın bəyanatlarına cavab verən Baqrat Qalstanyan demişdi ki, Erməni Kilsəsi də başqa təşkilatlar kimi vergi ödəyir və sovet dövründə müsadirə edilmiş daşınmaz əmlakına görə heç bir kompensasiya almayıb.
Paşinyanla katolikos arasında qarşıdurma
Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanla Erməni Kilsəsi və onun başçısı II Qaregin arasında münasibətlər, onun hakimiyyətinin demək olar ilk günündən gərgin olub.
II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.
Bu münasibətlər xüsusilə də Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra daha da gərginləşib.
Bu sıradan son insident mayın 28-də baş verib. Həmin gün II Qaregin və əshabələri Müstəqillik Gününü qeyd etmək üçün Yerevan yaxınlığındakı Sərdarabad abidəsinə gül-çiçək əklilləri qoymağa və dualar etməyə gəlmişdilər.
Lakin hazırkı vəziyyətin mürəkkəb olduğunu nəzərə alan polis kilsə nümayəndələrinin qabağını kəsib və onlar gəlişlərinin məqsədi barədə təfərrüatlı məlumat verəndən sonra kompleksə buraxılıblar.
Azatutyun yazır ki, bütün ermənilərin katolikosuna qarşı polisin belə hərəkətləri Eçmiadzin və əksər diaspora kilsələrində pislənib. Müxalifət liderləri də II Qareginə qarşı belə hərəkətlərə görə Nikol Paşinyanı ittiham ediblər
Nikol Paşinyan mayın 29-da bundan bir gün əvvəl polis zabitlərinin Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginin və onu müşayiət edən ruhani xadimlərin Sərdarabad xatirə kompleksinə girişinə mane olmalarına haqq qazandırıb.
Bundan daha əvvəl, 2024-cü ilin Yeni il gecəsində İctimai televiziya katolikosun ənənəvi Milad xütbəsini efirə verməmişdi.
***
Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.
Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.
Daha sonra bu razılaşmaya əsasən sərhədin delimitasiyasına və sərhəd dirəklərinin basdırılmasına başlanıb.
Razılaşmaya uyğun olaraq Ermənistan silahlı qüvvələri Qazax rayonunun işğal olunmuş dörd kəndindən geri çəkilib və onların mövqelərini Azərbaycan sərhədçiləri tutub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.