Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:01

Ermənistan koronavirus xəstələrinin öhdəsindən gəlməyə bilər


Ermənsitanın səhiyyə naziri Arsen Torosian
Ermənsitanın səhiyyə naziri Arsen Torosian

Ermənistanın səhiyyə naziri Arsen Torosian aprelin 27-də deyib ki, hakimiyyət tezliklə koronavirusa yoluxanların müalicəsinin öhdəsindən gəlməyə bilər:

“Mən əlbəttə, o günün gələcəyini demək istəmirəm, amma biz günlərin bir günündə heç də bütün xəstələri müalicə edə bilməyəcəyik. Həmin andan sonra ölkə yalnız vəziyyəti ağır olan pasientlərin müalicəsi ilə məşğul ola biləcək. O günün nə vaxt çatacağını hələ bilmirik”.

Ermənistan hökuməti koronavirus epidemiyası ilə bağlı ölkədə sərt karantin qaydaları tətbiq edib.

Martın sonundan bəri insanların hərəkətinə məhdudiyyət qoyulub və əksər bizneslər dayandırılıb.

Bunun ardınca ölkədə yoluxmaların sayı kəskin şəkildə azalıb.

Bundan ürəklənən hakimiyyət bu ayın əvvəllərindən iqtisadiyyatın bəzi sahələrini açıb və nəqliyyatın hərəkətindəki məhdudiyyətləri bir qədər azaldıb.

Kəskin artım başlanıb

Lakin elə ötən həftə Ermənistan Səhiyyə Nazirliyi yoluxma rəqəmlərinin kəskin qalxması barədə məlumat verib.

Aprelin 27-ə olan məlumata görə 62 yeni yoluxma qeydə alınıb və COVID-19 xəstələrinin ümumi sayı 1808-ə yüksəlib. Ermənistanda koronavirusdan ölənlərin sayı 29-dur.

Torosian deyib ki, adamların necə yoluxduqlarını izləmək getdikcə çətinləşir və bu, infeksiya mənbələrin çoxalması ilə bağlıdır.

Nazir bildirib ki, COVID-19 pasientlərini müalicə edən xəstəxana və tibb mərkəzilərinin özləri yoluxma mənbəyinə çevrilib:

“Biz hazırda tibb mərkəzlərində virusun yayılmasını önləmək, həm həkimləri, həm də koronavirusa yoluxmamış pasientləri qorumağa çalışırıq”.

Ermənistanda koronavirusa yoluxanların hamısı xəstəxanalara və ya müvəqqəti tibb mərkəzlərinə yerləşdirilir.

Bundan başqa koronavirus xəstələri ilə hər hansı bir şəkildə təmasda olan minlərlə adam təcrid edilib.

Bunların arasında çox sayda xaricdən qayıdan vətəndaşlar var. Bu adamlar adətən iki həftə karantində saxlandıqdan sonra test edilir.

XS
SM
MD
LG