Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:56

'Heydər Əliyev dedi: 'Bu haqda hələ heç kim bilmir, neft kontraktlarını təcili imzalayaq''


Eldar Namazov
Eldar Namazov

“ABŞ və Britaniya diplomatları Heydər Əliyevlə təcili görüş keçirdilər. Mənim də iştirak etdiyim o görüşdə açıq-aydın mesaj verdilər ki...”

“Kabinetə girəndə gördüm ki, Heydər Əliyevlə o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev pəncərənin qarşısında ayaqüstə dayanıb nəsə ciddi söhbət aparırlar. Onlara yaxınlaşdım, Heydər Əliyev dönüb dedi: ‘Bu haqda hələ heç kim bilmir. Mən qərara gəldim ki, neft kontraktlarını təcili imzalamalıyıq’. Mənə tapşırıq verdi ki, ertəsi gün ABŞ və İngiltərə səfirini görüşə dəvət edim”.

Ovaxtkı prezident Heydər Əliyevin köməkçisi Eldar Namazov 1994-cü il sentyabrın 20-də imzalanmış, sonradan “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanmasından danışarkən bunları xatırlayır. Daha nələri xatırlayır? İlk dəfə bölüşdüyü bəzi xatirələri, Heydər Əliyevin sənədin imzalanmasına hazırlıq işlərini komandasından və ictimaiyyətdən niyə gizlətdiyini, ABŞ, Britaniya səfirlərinin nədən çəkindiklərini onun AzadlıqRadiosuna müsahibəsində oxuya bilərsiniz:

Qərb şirkətləri ilə danışıqlar prosesi uzun çəkdi. Hələ sovetlər dövründə Azərbaycanın ovaxtkı rəhbəri Ayaz Mütəllibov SSRİ rəhbərliyini Qərbin neft şirkətlərinin Xəzərdəkı yataqlarda neft hasilatı ilə bağlı kontraktlar bağlamağa razı salmışdı. Bu haqda SSRİ Nazirlər Kabinetinin və Mərkəzi Komitənin xüsusi qərarı vardı. Sovetlər dağılmaq üzrəydi, böhran dərinləşirdi, o şəraitdə Azərbaycana güzəşt edildi. Həmin dövrdən Qərb şirkətləri Azərbaycana gəlməyə, neft yataqları ilə bağlı danışıqlara başladılar. Mütəllibov getdi və Elçibəy dövründə danışıqlar daha intensiv şəkildə davam etdirildi. Ancaq məlum oldu ki, yenicə müstəqillik qazanan Azərbaycanın Qərbin neft şirkətləri ilə müqavilə bağlaması Rusiyanın maraqlarına ziddir, ölkənin yeni rəhbəri Boris Yeltsin və komandası bunun əleyhinə idilər. Bunun qarşısını almaqdan ötrü həm siyasi, həm diplomatik, həm də hərbi yollardan istifadə edirdilər.

Siz “hərbi yol” dedikdə yəqin Dağlıq Qarabağda gedən döyüşləri nəzərdə tutursunuz?

Həmin dövrdə Rusiyanın Ermənistana hərbi dəstək verməsini, Dağlıq Qarabağ müharibəsində faktiki Ermənistanın tərəfdə döyüşməsini nəzərdə tuturam. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində bir çox hərbi əməliyyatların məqsədi məhz bu kontraktların qarşısını almaq idi. Artıq o zaman Heydər Əliyev hakimiyyətdə idi. Bununla belə, o, danışıqları dayandırmadı. 1994-cü ilin əvvəllərində danışıqlar yekunlaşmaq üzrə idi, imzalanmalı idi. Amma həmin ilin fevralından mayın 14-də atəşkəs imzalanana qədərki dövrdə ermənilərin Tərtər və Bərdə istiqamətində aramsız hücumlarının məqsədi neft kontraktlarının imzalanmasını önləmək idi. Rusiya çalışırdı ki, ermənilər gələcək neft boru kəmərinin keçəcəyi ərazilərə yaxınlaşsın, oranı zəbt etsinlər. Rusiya bunu heç gizlətmirdi də.

Bəs Qərb şirkətləri və ya ABŞ, Britaniya diplomatları bu haqda nə düşünürdülər? Onlar hər hansı dəstək verməyi vəd edirdilərmi?

1994-cü ilin aprel-mayında o qədər ağır və təhlükəli vəziyyət yaranmışdı ki, ABŞ və Britaniya diplomatları Heydər Əliyevlə təcili görüş keçirdilər. Mənim də iştirak etdiyim o görüşdə açıq-aydın mesaj verdilər ki, biz təzyiqləri görürük və Azərbaycan Rusiyaya güzəştə getməli olsa, bu qərarı başa düşərik. Heydər Əliyev onda onlara maraqlı cavab verdi, “Narahat olmayın, biz bütün təzyiqlərə dözəcəyik və planlarımızdan geri çəkilməyəcəyik” söylədi.

"Əsrin kontraktı" 1994-cü ilin sentyabrında imzalanıb
"Əsrin kontraktı" 1994-cü ilin sentyabrında imzalanıb

O görüşdən sonra Heydər Əliyevə dedim: “Elə bir təsəvvür yaranmışdı ki, kimsə Amerikaya hücum edir, siz də onlara ürək-dirək verirsiniz. Əslinə qalsa, onlar sizə ürək-dirək verməliydilər”. Faktiki olaraq, Rusiya aqressiv davranırdı, Gürcüstandakı hərbi bazasından hər gün Qarabağ cəbhəsinə ermənilərə tank göndərirdi. Tərtər və Bərdə istiqamətində Azərbaycan ordusu çox böyük müqavimət göstərirdi, ermənilərin böyük itkiləri olurdu, cəbhə xəttini yara bilmirdilər, bəzən erməni tanklarını vururduq, içərisindəki rus ekipajı təslim olurdu, Yeltsin hakimiyyəti də xahiş edirdi ki, əsir düşən rus tankçıları Rusiyaya təhvil verilsin. Yəni Rusiya birbaşa döyüşlərdə iştirak edirdi. Azərbaycan ordusu bu hücumların qarşısını ala bildi və nəhayət hərbi paritet yarandıqdan sonra mayda atəşkəs razılaşması imzalandı.

Beləliklə, neft danışıqları sürətləndi?

İmzalanma prosesinə hazırlıq başlandı. Avqustun ortaları idi, Heydər Əliyev məni kabinetinə dəvət etdi. Kabinetə girəndə gördüm ki, Heydər Əliyevlə o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev pəncərənin qarşısında ayaqüstə dayanıb nəsə ciddi söhbət aparırlar. Onlara yaxınlaşdım, Heydər Əliyev mənə dönüb dedi: “Bu haqda hələ heç kim bilmir. Mən qərara gəldim ki, neft kontraktlarını təcili imzlamalıyıq”. Mənə tapşırıqlar verdi ki, ertəsi günə ABŞ və İngiltərə səfirini dəvət edim, BP rəhbərliyi ilə görüşüb kontraktın imzalanma prosesini nə cür təşkil etməklə bağlı məsələləri koordinasiya edim. Amma xəbərdarlıq etdi ki, bu haqda heç kim bilməli deyil, vaxt gələndə bu addım-addım əvvəlcə Azərbaycanın rəhbər orqanlarında çalışanlara, ondan sonra ictimaiyyətə bildiriləcək, hələliksə heç kim heç nə bilməməlidir. Rusiya təxribata əl ata bilərdi. Səhəri gün səfirləri dəvət etdim... O zaman söhbət hələ kontraktın mətnindən getmirdi, onun üzərində işlənirdi. Bir neçə həftə heç kimin bu məsələdən xəbəri olmadı, yalnız səfirlər öz hökumətlərinə hazırlıqlarla bağlı xəbərdarlıq etmişdilər. Sonrakı hadisələr göstərdi ki, hazırlıqların belə sürətlə və qapalı aparılmasına əsas varmış. Kontrakt imzalandıqdan sonra Heydər Əliyev BMT-nin Baş Assambleyasına səfər etdi və bu zaman nələr baş vermədi. MTN-dən, ən qapalı həbsxanadan kimlərsə qaçırıldı, siyasi qətl baş verdi, Heydər Əliyevə yaxın adamlara sui-qəsdlər edildi. Bu proses qapalı, məxfi və sürətlə aparılmasaydı həmin hadisələr elə avqustda, sentyabrın əvvəlində baş verə, Qərb şirkətləri də kontraktların imzalanmasını təxirə sala bilərdilər.

Eldar bəy, kontrakt imzalandığı gün Rusiya hansı reaksiyanı verdi?

Rusiyanın içərisində parçalanma baş verdi, xarici işlər naziri, Yeltsin administrasiyası kontraktın əleyhinə bəyanat verdilər ki, Xəzərin statusu müəyyənləşdirilməyib və belə bir durumda beynəlxalq kontraktların imzalanması qanunsuzdur. Ancaq eyni zamanda, Rusiya baş naziri Çernomırdin energetika nazirini kontraktın imzalanma mərasimində iştirak üçün Bakıya göndərdi və “Lukoil” şirkətinin həmin kontraktda pay almasına razılıq verdi. Bəlli oldu ki, bu məsələdə Rusiyanın özündə ikitirəlik var. Dramatik proseslər gedirdi. Amma müqavilə imzalandı və Cənubi Qafqazda geopolitik durumu dəyişdi. Qərbin aparıcı şirkətləri bura on milyardlarla vəsait sərmayə yatırandan, böyük gəlirlər götürmək məqsədilə mövqelərini möhkləmlədəndən sonra siyasi investisiya, siyasi kapital gəlməyə başladı. Artıq ABŞ Dövlət Departamenti, Pentaqon Cənubi Qafqazda, Azərbaycanda möhkəmlənməkdə maraqlıydılar.

Belə başa düşmək olar ki, Qərb şirkətləri hər zaman tərəddüd içindəymişlər, mərhum dövlət müşaviri Vəfa Quluzadə bir dəfə onların vaxtaşırı yanına gələrək narahatlıqlarını ifadə etdiklərini söyləmişdi. Heç olubmu desinlər ki, məsələni birdəfəlik bitirək?

Onlar bir neçə dəfə prosesi dayandırmağa məcbur qalıblar. Ayaz Mütəllibov gedəndən sonra proses dayandı və Əbülfəz Elçibəyin dönəmində danışıqlara təkrar start verildi və şərtlər dəyişdi. AXC hakimiyyəti gedəndən sonra da proses dayandı və bərpa olunduqda şərtlər yenidən dəyişdi. Rusiyanın təzyiqini, müharibəni, ölkədəki qeyri-sabitliyi gördükcə, təbii, ildən-ilə Qərb şirkətlərinin qoyduğu şərtlər daha da ağırlaşırdı. Siyasi risk yüksək olduqca kontraktlar şirkətlər üçün daha əlverişli şərtlərlə bağlanır. Ancaq bunu da deyim ki, onlar fikirlərindən əl çəkməyiblər, gözləmə mövqeyində durublar, bilirdilər ki, burda böyük neft yataqları var və layihəni əldən buraxmaq istəmirdilər. Sadəcə, hər proses bərpa olunanda daha böyük şərtlərlə gəlirdilər. O zaman Rusiya hərbi bazasını bura yerləşdirmək istəyirdi. Bu da neft kontraktlarının üstündən xətt çəkə bilərdi. Hansı Qərb şirkəti bura gələrdi?

Dediniz ki, şərtlər dəyişdikcə şirkətlərin şərtləri də ağırlaşırdı. Demək olarmı ki, üç dəfə hakimiyyət dəyişikliyi, işğallar Azərbaycanın daha az sərfəli, ciddi itkilərlə kontrakt imzalamasına şərait yaratdı? Ya bəlkə başqa cür mümkündü?

O döyüşlər olmasaydı, hakimiyyət dəyişiklikləri olmasaydı, işğallar olmasaydı, Rusiyanın yaratdığı təhlükələr olmasaydı Azərbaycan Qərblə daha əlverişli şərtlərlə kontrakt imzalayacaqdı. Siyasi risk amili həmişə nəzərə alınır. Azərbaycanda bu risk yüksək idi, bu da ölkə üçün o qədər də əlverişli olmayan kontrakt bağlanmasına səbəb oldu. O sənəd imzalananda Qərb şirkətləri onu elə tərtib etmişdilər ki, onun həyata keçirilməsi Azərbaycana sərfəli deyildi. Bir faktı deyim. Həmin kontrakta görə, boru kəməri çəkilən kimi neft hasilatı ildən-ilə sürətlə artmalı idi və 2010-cu ildə pik nöqtəsinə çatmalı idi. Bu nöqtədə iki il qalmalı, sonra yavaş-yavaş enməli idi. Azərbaycana sərfəli olardı ki, hasilat belə sürətlə artmasın, 10-15 ilə çatsın və bu nöqtədə elə 10-15 il də qalsın, ölkə iqtisadiyyatının böyük neft pullarına hazırlanmaq, islahatlar keçirmək üçün daha çox vaxt olardı. Ancaq bu, neft şirkətlərini qane etmirdi, onlar Rusiyadan çəkinirdilər, qısa müddətdə sərmayəni geri qaytarmaq istəyirdilər. Azərbaycan da o durumda şərtlərini diktə edə bilmirdi.

Prezident Heydər Əliyev (sağda), Natiq Əliyev və İlham Əliyev "əsrin kontraktından" alınan ilk nefti qeyd edirlər
Prezident Heydər Əliyev (sağda), Natiq Əliyev və İlham Əliyev "əsrin kontraktından" alınan ilk nefti qeyd edirlər

Düzdür, vəziyyət dəyişdikcə Azərbaycanın itkiləri kompensasiya olunur. İndi Azərbaycanın payı hamıdan çoxdur, bəzən neft şirkətlərinin narazılığı da olur ki, əsas gəlir ölkənindir, təmirə, başqa şeylərə pul xərcləmək istəmirdilər. Amma onlara xatırladıldı ki, birinci mərhələdə hər şey sizin xeyrinizə idi.

Kontrakt imzalanan günə qayıtsaq, ab-hava necə idi? Bayaq dediniz ki, Heydər Əliyev bunu hətta komandasından gizlətməli oldu.

Baş nazir Surət Hüseynov mətbuatda neft kontraktları əleyhinə danışırdı, onu şübhə altına alırdı. Amma kontraktın imzalanmasına hazırlıqdan xəbəri yox idi. Buna görə hazırlıq elə sürətlə, məxfi aparıldı ki, hamı fakt qarşısında qaldı. Hamıda belə təəssürat vardı ki, kontrakt hardasa ilin sonuna imzalana bilər. Heydər Əliyev komanda üzvlərinə deməmişdi bunu. Hazırlıqları səfirlərlə, BP rəsmiləri ilə müzakirə edilirdi. Yalnız üçüncü-dördüncü mərhələdə hakimiyyət üzvlərinə elan olundu ki, sənəd imzalanır. Biz bilirdik ki, sızmalar ola bilər. İranın iştirakı ilə bağlı bəzi məqamlar vardı, ona razılıq verilmişdi. Amma sonra bu razılıq geri alındı, başqa bir yataqda iştirak təklif etdik və ya Türkiyə daha çox pay istəyirdi, o mərhələdə Tansu xanımla (1993-1996-cı illərdə Türkiyənin baş naziri-red.) ciddi danışıqlar aparılırdı, Rusiyanın “Lukoil” şirkətinə geri çəkilməklə bağlı təzyiqlər vardı, detallar çoxdur.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyir ki, bir dəfə Qərb şirkətləri qəti şəkildə danışıqları dayandıraraq Rusiya ilə Xəzərin statusunu razılaşdırdıqdan sonra prosesi davam etdirəcəklərini bildiriblər. Sizcə, bu, blef idi?

Bu danışıqlar aparılanda neft şirkətləri həm öz hökumətlərindən qarantiya istəyirdilər, həm də Azərbaycandan. O sənəd imzalananda həm neft şirkətləri imza atdılar, həm də onların təmsil etdikləri ölkələrin hökumət rəsmiləri. Biz də istəyirdik ki, bura təkcə Qərbin maddi sərmayəsi yox, siyasi sərmayəsi gəlsin. Xoşbəxt Yusifzadənin dediyi “biz dayandırırıq, gedirik” kimi hallar dəfələrlə olub, sadəcə, riskə getmək istəmirdilər. Ağrılı proses idi. Aparıcı rolu Azərbaycan ÖZÜ oynadı, atəşkəsi imzalamaqla siqnal verdi ki, neft kontraktı bağlana bilər, ABŞ, Britaniya hökumətləri də şirkətlərinə dayaq durdular.

“Əsrin kontraktı” deyəndə yadınıza daha çox nə düşür?

İki hadisə yadımdan çıxmır. Heydər Əliyev 30-40 nəfərlik ordu rəhbərliyi ilə qapalı müşavirə keçirdi. Bir neçə saat Tərtər, Bərdə istiqamətində gedən döyüşlərlə bağlı müzakirə getdi. Xəritələr ortaya qoyuldu, harda hansı güc, texnika var, güclərin balansı necədir, döyüşlər neçə aya davam edə bilər... Bundan sonra Əliyev atəşkəsə razılıq verdi. Dedim ki, artıq ermənilər təngnəfəs olub, ölkədə narazılıqlar, çaxnaşmalar var (ona məxfi kanallarla gələn sənədləri mən məruzə edirdim, ona görə məlumatlı idim), bəlkə bir qədər gözləyib əks-hücuma keçmək olar? Cavab verdi ki, “Eldar, hər gün biz nə qədər texnikanı vururuq, səhəri gün Gürcüstandan iki dəfə çox texnika gəlir, biz Ermənistanla yox, Rusiya ilə döyüşürük...” O toplantı atəşkəslə bağlı həlledici qərar verməyə yardımçı oldu. Bir bu müşavirə yadıma gəlir, bir də Heydər Əliyevlə İlham Əliyevin neft kontraktının imzalanmasına hazırlıqların başlanmasına start verildiyini demələri.

XS
SM
MD
LG