Bakı-Sumqayıt yolunda - Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarındakı yanğından 5 ilə yaxın vaxt ötsə də, hadisə vaxtı yüz minlərcə manat ziyana düşən sahibkarlar hələ də pulunu ala bilməyiblər. Məhkəmə illər öncə onlara dəymiş ziyanın ödənilməsinə qərar verib. Həmin qərara görə, "EuroHome" rəhbərliyi sahibkarlardan Ümid Qayınbəyova 392 min, Samir Məhərrəmova 325 min, Teymur İbrahimova 194 min, Əjdər Həsənova 193 min, İsmayıl İsmayılova 136 min, Ramin Babayevə 115 min, İlqar Məmmədova 108 min manat - toplam təxminən 1.5 milyon manat ödəməlidir. Ancaq bu qərar illərdir kağız üzərində qalıb.
"EuroHome" rəhbərliyi sahibkarların pulunu könüllü şəkildə vermir. Bir müddət öncə mağaza sahibləri şirkətin pul öhdəliyinin onun əmlakına yönəldilməsini istərkən, xəbər tutublar ki, istintaq gedən dövrdə "EuroHome"un əmlakı özünə bazar dəyərindən dəfələrlə ucuz qiymətə satılıb. Yanğından ziyan çəkən sahibkarlar arasında kompensasiya alan tək adam da "EuroHome"un öz sahibi olub. Bu qərarı da Binəqədi rayon Məhkəməsi və bu rayonun icra şöbəsi verib.
"EuroHome" müflis olub?
AzadlıqRadiosunun bilgisinə görə, yanğından ziyan çəkən sahibkarlara təzminat ödənilməsi haqda qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilib. Bu qurumun rəisi İlham Həsənov, icra məmuru Məhəmməd Qaragözov bir müddət sonra qərar çıxarıblar ki, "EuroHome" MMC müflis olub və əmlaksız qalan şirkət ödəniş etmək iqtidarında deyil. Bu üzdən, sahibkarlara kompensasiya verilməyib.
Məhkəmə qərarından görünür ki, yalnız bir sahibkar – "EuroHome"un öz sahibi təzminat ala bilib. Başqa sözlə, şirkətin təsisçisi özü elə özündən pul aldığına görə müflis olub və digər sahibkarlara verməyə pulu qalmayıb.
Sənədlərə görə, istintaq dövründə "EuroHome"un təsisçisi Azay Möhnətov Binəqədi rayon Məhkəməsinə müqavilə təqdim edərək yanğından öncə 500 min manat borc verdiyini göstərib. Üstəlik, öz şirkətinə verdiyi borcun 200 min manatının hələ qaytarılmadığını iddia edərək həmin pulun ödənilməsini istəyib.
Ən böyük tikinti bazarının dəyəri 200 min manatdır?
Binəqədi rayon Məhkəməsinin hakimi Günel Abbasova da qərar çıxarıb ki, borcu A.Möhnətova öz şirkəti ödəməlidir. Qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə olunub. İcra məmuru Ramin Muradovun iştirakı ilə A.Möhnətovla onun öz şirkəti – "EuroHome" MMC arasında barışıq sazişi imzalanıb. Ticarət mərkəzinin yerləşdiyi 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksi cəmi 200 min manat borc müqabilində təsisçiyə bağışlanıb.
Digər sahibkarlar bu qərardan apellyasiya məhkəməsinə şikayət veriblər. Onların fikrincə, dəyəri təxminən 25 milyon manat olan əmlakın 200 min manat həcmində qiymətləndirilməsi, "EuroHome"un təsisçisinə bağışlanması digər sahibkarların hüquqlarının kobud şəkildə pozulmasıdır.
Xatırlatma
"EuroHome" Azərbaycanın tikinti malları satılan ən böyük bazar mərkəzlərindən biridir. 2019-cu il dekabrın 10-da baş vermiş yanğın 3 saata yaxın sürmüşdü. Nəticədə 100-ə yaxın tikinti malları mağazasına ziyan dəymiş, 10-dək adam xəsarət almışdı.