Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Birmərtəbəli,… evlərin tikintisinə icazə tələb edilmir, amma…


Vətəndaş evin layihəsini yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.
Vətəndaş evin layihəsini yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.

Türkiyədə bu ay baş verən zəlzələlərdən sonra Azərbaycanda yenə həyət evlərinin tikintisinə marağın artdığı deyilir. Amma sənədləşdirmə işlərində yenə süründürməçilik və başqa neqativ hallardan şikayətlər eşidilir. Halbuki bir neçə il əvvəl bu sahədə sənədləşdirmə işinin sadələşdirildiyi deyilirdi.

Prezidenti İlham Əliyev hələ 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə rəsmi icazə olmadan tikilən evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq strukturlara tapşırıq verib. 2015-ci ildə isə o, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək (2004) əldə edilən evlərin, obyektlərin qanuniləşdirilməsi üçün sənədlərin siyahısının təsdiq edilməsi barədə fərman imzalayıb.

500 min sənədsiz evlə bağlı qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

"Ətrafda bütün evlər sənədsizdir"

2019-cu ildə Masazır qəsəbəsində torpaq alan Əhmədova (adını tam demir) AzadlıqRadiosuna bildirib ki, hələ də tikinti işlərini başlamayıb: "Ətrafda bütün evlər sənədsizdir. Uzaqbaşı bələdiyyə sənədləri var. Kupçaların ( çıxarışların) verilməməsi məni ev tikməkdən soyudub. Sabah ev qanunsuzdur deyib, gəlib sökə bilərlər".

O qeyd edib ki, evin tikilməsi razılaşdırılmalıdır: "Bu da, deyilənə görə, çox uzun prosesdir. Qonşuların hamısı deyir ki, idarələr məsələni qəsdən uzadırlar. Məqsəd də bəllidir. Torpaq payım ola-ola kirayələrdə qalmağa məcburam".

Ötən il 50 min fərdi ev qeydiyyata alınıb

Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən "Turan"a bildirilib ki, prezidentin 2015-ci ildə imzaladığı fərmana əsasən, 2022-ci ilə kimi 100 mindən çox ev sənədləşdirilib.

Qurumdan bildirildiyinə görə, ötən il isə 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb: "Lakin paytaxtda, bölgələrdə fərdi şəxslər və tikinti şirkətləri tərəfindən inşa olunan evlərin bir qisminə hələ də rəsmi sənəd verilməyib".

Vurğulanıb ki, çıxarış almaq üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır.

Hansı halda tikintiyə icazə tələb edilmir?

Əlavə olunub ki, 2013-cü ildə Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklərə əsasən, fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər sadələşdirilib və evin layihəsi normalara uyğundursa, rəsmi icazəyə ehtiyac yoxdur: "Əgər torpaq sahəsi vətəndaşın icarəsində, istifadəsində və ya mülkiyyətindədirsə, inşa etdiyi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırım 6 metrdən çox deyilsə, tikintiyə hər hansı icazə tələb edilmir. Lakin vətəndaş evin layihəsini yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Qurum 10 gün ərzində layihəyə irad bildirməsə, vətəndaş tikinti işlərini başlaya bilər".

N.Bəydəmirli
N.Bəydəmirli

"Vətəndaş rüşvət verməyə məcbur qalır"

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olan zaman öhdəliklərindən biri də bələdiyyələrin yaradılması olub: "1999-cu ilin dekabrından fərdi yaşayış evlərinə torpağın ayrılması qanunla bələdiyyələrə həvalə olunub. O vaxt vətəndaş indi ləğv edilmiş Torpaq Komitəsindən rəy almalı idi ki, torpaq kimin mülkiyyətindədir. Bütün bunlar o məqsədlə edilirdi ki, o zaman bunun müqabilində rüşvət alınırdı".

Onun sözlərinə görə, indi də bu proses bir çox hallarda davam edir.

O hesab edir ki, çox qəribə vəziyyət yaranıb: "Vətəndaşın torpaq sahəsi var, üstündə mülkiyyəti var, orada yaşayır, hətta orada qeydiyyatdadır, amma mülkiyyət hüququnu ala bilmir. Bələdiyyələr isə əmlak və torpaq vergisini toplayır, kommunal xidmətlərinə görə vətəndaşlar ödənişlər edir və bütün bunlar vətəndaşın sübutudur. Buna baxmayaraq, ev onun mülkiyyətində deyil".

Bəydəmirlinin fikrincə, bütün bunlar süründürməçiliyə yol açır: "Vətəndaş məhkəməyə müraciət edərsə də, məhkəmələr dövlət qurumlarının tərəfini tutur. Buna görə də vətəndaş rüşvət verməyə məcbur qalır".

Xatırlatma

Bu il fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə çoxlu sayda əsasən çoxmərtəbəli yaşayış binaları dağılıb, 44 mindən çox insanın həlak olduğu açıqlanıb.

XS
SM
MD
LG