Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:47

Facebook vs. TikTok – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Facebook bir günə bazar dəyərinin 200 milyard dollardan çoxunu itirib. Fevralın 2-də Meta-nın səhmləri 20 faizdən çox ucuzlaşıb

Facebook platformasının ilk dəfə olaraq aktiv istifadəçi sayının azalması sosial media tarixində böyük hadisə sayılır. “The Washington Post” qəzeti son 18 ildə böyüyən Facebook-un ilk dəfə belə bir azalma ilə üzləşdyini yazır.

Keçmiş Facebook, indiki Meta şirkətinin bu həftə bildirdiyinə görə, ötən rübdə gündəlik istifadəçi sayı azalıb. Instagram və WhatsApp-in də daxil olduğu şirkət bütövlükdə böyüyüb, amma əsas brendi olan Facebook sosial şəbəkəsinin gündəlik istifadəçi sayı 2 milyarddan az olub.

Meta-nın hesabatları investorları məyus edib və şirkət bir günə bazar dəyərinin 200 milyard dollardan çoxunu itirib. Bu, 2018-ci ildəki rekorddan yuxarıdır. Fevralın 2-də Meta-nın səhmləri 20 faizdən çox ucuzlaşıb.

İnvestorları narahat edən digər məsələlər də var – şirkət Çindən rəqibi TikToka alternativ olaraq Instagram-ın daha qısa Reels adlı video versiyasını işə salmağa çalışır Apple şirkəti Facebook-un iPhone telefonlarında reklamları hədəfə almasını məhdudlaşdırır; şirkətin “metavers” adlı virtual reallıq qurmaq planına xərclər artır və sairə.

Qəzet Facebook app-dən istifadənin illərdir tədricən sabit qaldığını yazır. Amma yenə də gündəlik 2 milyard istifadəçi sayı istənilən ölkənin əhalisindən çoxdur.

“Ancaq Facebook-un istədiyi bu deyildi, o, bəzi adamların hələ də internetə çıxışının olmadığı bir dünyada hamını əlaqələndirmək istəyirdi. Gələcəkdə Facebook-un artımını hansısa formada bərpa edəcəyi mümkündür, amma ən dəyərli ölçü vahidi olan gündəlik istifadəçi sayındakı azalma (şəbəkənin qurucusu Mark) Zukerberqin arzusunun tam həyata keçməyəcəyini göstərir”, – məqalədə deyilir.

Meta özü də Instagram, WhatsApp və getdikcə Reality Labs-in şirkətin gələcəyi olduğunu bildirir. “Meta onların böyüməsi, rəqibləri dəf etmək, istifadəçilərin daha çox vaxtını, reklamçıların isə pulunu almaq üçün hər şey edəcək”, – yazan qəzet Facebook-un artımının sonun sosial medianın və İnternetin tarixində dönüş nöqtəsi hesab edir. Çünki əgər Zukerberq mövcud resurslar və istəklə Facebook vasitəsilə dünyanı birləşdirə bilmədisə, bunu heç bir şəbəkə təkbaşına bacarmayacaq.

Facebook-dan sonra Instagram?

TikTok, pandemiya və Hindistanda mobil data xərcləri adamların son rübdə Facebook-dan kütləvi axınına səbəb olub. “Reuters” Instagram-ın növbəsinin nə vaxt çatacağını təhlil edir.

“Insider Intelligence” proqnoz şirkəti Instagram-ın növbəti üç ildə istifadəçilərini itirməyəcəyini bildirir. Amma şirkətin noyabrda açıqladığı rəqəmlərə görə, Instagram-ın aylıq istifadəçi sayındakı artım bu il 5.8%-ə, 2025-ci iləcən 3.1%-ə düşəcək. Ötən il bu rəqəm 16.5% idi.

Facebook Instagram-ı 2012-ci ildə 1 milyard dollara alıb və Facebook-da yavaşıyan artıma kompensasiya kimi görülürdü. Instagram-dan əldə edilən reklam gəlirləri Meta üçün çox vacibdir. Agentlik Instagram-ın istifadə sayında azalmanı və reklam qiymətlərini qaldıra bilməməsinin Meta rəhbəri Mark Zukerberqin ambisiyalarını səngidə biləcəyini qeyd edir.

Meta özü Facebook tətbiqi və vebsaytının istifadə sayının azalmasını qismən COVID-19 lokdaunlarının qaldırılması ilə izah edir. Digər səbəblər Hindistanda bahalanan internet və ByteDance Inc.-in TikTok videopaylaşım tətbiqinə marağın artmasıdır.

Facebook, müəyyən dərəcədə də Instagram indiyədək bir sıra qalmaqallarla üzləşiblər. Datanın gizliliyinin qorunması, istifadəçilərin yaxşı əhvalda olması, Snapchat, Twitter və digər sosial şəbəkələrin yaratdığı rəqabət mühiti bu sıradadır.

Zukerberq özü təhlilçilərə deyib ki, Reels ən sürətlə böyüyən kontent formatıdır və Instagram-dan istifadəyə ən böyük töhfəni verir. Ancaq o, Reels-in hələlik, reklam gəlirləri üçün o qədər də populyar olmadığını qeyd edib.

Snapchat də razılaşır ki...

Snapchat sosial şəbəkəsi foto və videoların paylaşılandan sonra itdiyi Stories (Hekayətlər) formatını yaratmışdı. İndi isə şirkət sosial medianın gələcəyinin TikTok-a bənzədiyini deyir. Bu haqda “The Verge” portalı yazır.

Fevralın 3-də rüblük gəlirlər hesabatını investorlara təqdim edən Snap Baş icraçı direktoru Evan Spiegel deyib ki, indi Stories-ə daha az vaxt sərf olunur. Şirkətsə ümid edirdi ki, pandemiya lokdaunları səngidikcə Stories-dən istifadə yüksələcək. Snapchat istifadəçiləri əvəzində rəqib TikTok-un Spotlight-ında videolara baxırlar.

“Pandemiya dövründə izlədiyimiz tendensiya davam edir, dostların stori paylaşımları və gündəlik aktiv baxış sayı pandemiyadan öncəki səviyyəyə qalxmayıb”, – Spiegel söyləyib.

Snap kontent bölümünə hansı dəyişikliklərin ediləcəyini açıqlamasa da, dərgi bunun daha çox TikTok-a bənzəyəcəyini yazır, bu sosial şəbəkədə Spotlight videoları tam ekranda açılır, daha sonra daha uzun Discover şoularına baxmaq olur.

“Adamların vaxtlarını necə keçirmək üçün çoxlu seçimləri var və TikTok kimi tətbiqlər sürətlə böyüyür”, – bu həftə Zukerberq belə deyirdi.

XS
SM
MD
LG