Dörd aya yaxındır həbsdə olan I qrup əlil Famil Xəlilov məhkəmədə "təqsirləndirilən şəxs" adlandırılmasına etirazını bildirib. "Mənə "təqsirləndirilən şəxs" yox, "şərlənən şəxs" deyin, çünki mən şərlənmişəm", - o, avqustun 29-da öz məhkəməsində hakimə belə deyib.
Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-dən narkotik ittihamı ilə həbsdə olan F.Xəlilovun məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
F.Xəlilov deyir ki, avqustun 15-dən başladığı aclığı davam etdirir. Məhkəmə prosesini izləməyə gələn ictimai-siyasi fəallar, ailə üzvləri onu aclığı dayandırmağa, öz sağlamlığını, övladlarını nəzərə almağa çağırıblar.
"Yeyəndə gərək ayaqyoluna gedəsən, kim kömək eləsin?"
"Yeməyə başlayım, amma gərək yeyəndə ayaqyoluna da gedəsən. Kim kömək eləsin?!", - hər iki əli iflic olan F.Xəlilov çağırışları belə cavablandırıb. O, aclığı sürdürəcəyini vurğulayıb.
Vəkilləri onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldıraraq bu durumda həbsdə saxlanmasını işgəncə və insana yaraşmayan davranış saydıqlarını diqqətə yetiriblər. Ev dustaqlığına buraxılacağı halda, məhkəmədən yayınmaq niyyətinin olmadığını da bildiriblər. Deyiblər ki, əksinə, özünü təqsirli bilmir, sonadək hüquqi müstəvidə mübarizə aparıb, bəraət almaq istəyir.
"Famil Xəlilov acınacaqlı vəziyyətdədir, başqalarının köməyi olmadan hərəkət edə bilmir. Ona kimsə su verməsə, su içə bilmir. Bu vəziyyətdə olan adamı həbsdə saxlamaq qeyri-insani rəftardır", - vəkil Bəhruz Bayramovun sözləridir.
Ancaq məhkəmə onu ev dustaqlığına buraxmaqdan imtina edib.
F.Xəlilov öz işi ilə bağlı ittiham aktını almadığından məhkəməsi sentyabrın 5-dək ertələnib.
Xatırlatma
34 yaşlı F.Xəlilov mayın 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa, o, 12 ilədək həbs cəzası ala bilər.
Yaxınları onun sosial şəbəkələrdə tənqidi statuslarına görə narkotiklə şərləndiyini vurğulayırlar. Rəsmilərsə, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.
Son 3 il boyunca Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib.
Onlar həbslərinin səbəbini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarındakı fəallıqlarına bağlayırlar.
"Readmissiya" deyərkən, başqa ölkəyə gedən şəxsin orada leqallaşa bilməməsi, həmin ölkənin miqrasiya qanunvericiliyini pozması üzündən öz ölkəsinə geri qaytarılması nəzərdə tutulur. Readmissiya sazişi vətəndaşını geri qəbul edən ölkənin üzərinə müəyyən öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.