Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:36

Deputata hücumda adı hallanan qəssab: 'Namaz qılmağa görə cəza düşürsə, verin cəzamı...'


Ailəsi deyir ki, İlkinin Xocasən qəsəbəsində kamera görüntüləri var, Fazil Mustafaya hücum vaxtı çörək alıb evə gedir.
Ailəsi deyir ki, İlkinin Xocasən qəsəbəsində kamera görüntüləri var, Fazil Mustafaya hücum vaxtı çörək alıb evə gedir.

Tutulduğu ilk günlərdə sosial şəbəkələrdə və bir sıra saytlarda fotoları yayılaraq deputat Fazil Mustafaya qarşı sui-qəsdin iştirakçısı kimi təqdim olunan İlkin Süleymanov narkotik ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Özü isə deyir ki, əslində bu ittihamlardan heç birinin ona aidiyyəti yoxdur, tamamilə təqsirsizdir.

"Əgər adama namaz qılmağa görə cəza düşürsə, o zaman verin cəzamı. Heç məscidə getməyə də vaxtım olmurdu. İşdə quzu ətini bir tərəfə çəkib, namazımı qılırdım. Səhər 8-dən axşam 10-na qədər işləyirdim...", – Süleymanov iyulun 19-da məhkəmədə belə deyib.

Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanovu Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları saxlayıb. Onun üstündən 3.4 qram narkotik tapılıb. Bu üzdən ona "satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma" ittihamı irəli sürülüb.

"Kərbəlada ziyarətdə olarkən çəkdirdiyim şəkli göstərdilər"

Uzun müddət Bakının Xocasən qəsəbəsində qəssab işləmiş 32-yaşlı Süleymanov bildirir ki, nəinki narkotik, heç siqaret də çəkmir. Deyir ki, onu 4-cü yox, 40-cı bölmənin əməkdaşları saxlayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Orada ondan deputata qarşı silahlı hücumda təqsirləndirilən şəxslər haqqında soruşublar: "Azər, Səbuhi haqqında soruşurdular. Səbuhini, ümumiyyətlə, tanımıram. Azəri isə ət alan müştəri kimi tanımışam. Xocasənin, Sulutəpənin yarısı bizdən ət alırdı. Məndən soruşurdular ki, dövlətçilik əleyhinə nəsə paylaşmamısan? Mitinqlərdə iştirak etməmisən? Telefonumda Kərbəlada ziyarətdə olarkən çəkdirdiyim şəkli göstərdilər...".

Azər Səricanov və Səbuhi Şirinov deputata qarşı sui-qəsddə ittiham edilərək həbs olunub.

Süleymanovun sözlərinə görə, BMCMİ-də araşdırma aparandan, heç bir cinayət törətmədiyinə əminlik yaranandan sonra onu 4-cü polis bölməsinə göndəriblər. Deyir ki, orada isə ailə üzvləri, həyətindən böyük çəkidə narkotik çıxarılacağı ilə hədələnib. Saxlandıqdan sonra iki gün yeri barədə yaxınlarına heç bir məlumat verilməyib: "Dedim, nə atam var, nə qardaşım. O evdə yaşlı anam, iki körpə uşaq var, həyətimizə getməyin. Demişdilər ki, razılaşmasam, həyətimizdən daha çox narkotik çıxacaq, anamı bölməyə gətirəcəklər. Ölsəm, ondan yaxşıydı...".

"Məni 40-cı bölmənin işçiləri tutub"

Süleymanov istintaqdakı ilkin etiraf ifadəsində göstərib ki, üzərindən çıxdığı iddia olunan 3.4 qram narkotiki "Papanin"də tanımadığı adamdan alıb. Lakin məhkəmədə bildirib ki, 10 ildən çoxdur "Papanin" tərəfə getmir.

"Səhərdən-axşama qədər işləyirdim, əllərimə bir baxın... Üç banka kreditim vardı. Öz dərdim özümə bəs edir. 31 yaşım, 3 və 7 yaşlarında iki körpə uşağım var. Məni bədbəxt eləməyin...", – təqsirləndirilən qəssab ifadəsini belə bitirib.

Ancaq 4-cü polis bölməsinin əməliyyat müvəkkili Elçin Xalıqov iddia edir ki, Süleymanovu saxlayanlardan biri olub və onun cibindən narkotik tapılıb. Onun sözlərinə görə, əməliyyat məlumatı əsasında gedib onu tutub: "Videoçəkiliş ilə baxış keçirdik, narkotik çıxdı...".

Süleymanov deyir ki, polis əməkdaşı yalan danışır. Onun sözlərinə görə, 4-cü bölmənin əməkdaşları, ümumiyyətlə, Xocasənə gəlməyib həmin gün: "Məni 40-cı bölmənin işçiləri tutub. Bunu bölmədə görmüşəm. İndi burada başdan-ayağa yalan danışır".

Ailənin etirazı

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Süleymanov saxlanılandan sonra ailə üzvləri mediaya müsahibələrində onun yeri barədə heç bir məlumat ala bilməmələrindən gileylənirdilər. Onlar həmçinin onun adının silahlı hücumda hallanmasına da etiraz edirdilər. Xocasəndəki mağazalardan birinin videokamerasının qeydə aldığı görüntüləri paylaşan yaxınları vurğulayırdı ki, Fazil Mustafaya qarşı cinayət törədildiyi anlarda Süleymanov yaşadığı qəsəbədə olub.

Bu il martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələndiyi bildirilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilirdi: "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb... Həyati təhlükəsi yoxdur".

Ona hücumla bağlı altı nəfərin həbs olunduğu bildirilir.

XS
SM
MD
LG