ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Filip Riker Yerevandadır. Bu haqda Birləşmiş Ştatların Ermənistandakı səfirliyi məlumat yayıb.
“O, sentyabrın 8-10-da Ermənistan Respublikasının rəsmi şəxsləri ilə görüşəcək, Ermənistan və Azərbaycanın uzunmüddətli sülh cəhdlərinə və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə ABŞ-ın dəstəyini müzakirə edəcək”, – məlumatda deyilir.
Dövlət katibi Entoni Blinken iki həftə öncə Filip Rikeri ATƏT-in Minsk qrupuna həmsədr və Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.
2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirir. Rəsmi Bakı Rikerin Minsk qrupu həmsədri kimi təyinatına sərt reaksiya verib.
Riker Gürcüstan və Azərbaycana da səfər edəcək.
ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident İlham Əliyev bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.
ABŞ-ın yüksək rütbəli rəsmiləri isə Minsk qrupunun həmsədrliyinə dəstək bildiriblər.