Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədliyə irəli sürülmüş ittihamlar ağırlaşdırılıb. Bu haqda AzadlıqRadiosuna cəbhəçi fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.
Vəkil bildirib ki, martın 6-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında F.Əhmədli ilə bağlı istintaq hərəkəti keçirilib. Gənc fəal müdafiəçinin iştirakı ilə yenidən dindirilib.
«Fuada əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Bu gün ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli bir daha dindirildi. İfadənin məzmunu barədə məlumat verə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, Fuad heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirdi», – Ə.Mustafayevin sözləridir.
Vəkil əlavə edib ki, ittihamın ağırlaşdırılması F.Əhmədlinin əhval ruhiyyəsinə heç bir təsir göstərməyib.
Cəbhəçi fəala verilmiş əvvəlki maddələrin birində iki, o birisində isə üç ilədək həbs cəzası nəzərdə tutulurdu. Yeni ittihamların sanksiyasında isə səkkiz ilədək cəza var.
XATIRLATMA
Fuad Əhmədli ötən il avqustun 18-də saxlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.
İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
Müdafiə tərəfi ittihamları əsassız adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.
Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.