Son günlər ölkənin siyasi həyatında bir sıra həbslər baş verdi.
Əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən sərhədə saxlandı .Onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia edilərək, xanım siyasətçiyə qarşı qaçaqmalçılıq ittihamı irəli sürüldü. Ardınca da Gürcüstanda oturum izini alan jurnalist Əfqan Muxtarlı saxlanaraq həbs edildi. .Əfqan Muxtarlı Gürcüstandan zorla tutulub gətirildiyini bildirir. Ancaq ona sərhədi qanunsuz pozmaq və qaçaqmalçılıq ittihamı verilib.
Hüquqşünas Fuad Ağayevlə söhbətimizdə ondan baş verən hadisələri hüquqi baxımdan dəyərləndirməsini istəmişik
-Fuad bəy, siz bu baş verənləri hüquqi kontekstdə necə qiymətləndirirsiniz?
“Hüquqi savadları hər gün köhnəlir ”.
-Gözəl Bayramlının Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılması,Bakıya gətirilməsi və cinayət məsuliyyətinə cəlb olunması tamamilə qanunsuzdur. Ona görə ki,Mərkəzi Bankının İdarə Heyətinin 3 mart 2016-cı il tarixli 16/1 saylı qərarına əsasən rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın ölkəyə gətirilməsi, çıxarılması qaydaları təsdiq olunub. Bu qərarla təsdiqlənmiş “Xarici valyutaların gətirilməsi ”qaydalarının 2.1 bəndində konkret göstərilib ki, fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər. Bu bənddən o nəticə çıxır ki, istər 5, istər 100, istərsə 1 milyon dollar üçün valyutanın Azərbaycan ərazisinə gətirilməsi rejimi eynidir.
Belə olan halda, hətta Gözəl Bayramlının üzərində deyilən məbləğ olsaydı da, cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Bilirsiniz ki, 2016-cı il martın 3-dən əvvəlki qərarda nəzərdə tutulmuşdu ki, Azərbaycan ərazisinə gətirilən valyutanın miqdarı 10 min ABŞ dollarından çox olduqda bu barədə şifahi, yaxud yazılı bəyannamə verilməlidir. Görünür, Azərbaycan hüquq-mühafizə orqanları köhnə qaydaları əsas götürüblər, Çünki onların hüquqi savadları hər gün köhnəlir. Lakin Gözəl Bayramlının həbsdə olduğu müddətdə Azərbaycan rəsmi orqanlarının yetərincə hüquqi vəziyyəti araşdırmağa və müəyyənləşdirməyə vaxtları vardı. Ancaq onlar bunu etmək niyyətində deyillər. Əksinə, Gözəl Bayramlının işinin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə verilməsi onu həbs edənlərin niyyətlərinin daha uzağa getdiyini göstərir. Yəni Gözəl Bayramlı haqda daha ağır cinayətlərə dair ittihamlar planlaşdırılır.
Buna da bax: "Gözəl Bayramlıya görə Gürcüstana müraciət"
“Qeyri peşəkarlar kimi düşünə bilmirəm”
-Məsələn, sizin ehtimalınız nədən ibarətdir?
- “Baharın 17 anı” filmində Müllerin bir fikri var: - qeyri peşəkarlar kimi düşünə bilmirəm. Peşəkarlar belə hərəkət etməzlər. İndi Azərbaycan hüquq-mühafizə orqanlarındakı sifariş icra edən qeyri-peşəkarların növbəti hərəkətlərini proqnozlaşdırmaq çətindir. Hər halda, Gözəl Bayramlının hazırda ittiham olunduğu 206.1 maddə ağır cinayət sayılmır. Onun araşdırılması, ibtidai istintaqın keçirilməsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə heç bir aidiyyat yoxdur. Deməli, hansısa bir niyyətlə iş bu idarəyə göndərilib, başqa mülahizə irəli sürmək çətindir.
“Əfqan Muxtarlının bu yolla gətirilməsi...”
-Gözəl Bayramlıdan 4 gün sonra jurnalist Əfqan Muxtarlı saxlanıb. O, Tbilisidə zorla tutularaq Azərbaycana gətirildiyini bildirib. Onun üzərindən də 10 min avro tapıldığı iddia edilir. Hər iki işdə əlaqə görürsünüz?
- Bəzi KİV-lərdə dərc edilən və buiki şəxsin həbsini qabaqlayan, istintaqları müşayiət edən yazılardan bir əlaqənin olduğu görünür. Hər iki işdə çox kobud qanun pozuntuları yer alıb. Əfqan Muxtarlının bu yolla gətirilməsi isə ümumiyyətlə Azərbaycan-Gürcüstan münasibətlərinə bir ləkədir. Həm də, Gürcüstan Respublikası hüquq-mühafizə orqanlarının öz ərazilərinə nəzarət etmək imkanlarını, onların müstəqil hərəkət etmək qabiliyyətlərini şübhə altına alır.
Düşünürəm ki, naməlum şəxslər Gürcüstana sığınan Azərbaycan vətəndaşlarını izləyən vaxtıhüquq-mühafizə orqanları tədbir görməli idilər. Lakin hansısa səbəblərdən onlar bunu etməyib. Əminəm ki, Gürcüstan hüquq-mühafizə orqanları bundan sonra bu istiqamətdə ciddi tədbirlər görəcəklər. Bu məsələləri araşdırmaq üçün qonşu respublikanın müvafiq orqanlarının kifayət qədər resursları və peşəkar kadrları var. Əfsuslar ki, peşəkar kadrlar Azərbaycanda azalmaqdadır.
Buna da bax: ‘Həyat yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaram’
-Son hadisələrdə Dövlət Sərhəd Xidmətinin fəallığı hansı hüquqiamillərdən xəbər verir?
- Tutaq ki, Əfqan Muxtarlını Balakən sərhəd postunda saxlayıblar. Gözəl Bayramlının işinə gəlincə, kiminsə üzərində valyuta olub-olmamasını araşdırması, bununla bağlı yoxlama keçirməsi və cinayət işi başlaması Dövlət Sərhəd Xidmətinin yox, gömrük orqanlarının səlahiyyəti çərçivəsindədir. Eləcə də Əfqan Muxtarlının üzərindəki valyuta ilə bağlı hər hansı araşdırmanın aparılması gömrük xidmətinin səlahiyyətinə aiddir. Bir hadisəni xatırlayıram, 2005-ci ildə “Azpetrol”un sahibi Rafiq Əliyev Azərbaycanı tərk edəndə analoji şəkildə çantasından 36 min dollar “çıxarmışdılar”.
Hansı ki, Rafiq Əliyevin həmin məqamda buna ehtiyacı yox idi, özü də bunu inkar edib dediklərini sübuta da yetirdi. O zaman da istintaqı Dövlət Sərhəd Xidməti apardı. Sonra cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi.
“Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olan bir ölkədə jurnalistin oğurlanması...”
- Siz Gürcüstan hökumət rəsmilərinin, hüquq-mühafizə orqanlarının və digər şəxslərinin hər gün bir-birindən fərqlənən açıqlamalarını oxuyursunuz ,bu barədə nə deyə bilərsiniz?
- Gürcüstan etiraf etməlidir ki, Azərbaycandan qat-qat artıq, demokratik dəyərlərə malik ölkədir. Gürcüstandakı korrupsiyanın miqyası Azərbaycanla müqayisədə 1-2 faiz ola bilər. Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olan bir ölkədə jurnalistin oğurlanması böyük bir ləkədir. Düşünürəm ki, qısa dönəmdə baş verən olay hakimiyyətdəki qüvvələr nisbətinin siyasi baxımdan dəyişməsi ilə nəticələnəcək. Əlbəttə ki, belə bir vəziyyətdən istər hakimiyyətdə, istərsə də müxalifətdə olan qüvvələr istifadə etməlidirlər, edirlər də. Nəzərə alın ki, Gürcüstan Azərbaycandan fərqli olaraq parlament Respublikası olmaq istiqamətdə mühüm addımlar atır. Orada prezidentin səlahiyyətləri azdır, həm də onunla hökumət arasında ciddi ziddiyyətlər var. İlk olaraq, Gürcüstan prezidentinin jurnalistin oğurlanması ilə bağlı açıqlaması xarakterik haldır. İyunun 3-də baş nazirin və digər rəsmi şəxslərin çıxışları vəziyyətin nə yerdə olduğunu bildiklərini göstərir. Çünki Gürcüstanda olan müşahidə kameralarından Azərbaycandan fərqli olaraq, istifadə ediləcək.