Böyük yeddilərin G7 qrupu dövlət sektorunda işləyənlərin maaşlarının ödənməsi və Rusiyanın müdaxiləsinə qarşı mübarizə aparan hökumətin normal fəaliyət göstərə bilməsi üçün Ukraynaya daha 9.5 milyard dollarlıq iqtisadi yardım göstərilməsi barədə qərar qəbul edib.
Almaniyanın maliyyə naziri Kristian Lindner mayın 20-də jurnalistlərə deyib ki, Ukraynaya bu məbləğin ayrılması barədə qərar bu həftə G7 maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin Almaniyada keçirilən sammitində qəbul olunub.
Beləliklə təşkilat bu il indiyədək Ukraynaya toplam 19.8 milyard dollar vəsait ayırıb.
Lindner bu barədə deyib:
“Biz razılaşdıq ki, Ukraynanın maliyyə durumu onun özünü uğurla müdafiə etməsi qabiliyyətini təsirləndirməməlidir”.
Sözü gedən vəsaitə Birləşmiş Ştatlardan verilən 7.5 milyard, Almaniyadan ayrılan 1 milyard dollarlıq qrant daxildir.
Yerdə qalan 1 milyard dollar G7-nin digər üzvləri tərəfindən təşkil oluncaq.
“Biz bütün müharibə boyunca...”
G7 qrupu maliyyə nazirlərinin Bonn şəhərində qəbul edilmiş birgə bəyannaməsində deyilir:
"Biz bütün bu müharibə boyunca və ondan sonra da Ukraynanın yanında olacağıq və daha çox ehtiyacları ödəməyə hazırıq”.
Xəbər verilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ maliyyə nazirlərinin müzakirə etdikləri bütün məsələlərdə qeyd olunurdu:
"Rusiyanın təcavüzkar müharibəsi qlobal iqtisadi fasilələrə səbəb olur, qlobal enerji təchizatı təhlükəsizliyinə, ərzaq istehsalına, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına və ümumilikdə qlobal təchizat zəncirlərinin fəaliyyətinə təsir göstərir”.
Hələ bu görüşdən əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen və başqa liderlər Ukraynaya Rusiyanın təcavüzünə tab gətirə bilməsi üçün əlavə yardımların edilməsi zərurətindən danışmışdılar.
Beynəlxalq Valyuta Fondunun son proqnozunda deyilir ki, Ukrayna iqtisadiyyatında bu il 35 faiz azalma qeydə alına bilər.