Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:51

Gömrükdə it-bata düşən 3 milyardlıq qızıl


Qızıl
Qızıl

-

Ötənilki statistik məlumatlar çox təzadlı olduğundan, gömrükdə baş verən yayınmaları yetərincə açıq illüstrasiya edir.

20 DƏFƏ ARTIMIN DOĞURDUĞU SUAL: NƏ BAŞ VERİR?

Son aylar gömrükdə işlərin qanunlar çərçivəsində aparıldığı deyilir. Görünür, buna inanmağa hələ vaxt lazımdır, çünki əvvəlki illərdə gömrüyün necə çalışması ağlamalı dastanların mövzusudur. Nə isə, son aylara qayıdaq.

Zarafat deyil, bu ilin birinci rübündə Azərbaycana leqal yolla gətirilən qiymətli daş və metalların, üstü qiymətli metalla işlənmiş məmulatların, eləcə də ucuz bər-bəzəyin -mur-muncuq və sikkələrin toplam dəyəri əvvəlki ilin eyni dövrüylə müqayisədə 20 dəfə artıb. Ölkənin qızıla sərmayə yatırdığını söyləmək düz olmaz, axı Azərbaycan Respublikasının Dövlət Neft Fondu son dəfə qızıla 2013-cü ildə pul yatırıb. Okülçələrin ölkəyə gətirilməsi 2014-cü ildə tamamlanıb. Bütün bunlar belədirsə, təbii sual doğur: O zaman nə baş verir?

Gömrük orqanlarında şəffaflıq səviyyəsinin artmasını artıq statistik məlumatlardan da görmək olar. Düzdür, zərgərlik məmulatı alış-verişçiləri 2-ci devalvasiya dalğasından sonra xaricdən gətirilən qızılın kəskin azaldığını deyirlər. Dolayısıyla, qızıl idxalında elə bir artım yoxdur, sadəcə, ölkəyə gətirilən bir çox məhsullar kimi, gömrük qızılın da tam rəsmiləşdirilməsinə başlayıb.

Elə də uzağa getməyə ehtiyac yoxdur. Ötənilki statistik məlumatlar çox təzadlıdır deyə, gömrükdə baş verən yayınmaları yetərincə açıq illüstrasiya edir.

BİR İLDƏ DÖVLƏT BÜDCƏSİNDƏN 140 MİLYON DOLLAR YAYINDIRILIB

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2015-ci ildə Azərbaycana 7 milyon 335 min ABŞ dolları dəyərində qızıl, qiymətli daş və zərgərlik məmulatı gətirilib. Bu,bir il əvvəlkinin cəmi 1.72 faizi deməkdir.

Bəs ölkəyə qiymətli daş və metal göndərən ölkələrin gömrük orqanları bu barədə nə deyirlər? Məsələ də burasındadır ki, qırqızılla bağlı Azərbaycan gömrüyünün ötənilki məlumatları buraya ixracla məşğul 20-dək ölkənin məlumatlarıyla daban-dabana ziddir. Həmin ölkələr ötən il Azərbaycana, iddia olunduğu kimi, 7.3 milyon dollar dəyərində deyil, 399.1 milyon dollarlıq zərgərlik və digər zinət əşyaları göndərdiklərini bildirirlər. Dövlət büdcəsindən yayındırılan məbləği bilməkdən ötrü 15 faizlik gömrük rüsumunu və 18 faizlik Əlavə Dəyər Vergisini hesablamaq yetər. Söhbət bir ildə təxminən 140 milyon ABŞ dollarından gedir.

İXRACATÇI ÖLKƏLƏR BƏYAN EDİR Kİ...

2015-ci ildə Britaniyadan Azərbaycana 286.3 milyon dollar, İsveçrədən – 50.1 milyon dollar, Türkiyədən – 38.2 milyon dollar, İtaliyadan 11.9 milyon dollar dəyərində qiymətli metal və daşlar gətirilib. Bunun cüzi bir hissəsi gömrükdə qeydə alınıb.

2013-2014-cü illərdə Azərbaycana göndərilən qiymətli daş və metalların, zərgərlik məmulatının toplam dəyəri 1 milyard 823.3 milyon dollar olub. Bunu ixracatçı ölkələr bəyan edir.

Azərbaycan gömrüyünün hesablamalarına görə, sərhəddə rəsmiləşdirilən bu çeşid malların toplam dəyəri həmin iki il ərzində 1 milyard 356.4 milyon dollar olub. Bunun əsas hissəsi SOFAR-ın aldığı və həmin illərdə ölkəyə daşıdığı qızıl külçələrinin payına düşür.

Fondun açıqlamalarına görə, onun xətti ilə ölkəyə 30 ton 169 kiloqram qızıl gətirilərək, AMB-nin anbarında saxlanmaqdadır. Həmin qızıl gömrükdə 1 milyard 306.1 milyon dollar dəyərində bəyan edilib. Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi nəticəsində 2014-cü ilin sonunda SOFAR öz qızıl portfelini 902.1 milyon dollar dəyərində qiymətləndirib.

FƏRQƏ BAX!

Azərbaycanın qızıla marağı əvvəlki illərdə də az olmayıb. Di gəl, demək olar, hər dəfə yerli gömrüyün «gözündən yayınmaqla» ölkəyə gətirilib.

İllər

İxracatçı ölkələrin «UN Comtrade» məlumat bazasına təqdim etdikləri məlumatlar əsasında

(min ABŞ dolları)

DGK-nın «UN Comtrade»ə və Dövlət Statistika Komitəsinə təqdim etdiyi məlumatlara əsasən

(min ABŞ dolları)

Fərq

(min ABŞ dolları)

2012

596090

16068

580022

2011

502031

29500

472531

2010

463449

9856.6

453592.4

2009

276767

20467

256300

2008

307330

3626

303704

Cəmi:

2145667

79517.6

2066149.4

Beləliklə, cədvəldən göründüyü kimi, 2008-2012-ci illərdə ölkəyə gətirilən qiymətli metal və daşların dövlət büdcəsinə ödəniləsi vergilərdən yayındırılan hissəsi 2 milyard dolları aşır. Son 3 ildəki qiymət fərqi isə 870 milyon dollara yaxındır.

STATİSTİKA VƏ GÖMRÜK MƏLUMATLARI ÜST-ÜSTƏ DÜŞMÜR

Dövlət Statistika Komitəsinin (DSK) zərgərlik məmulatının pərakəndə ticarətinə dair statistik məlumatları bu təzadlı göstəriciləri tam izah etməsə də, hər halda DGK-nın məlumatlarından xeyli fərqlənir. 2014-cü ilə aid məlumata görə, 2011-ci illə müqayisədə zərgərlik məmulatının pərakəndə satış dövriyyəsi 100 milyon manat artaraq, 167 milyon manata çatıb.

Qızılın topdan ticarəti ilə məşğul bir şirkətin nümayəndəsi AzadlıqRadiosuna zərgərlik məmulatları bazarında durğunluq yaşandığını söyləyib: «Neçə aydan bəridir mal gətirmirik. Nə toy var, nə də qızıla yatırım edən. O birə tərəfdən, həm idxalçılar, həm də dükan işlədənlər banklara çox borclanıblar. Qızılın manat ifadəsilə bahalaşması da alıcıları ondan uzaq salıb».

Ticarətçilərin sözlərinə görə, qızıl Azərbaycanda dünya bazarının nəbzi ilə döyünən çox az sayda əmtəələrdən biridir. Birjalardakı qiymət silkələnmələri Bakıdakı qızıl dükanlarının piştaxtalarında da eyni anda sezilir.

KORRUPSİYA+YÜKSƏK RÜSUM VƏ ƏDV

Azərbaycana qızıl və başqa qiymətli metal məmulatlar təyyarə ilə Bakı Beynəlxalq Hava Limanına gətirilir. İri «oyunçular» olsa da, inhisarlaşmanın olmadığı deyilir: kimin pulu varsa, idxalçı və tacir kimi bu bazara girə bilir. Mal aeroporta daxil olandan sonra gömrük rəsmiləşdirilməsindən keçir və alıcılar arasında «paylaşdırılır».

Ekspertlər deyirlər ki, əvvəlki illərdə ölkəyə gətirilən qızılın əsas hissəsinin qeydiyyata düşməməsinin bir səbəbi korrupsiyadırsa, digəri yüksək rüsum və ƏDV-dir. Xaricdən gətirilən zərgərlik məmulatına tətbiq edilən 36 faizlik vergi və rüsum malı kəskin şəkildə bahalaşdırır. Üstəlik, ötən ildən bəri ticarət məqsədilə çəkisi 20 qramı aşan qızıla, eləcə də platin və almazın idxalına görə aksiz vergisi də müəyyənləşdirilib. Dünənədək, dövlətin zərərinə də olsa, vergi məsələsində «dil tapan» idxalçı və gömrükçülər çətinliklə üzləşiblər: dövlət büdcəsində «yırtıq» yarandığından oyun qaydaları sərtləşib. Vergilər tam şəkildə ödətdirilir.

«ƏDV-Nİ GERİ ALACAĞIMA ÜMİDLİYƏM»

İdxalçılardan biri AzadlıqRadiosuna bildirib ki, indi hər şey qanuna uyğun getdiyindən, yəni mala qaimə-faktura verdiklərindən, gömrükdə ödədiyi ƏDV-ni dövlət büdcəsindən geri alacağına ümid edir. Bu, «vergi təzyiqini» bir qədər yumşaltmalıdır.

Azərbaycanda, demək olar, zərgərlik məmulatı hazırlayan kiçik və orta müəssisə qalmayıb. Hökumət 2012-ci ildə «Zərgərsənaye» İstehsalat Birliyinin əsasında «Azərsuvenir» MMC yaradıb. Onun nə işlə məşğul olduğu barədə məlumat yoxdur. DSK-nın bildirdiyinə görə, ölkədə istehsal olunan zərgərlik məmulatının rəsmi həcmi 2 milyon manatı aşmır.

«VƏZİYYƏT HEÇ ÜRƏKAÇAN DEYİL»

Zərgərlər, həmişə olduğu kimi, fərdi sifarişlər əsasında işləyirlər. «Əvvəllər, az-çox da olsa, müştəri vardı. İndi isə vəziyyət heç ürəkaçan deyil. Müştəri yoxdur. Odur ki, əldə olan qırıntı qızılı Türkiyəyə satmalı oluruq». 15 ilin zərgəri Elçin Məmmədquliyev belə deyir.

Zərgərlik məmulatını satanlar Azərbaycanda bu malların qiymətinin təxminən 2 dəfə bahalaşdığını söyləyirlər (son 2 devalvasiyaya uyğun - manatla dollar nisbətində). DSK-da isə iddia edirlər ki, bu ilin 1-ci rübündə qızıla yatırım edənlərin xərci 27 faiz artıb. Beləcə, sual doğur: İndi alıcı hökumətə inansın, yoxsa verdiyi pula?

XS
SM
MD
LG