Google-un gündəlik həyatımızda yeri ayrıdır. Nəticədə onun axtarış trendləri cəmiyyət olaraq maraqlarımızın mədəni barometrinə çevrilir. 2017-ci ildə bu hay-tek axtarış sistemi bizə qasırğalardan iPhone-lara, bitkoyndan məşhurların seks qalmaqalınadək çox şey göstərib.
Çərşənbə günü Google özünün ənənəvi illik «Year in Search» (Axtarış ili) toplusunda ilin əsas axtarış trendlərini açıqlayıb. «İrma» qasırğası dünyada ən çox axtarılan terminlər arasında birinci olub. «The Today Show» proqramının keçmiş aparıcısı Matt Lauer ən çox axtarılan şəxs olub. O, hətta cinsi təcavüz ittihamları ilə gündəmə gələn məşhurlar – Harvey Weinstein və Kevin Spacey-ni də geridə qoya bilib.
«Necə?»
Bu il dünyada insanları ən çox maraqlandıran adamlar, hadisələr və hətta memləri yaxşı əks etdirə bilmək üçün internet nəhəngi müasir dünyanın ruhunu (tsaytgayst) 15 kateqoriyaya bölərək təsnif edib. «Year in Search 2017» siyahısına əlavə edilmiş videoda Google deyir:
«Bu il biz özümüzə «necə» sualını həmişəkindən daha çox vermişik: «Meşə yanğınları necə başlayır» , «Divar neçəyə başa gələcək»».
İlk baxışdan belə görünə bilər ki, Google istifadəçiləri geosiyasət və qlobal hadisələrlə yaxından maraqlanırlar. Əslində isə «necə» ilə başlayan və ən çox axtarışa verilən sual bu olub: «Suvağı necə düzəltmək olar». Siyahıda beşinci yeri «fidcet spinneri necə düzətməli» sualı tutur.
Siyahı bu il keçən ildəkinə nisbətən daha yüksək traffik sıçrayışları yaratmış terminlər əsasında tərtib edilib. 2016-cı ildə ən çox axtarılan terminlər arasında «Pokemon Go», Olimpiya Oyunları, Prince və David Bowie kimi dünyasını dəyişən məşhurların adları var idi.
«İrma» qasırğası həm ABŞ, həm də dünyada ən çox axtarılan terminlər arasında birinci yerə çıxıb. Ancaq dünya daha çox iPhone 8 və iPhone X-la maraqlandığı halda, ABŞ əhalisi daha çox Matt Lauer (o, 1997 - 2017-ci illərdə NBC kanalının «The Today Show» səhər proqramının aparıcısı olub) və Tom Petty-ni (2017-ci ildə vəfat etmiş amerikalı bəstəkar, müğənni və aktyor) axtarıb.
Google-un 2017-ci il üçün dünya üzrə axtarış trendlərinin ilk beşliyi:
1. «İrma» qasırğası
2. iPhone 8
3. iPhone X
4. Matt Lauer
5. Meghan Markle (amerikalı aktrisa, Britaniya şahzadəsi Harry-nin nişanlısı)
Google-un 2017-ci il üçün dünya üzrə xəbər axtarış trendlərinin ilk beşliyi:
1. «İrma» qasırğası
2. Bitkoyn
3. Las Veqasda atışma
4. Şimali Koreya
5. Günəş tutulması
Google-un 2017-ci il üçün «necə etməli» tipli suallar trendinin ilk beşliyi:
1. Suvağı necə düzəltməli
2. Gün tutulmasına baxmaq üçün eynəyi necə düzəltməli
3. Bitkoynu necə almalı
4. Mayweather və McGregor-un döyüşünə necə baxmalı (söhbət peşəkar boks yarışından gedir)
5. Fidcet spinneri necə düzəltməli
Qeyd edək ki, bu siyahıda 10-cu yeri «qarın piylərini necə əritməli» sualı tutur.
Google-un 2017-ci il üçün ən çox axtarılan insanlar trendinin top beşliyi:
1. Matt Lauer
2. Meghan Markle
3. Nadia Toffa (italiyalı televiziya aparıcısı)
4. Harvey Weinstein
5. Kevin Spacey
2016-cı ildə bu siyahıya Donald Trump, Hillary Clinton, Michael Phelps (üzgüçülük üzrə Olimpiya çempionu), Melania Trump və Simone Biles (amerikalı gimnast, Olimpiya çempionu) başçılıq edirdi.