“Ev növbəsinə dayanan əlillər qaldı kənarda, mənzilləri əlilliyi olmayanlara satdılar”.
Bunu AzadlıqRadiosu-na öhdəsində iki əlil olan və 19 ildir ki, kirayələrdə yaşayan Yeganə Səlimova deyir. O, gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzillərinin heç bir əlilliyi olmayan insanlara satıldığını iddia edir.
2015-ci il, dekabrın 24-də ölkə başçısı İlham Əliyev bu ünvanda olub və gözdən əlillər üçün inşa edilmiş binanın açılışını edib.
Buna da bax: Azərbaycanda 530 mindən çox əngəlli insan var
“MƏNZİLLƏR ƏLİLLİYİ OLMAYANLARA VERİLİB”
Binanın açılışını səbirsizliklə gözləyən əlillər açılışdan sonra xəbər tutublar ki, mənzillər başqalarına satılıb. Yeganə Səlimova belə deyir:
“Oğlum Rəşad Səlimli gözdən ikinci qrup əlildir. 2012-ci ildən mənzil növbəsində olsa da, bir gün xəbər tutduq ki, prezidentin göstərişi ilə gözdən əlillər üçün tikilmiş binada mənzil qalmayıb. Oğlumun növbəsini hər dəfə geri çəkirdilər. İllərlə həsrətlə gözlədiyimiz gün gəlib çıxmadı. Buna icra hakimiyyəti ilə Gözdən Əlillər Cəmiyyəti imkan vermədi. İndi o binada əlilliyi olmayan, bir də başqa yerlərdə mənzilləri olanlar həyatını sürür. Evə ehtiyacı olan və o binadan mənzil gözləyən insanlarsa kirayələrdə sürünməkdədir”.
Buna da bax: 'İcra hakimiyyətləri bina üzərində oyun qurdular'
Nərimanov rayon icra hakimiyyəti ittihamları qəbul etmir. Qurumdan bildirilib ki, ev növbəsi siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edib. Binadakı mənzil bölgüsünün icra hakimiyyətinə aidiyyəti yoxdur. Nazirlikdənsə bildirilib ki, siyahını bu quruma Azərbaycan Gözdən Əlillər Cəmiyyəti verib.
PROKURORLUĞA MÜRACİƏT EDİBLƏR, AMMA...
Hüquqşünas Vaqif Alıyev deyir, əgər şikayətçilərin əlində mənzillərin gözdən əlilliyi olmayan şəxslərə satıldığını təsdiqləyən sənədlər varsa, prokurorluğa müraciət edə bilərlər. Ancaq Səlimovlar ailəsi baş prokurorluğa müraciət ediblər. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının və Gözdən Əlillər Cəmiyyəti sədrinin əlbir olaraq 132 mənzilli binadakı mənzilləri kənar şəxslərə satmaları ilə bağlı araşdırma tələb ediblər. Ötən ay baş prokurorluqdan aldıqları cavab məktubunda isə bildirilib ki, şikayətdə qeyd olunanlar tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Buna da bax: 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'
Bu cavabsa əlil ailəsini razı salmayıb. Yeganə Səlimova:
“Biz prokurorluqdan elə həmin qurumun əməkdaşlarının əməllərini araşdırmasını istəmişik. Prokurorluq da şikayətimizi həmin quruma göndərib. Bu, vətəndaşı ələ salmaq, heysiyyatı ilə oynamaqdır. Mən deyirəm ki, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi saxtakarlıq edib, cinayət edib, gözdən əlilin evini saxtakarlıqla başqalarına satıb. Bunlarsa deyir, şikayətinizi həmin saxtakarlara göndərdik, özləri öz əməllərini araşdırıb tədbir görsünlər”.